İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil bazarı BELƏ DƏYİŞƏCƏK...

Azərbaycanda tikinti sektorunda keyfiyyət və təhlükəsizlik tələblərinin yenilənməsi istiqamətində növbəti addım atılıb. Azərbaycan Standartlaşdırma İnstitutu tikinti materialları, məmulatları və konstruksiyaları ilə bağlı 23 yeni dövlət standartı qəbul edib.

Bildirilir ki, məqsəd bu sahədə tətbiq olunan keyfiyyət meyarlarını beynəlxalq tələblərə uyğunlaşdırmaq, tikinti məhsullarının təhlükəsizliyini artırmaq və müasir standartların tətbiqini təmin etməkdir.

Qəbul edilən yeni dövlət standartları beton və dəmir-beton məmulatları, metal konstruksiyalar, istilik və səs izolyasiya materialları, tikinti məhsullarının sınaq metodları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri kimi müxtəlif istiqamətləri əhatə edir.

Məqsəd tikinti materiallarının beynəlxalq standartlara uyğun istehsalını və istifadəsini təmin etmək, istismar zamanı yarana biləcək riskləri minimuma endirməkdir.

Bəs yeni standartlar tikinti bazarında hansı dəyişikliklərə səbəb olacaq? Onlar tikilən binaların keyfiyyətinə və təhlükəsizliyinə real təsir göstərə biləcəkmi? Yeni tələblər tikinti şirkətləri üçün əlavə öhdəliklər yaradacaqmı və bu, mənzil qiymətlərinə təsirsiz ötüşəcəkmi?

Elnur-Azadov-900x622-1.jpg (122 KB)

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bu standartların tətbiqi daha çox ölkədə inşaat materialları sahəsində yaşanan neqativ halların və problemlərin aradan qaldırılmasına yönəlib. Ölkəmizdə ən geniş standartlar 1980-ci illərdə, sovet dövründə müəyyən olunmuş konkret QOST-lar idi və onların icrası hökumət tərəfindən ciddi nəzarətdə saxlanılırdı. Zaman keçdikcə milli standartlarımızın ərsəyə gəlməsinə ehtiyac yarandı. Hazırda hansı sahələrdə müxtəlif problemlərin olduğunu, harada təşviq və nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini düşünsək, bu sektorda ilk növbədə həmin məqamları önə çəkməliyik. Əslində, normativlər baxımından Azərbaycan Respublikasında kifayət qədər milli standartın olmadığı müşahidə edilir. Mövcud standartların çoxu hələ sovet dövründə tətbiq edilən vaxtlardan qalıb. Ona görə də bu standartların ciddi şəkildə təkmilləşdirilməsinə və yenilənməsinə ehtiyac var. Misal üçün, bir çox inşaat materiallarının, bəzək əşyalarının, eləcə də elektronika və elektrotexnika mallarının Çin məhsulları ilə rəqabət apara bilmədiyi məlumdur. Çindən ölkəmizə çox böyük həcmdə bu növ materiallar gətirilir və onlar ixracat üçün nəzərdə tutulmuş qaydada istehsal olunur”.

Ekspert əlavə edib ki, Çinin daxili bazarı üçün çox ciddi qaydalar və nəzarət mexanizmi mövcuddur:

“Bu mexanizm daxildə hər hansı təhlükəli, keyfiyyətsiz mal və ya məhsulun satışının qarşısını alır. Lakin məhsulu xaricə çıxarmaq və satmaq üçün onlarda belə bir ciddi məsuliyyət yoxdur. Bu baxımdan, bəzi iş adamlarının inşaat materiallarının tərkibi, keyfiyyəti və digər normativləri barədə anlayışı olmadığına, həmçinin ölkəmizdə müvafiq milli normativlərin əksikliyinə görə həmin keyfiyyətsiz məhsullar Azərbaycana gətirilərək satılır. Hesab edirəm ki, əsas səbəb budur”.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində tikinti materiallarının keyfiyyətinə nəzarət tikintinin təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur. Xüsusilə Avropa İttifaqında tikinti məhsulları vahid qaydalar əsasında qiymətləndirilir. Bazara çıxarılan bir çox tikinti materialı əvvəlcə laborator sınaqlardan keçir, onun yanğına davamlılığı, daşıyıcılıq qabiliyyəti, istilik və səs izolyasiyası, insan sağlamlığına və ətraf mühitə təsiri yoxlanılır. Yalnız müəyyən edilmiş texniki göstəricilərə cavab verən məhsullar bazara buraxılır və müvafiq uyğunluq sənədləri ilə satışa çıxarılır. Avropa İttifaqında tikinti məhsullarının böyük hissəsi üçün CE uyğunluq nişanı tələb olunur. Bu nişan məhsulun Avropa standartlarına uyğun qiymətləndirildiyini və istehsalçının məhsulun texniki göstəricilərinə görə məsuliyyət daşıdığını göstərir. Bununla yanaşı, məhsulun bazara çıxarılması üçün onun texniki xüsusiyyətlərini əks etdirən “Performans Bəyannaməsi” (Declaration of Performance) hazırlanır. Bu sənəd məhsulun hansı göstəricilərə malik olduğunu layihəçilərə, podratçılara və nəzarət orqanlarına şəffaf şəkildə təqdim edir.

İnkişaf etmiş ölkələrdə nəzarət yalnız istehsal mərhələsi ilə məhdudlaşmır. İdxal olunan tikinti materialları da mütəmadi monitorinq olunur, bazardan nümunələr götürülərək yenidən laborator analizlər aparılır. Standartlara cavab verməyən məhsulların satışı qadağan edilir, istehsalçı və idxalçılar isə ciddi maliyyə sanksiyaları ilə üzləşə bilirlər. Bu yanaşma bazarda keyfiyyətsiz məhsulların dövriyyəsini minimuma endirməyə xidmət edir.

Mütəxəssislərin fikrincə, Azərbaycanın qəbul etdiyi yeni standartların əsas məqsədlərindən biri də məhz bu cür beynəlxalq təcrübəyə yaxınlaşmaq, tikinti materiallarının keyfiyyətinə nəzarəti gücləndirmək və bazarda təhlükəli, keyfiyyətsiz məhsulların istifadəsini minimuma endirməkdir. Lakin bunun üçün təkcə standartların qəbul edilməsi kifayət etmir. Onların real tətbiqi, müstəqil laboratoriyaların fəaliyyəti, effektiv bazar nəzarəti və pozuntulara görə məsuliyyət mexanizmlərinin də eyni dərəcədə güclü olması vacib hesab edilir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

30 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR