İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşmüş azərbaycanlılarla bağlı mühüm müzakirələr başlayır - ÖZƏL

Bu gün İsveçrənin Cenevrə şəhərində BMT-nin Məcburi İtkin Düşmələr üzrə Komitəsinin (CED) 31-ci sessiyası öz işinə başlayır. Sessiya 14–24 sentyabr tarixlərində Cenevrə şəhərindəki Millətlər Sarayında (Palais des Nations) keçiriləcək.

Musavat.com-un məlumatına görə, bu komitə bütün şəxslərin məcburi itkin düşmələrdən müdafiəsi haqqında Konvensiya əsasında yaradılmış bir orqandır.

Sessiyada iştirak edən hüquqşünas, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Musavat.com-a özəl açıqlama verib.

SAHİB SON.jpg (32 KB)

Onun sözlərinə görə, Azərbaycandan iki qeyri-hökumət təşkilatı - Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası ilə İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi - birgə alternativ hesabat təqdim edib:

“Yəni bir təşkilat, ikisi bir yerdə, bir də Beynəlxalq Avrasiya Mətbuat Fondu. Ermənistan da bu Konvensiyanın iştirakçısıdır və artıq özünün ikinci dövri hesabatını təqdim edəcək. Biz Ermənistanın öz hesabatında 4 010 nəfər, bu günə qədər itkin düşmüş şəxslər barədə bir kəlmə belə heç nə yazmadığını müəyyən etmişik. Biz də bunu tənqid edən alternativ hesabatlar vermişik və sabah, yəni yerli vaxtla saat 13:45-dən 14:45-dək Millətlər Sarayında Komitə üzvləri üçün brifinq keçiriləcək. Biz bəyanatla çıxış edəcəyik və eyni zamanda Komitə üzvlərinin suallarına cavab verəcəyik. Hesabatlarımız da BMT-nin veb səhifəsində Ermənistanın hesabatı ilə yanaşı açıq şəkildə yerləşdirilib. Biz bəyanatla çıxış edəcəyik və eyni zamanda Komitə üzvlərinin suallarına cavab verəcəyik”.

Sahib Məmmədov daha sonra bunları bildirib:

“Məqsədimiz odur ki, Komitənin 31-ci sessiyasının yekun sənədində - ona “Concluding Observations” deyilir və çox mühüm sənəddir - ən azı bir fəsil bu məsələyə həsr olunsun və Ermənistandan tələb olunsun ki, itkin düşmüş şəxslərin taleyi barədə Azərbaycana məlumat versin. Bundan əvvəl bizim təşkilat, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, 2024-cü ildə İrqi Ayrı-seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasında buna nail olmuşdu. Həmin Komitə Ermənistanın qarşısında tələblər irəli sürüb. 2025-ci ilin may ayında İşgəncələrə Qarşı Komitənin də sessiyasında biz bu məsələni qaldırmışdıq ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin bir çoxu, o cümlədən uşaqlar, qadınlar, ahıllar əzabla, işgəncə ilə qətlə yetirilib. Həmin Komitə də Ermənistana qarşı tələblər irəli sürüb və bu məsələnin təhqiq olunması, günahkarların cəzalandırılması, qurbanların ailələrinə kompensasiyaların verilməsi ilə bağlı Ermənistanın qarşısında tələb qoyub”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR