İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sərhədlə bağlı YENƏ nikbin danışdı – Türkiyənin şərti dəyişib?

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ilk dəfə keçirilən “Ermənistan – Böyük Britaniya 2026” biznes forumunda bildirib ki, TRIPP layihəsinin (Zəngəzur dəhlizi) praktiki icrasına keçidlə bağlı gündəlik iş aparılır. Onun sözlərinə görə, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq yaxın perspektivdə Ermənistan-Türkiyə sərhədinin açılması, həmçinin Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin yaradılması gözlənilir.

Məlumdur ki, Türkiyə-Ermənistan sərhədinin açılmasının şərti TRİPP layihəsinin icrası olmayıb. O halda Paşinyanın sərhədin açılmasını bu layihə ilə paralelləşdirməsi nədən xəbər verir? Türkiyənin şərti dəyişib ki?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Nikol Paşinyanın sərhədlərinin açılmasını Zəngəzur dəhlizinin açılmasına bağlaması doğru yanaşma deyil: “Düşünmürəm ki, Türkiyə tərəfi sərhədlərin açılmasını məhz Zəngəzur dəhlizi-TRİPP layihəsi ilə əlaqələndirir. Türkiyə rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədin açılması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə paralel həyata keçiriləcək. Yəni Ermənistanla Azərbaycan sülh müqaviləsini imzalayır və ardınca da Türkiyə ilə sərhədlər açılır. Hazırkı vəziyyətdə Nikol Paşinyanın bu açıqlaması hesab etmirəm ki, Türkiyənin şərtlərinin dəyişməsi deməkdir. Paşinyan sadəcə o fikri öz fikri və ya arzusu kimi ifadə edə bilər. Çünki şərt dəyişməyib. Bunu Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər”.

Politoloq qeyd edib ki, əslində Tramp marşrutunun açılması prosesi daha uzun müddətə reallaşa bilər, nəinki sülh müqaviləsinin imzalanması: “Əgər hələ Ermənistanın dediyi kimi, gələn ilin əvvəlində iş başlayacaqsa ən azı iki il ərzində dəhlizin inşası həyata keçiriləcək. Bu da kifayət qədər vaxt deməkdir. Amma Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün tək şərt Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının referendum keçirilməklə ləğv edilməsidir. Ermənistan bunu yaxın vaxtlarda etsə, dərhal sülh müqaviləsi imzalanacaq. Deməli, bunun üçün çox vaxta ehtiyac yoxdur. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistanda konstitusiya dəyişikliyi həyata keçirilsə dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR