Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Namanqan vilayətinin sakini Rusiya ordusunda muzdlu döyüşçü olduğu üçün məhkum edilib.
Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, 30 yaşlı R.S. bir neçə il əvvəl işləmək üçün Rusiyaya gedib. Orada narkotik qaçaqmalçılığında təqsirli bilinib, həbsə düşüb, 9 il 6 ay ay müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin sentyabr ayında Rusiya Müdafiə Nazirliyinin nümayəndələri R.S.-nin cəza çəkdiyi Nevyanskdakı (Sverdlovsk vilayəti) islah müəssisəsinə gələrək məhkumlara Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün bir illik müqavilə təklif ediblər.
Əvəzində onlara əfv, ayda 200.000 rubl maaş və Rusiya vətəndaşlığı vəd edilib. Məhkəmə sənədlərinə görə, bundan sonra R.S. 4 yanvar 2025-ci ildə Müdafiə Nazirliyi ilə 1 illik müqavilə imzalayıb.
Təqsirləndirilən şəxs hadisələrlə bağlı öz versiyasını məhkəmədə belə nəql edib ki, əvvəlcə heç kim muzdlu döyüşçü olmaq təklifi ilə razılaşmayıb, ancaq həbsxana rəhbərliyi heç bir əsas olmadan bütün qeyri-rus məhbusları şəraiti pis olan həbsxana korpusuna doldurmağa başlayıblar. “Mən 3 oktyabr 2024-cü ildə ora çatdım. Həbsxanadakı şərait olduqca sərt idi - rütubətli, divarlardakı çatlar və çox soyuq", - deyə o bildirib.
R.S.-nin sözlərinə görə, bu həbsxanada cəza çəkənlərə qarşı psixoloji və fiziki təzyiq göstərilib. "Həbsxana rəisinin birinci müavini bildirdi ki, müharibəyə getməyə razı olan və müqaviləni imzalayan hər kəs həbsxanadan azad ediləcək, razılaşmayanlar isə azadlığa buraxılmayacaq və burada öləcək. Bundan sonra, 4 yanvar 2025-ci ildə ölümdən qaçmaq üçün digər məhkumlarla birlikdə bir illik müqavilə imzalamağa məcbur oldum", - deyə təqsirləndirilən şəxs bildirib.
5 yanvarda R.S. digər məhbuslarla birlikdə Rusiyanın nəzarətində olan Donetsk vilayətindəki Metalist kəndindəki təlim poliqonuna göndərilib. Orada o və digərləri 10 günlük hərbi təlim keçib, "Saydul" çağırış nişanı altında motoatıcı kimi xidmətə başlayıb və digər hərbçilərlə birlikdə Ukraynada yerləşən Zverevo kəndi istiqamətində döyüş əməliyyatlarında iştirak etmək üçün göndərilib.
"Döyüş zonasına girməzdən əvvəl biz “Kalaşnikov” avtomatı, güllə keçirməyən jilet, dəbilqə, dörd güllə sandıqçası və dörd qumbara ilə silahlanmışdıq. Bölmə komandiri geri çəkilməyə çalışan hər kəsin dərhal güllələnməsi əmrini verdi və bundan sonra döyüşə başladıq", - deyə R.S. bildirib.
16 yanvarda Ukrayna qoşunlarının hücumu zamanı R.S. hər iki dizindən, sinəsindən, qabırğalarından və boynundan yaralanıb. Onun sözlərinə görə, digər əsgər yoldaşları öldürülüb. 24 yanvardan 21 marta qədər R.S. hərbi hospitalda müalicə alıb, sonra Yekaterinburqdakı tibb müəssisəsindən qaçıb və Moskvadakı Özbəkistan səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən vətənə qayıtmaq üçün arayış aldıqdan sonra o, 28 mart 2025-ci ildə Özbəkistana gəlib.
R.S. müharibədə iştirak etməyə məcbur edildiyini, maddi marağının olmadığını, əməllərindən peşman olduğunu və məhkəmədən yüngül cəza istədiyini bildirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində müəyyən edilmiş muzdlu fəaliyyətdə təqsirli bilinib. Bu maddəyə əsasən cəza 5 ildən 10 ilə qədərdir. Lakin məhkəmə onun danışdığı hekayətin doğru olduğu qənaətinə gəlib və sonda R.S.-ni 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
O, cəzasını yaşayış yerində çəkəcək, rayon polisinin razılığı olmadan yaşayış yerini dəyişə və ya Namanqan vilayətini tərk edə bilməz.
Qeyd edək ki, bənzər olaylar Rusiya həbsxanalarında cəza çəkən azərbaycanlıların da başına gəlib. Onların bir xeylisi şantaj yolu ilə cəlb edildikləri müharibədə həlak olub.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ