Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavini, "Vahid Rusiya" partiyasından deputat Rizvan Qurbanovun bahalı əmlakını gizlətmək üçün həyat yoldaşı ilə formal boşandığı iddia edilir.
Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, araşdırma müəlliflərinin iddiasına görə, Qurbanov həyat yoldaşı Lima Mudunova ilə yalnız formal şəkildə boşanıb.
Bildirilir ki, rəsmi boşanmaya baxmayaraq, onlar birlikdə mütəmadi xarici səfərlərə çıxmağa davam edirlər.
Araşdırmada qeyd olunur ki, 2021-ci ildə deputatın keçmiş həyat yoldaşının adına Moskva ətrafındakı Rublyovkada yerləşən "Razdorı-2" elit kottec qəsəbəsində malikanə və torpaq sahəsi rəsmiləşdirilib. Həmin əmlakın təxmini dəyərinin 525 milyon rubl olduğu bildirilir.
Bundan başqa, Lima Mudunovanın Moskvada təxminən 130 milyon rubl dəyərində mənzilə, eləcə də Dubayda apartamentə sahib olduğu iddia olunur.
Məqalədə vurğulanır ki, Rizvan Qurbanov Dövlət Dumasında formal olaraq Başqırdıstanı təmsil etsə də, əslən Dağıstandandır və həmin regionla faktiki əlaqəsinin zəif olduğu bildirilir.
Araşdırmaçı jurnalist Sergey Yejov isə hesab edir ki, korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbərliyində təmsil olunan şəxsin gəlirlərini bu cür sxemlə gizlətməsi "Vahid Rusiya" nümayəndələri arasında mövcud olan ikiüzlülüyün göstəricisidir.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ