Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun xanımı Fatimə İsmayılova tələbə adını qazanıb. O, Odlar Yurdu Universitetinin “Turizm işinin təşkili” ixtisasına qəbul olunub.
Şəhid xanımı Musavat.com-a açıqlamasında bildirib ki, 2007-ci ildə ali məktəbə daxil olsa da, həyat yoldaşının xidməti ilə əlaqədar təhsilini yarımçıq qoymalı olub. İllər sonra isə təhsilini davam etdirmək qərarına gəlib.
Fatimə İsmayılova deyib ki, onun üçün tələbə adını qazanmaqdan daha vacib olan övladlarına nümunə göstərməkdir:
“Övladlarıma verəcəyim ən böyük mesaj onları həmişə oxumağa, özlərini inkişaf etdirməyə həvəsləndirməkdir. Öz tələbə adımı qazanmaqdan daha çox, övladlarıma verdiyim bu nümunə məni sevindirir. Əvvəlki ixtisasım “sosial iş” idi, bu il isə “Turizm işinin təşkili” ixtisasına qəbul olundum. Qızım Əsmət gələn il ali məktəbə daxil olmaq üçün imtahan verəcək. Düşünürəm ki, təhsilə ayrılan vaxt və yatırılan əmək heç vaxt hədər getmir”.

Şəhid xanımı bildirib ki, artıq 6 ildir bu həyat rejiminə uyğunlaşıb:
“Kənardan çətin görünə bilər, amma biz xüsusi təyinatlı ailəsiyik. Camal bizi elə tərbiyə edib və yönəldib ki, onun yolu ilə davam edirəm. O da işinin çətinliyinə baxmayaraq, həmişə təhsilini davam etdirər, öz üzərində çalışardı. Mən də bu yolla addımlayaraq üç övladıma gözəl nümunə olduğum üçün çox xoşbəxtəm. Oğlum Alparslan məktəbəqədər hazırlığa gedir, qızım isə tezliklə məzun olacaq. İnşallah, gələn il qızımla birlikdə tələbə olacağıq. Ailəmiz üçün çox sevindirici haldır”.
Fatimə İsmayılova övladlarının onun təhsilinə münasibətindən də danışıb:
“Alparslan kiçik olduğu üçün hələ tam anlamır, amma gözünü açandan mənim oxuduğumu görür. Birinci dəfə qəbul olunanda onun 2 yaşı var idi. İndi də zarafatla deyir: “Ana, hələ də bitirmirsən?””

Qeyd edək ki, Vətən müharibəsində xüsusi şücaəti ilə seçilən hərbçilərimizdən biri Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılov olub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən hərbçimizə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. O, həmçinin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
C.İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının, Ərgünəş yüksəkliyinin və Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Camal İsmayılovun da daxil olduğu 15 nəfərlik Xüsusi Təyinatlı Qüvvələr qrupu, eləcə də digər dəstələrdən olan 30 hərbçi oktyabrın 19-da Qubadlı istiqamətində mühüm strateji mövqelər uğrunda döyüşə girib. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub.

Şahanə Rəhimli
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ