İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts Zelenskiyə ultimatum verdi

Yayda Ukraynadan gənc kişilərin çıxışına qoyulan məhdudiyyətlərin yumşaldılmasından sonra onların Almaniyaya gəliş sayı kəskin şəkildə artıb. Almaniya cəmiyyətinin bir hissəsi və kansler Fridrix Merts bundan narazıdır.

Musavat.com xəbər verir ki, o, prezident Volodimir Zelenskiyə vəziyyəti düzəltməyi xahiş edib.

Mertsə görə, gənclər Ukraynanı müdafiə etməli, Avropa İttifaqı ölkələrində gizlənməməlidirlər.

Müharibənin əvvəlindən etibarən yetkinlik yaşına çatmış kişilərin Ukraynadan çıxışı qadağan edilmişdi. Lakin üç ay əvvəl hakimiyyət bu qadağanı yumşaltmaq qərarına gəldi - məqsəd daha əvvəl ölkəni tərk edənlərin geri dönməsini asanlaşdırmaq idi. Onlar Ukraynaya qayıtdıqdan sonra “çölə çıxa bilməyəcəkləri” qorxusundan azad olacaqlarını düşünürdülər. Nəticədə ölkəyə gələn 18–22 yaşlı ukraynalı kişilərin sayı avqustun sonunda həftədə 19 nəfərdən oktyabrda həftədə 1400–1800 nəfərə yüksəlib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Merts Zelenskidən bu axını dayandırmağı xahiş edib. O deyib:

“Prezidentlə uzun telefon danışığı zamanı ondan xahiş etdim ki, xüsusilə gənc ukraynalıların böyük - getdikcə artan - sayda Almaniyaya gəlməsinin qarşısı alınsın. Onlar öz ölkələrinə xidmət etməlidirlər. Onlara orada ehtiyac var”.

Hakim koalisiyada hesab edirlər ki, Almaniyadakı ukraynalı gənclərin artması cəmiyyətin Ukraynadan olan qaçqınlara göstərdiyi dəstəyi azalda və “Almaniya üçün Alternativ” kimi ultra-sağ populistlərə əlavə üstünlük verə bilər. Politico yazır ki, Bavariya baş naziri və Mertsin müttəfiqi Markus Zöder artıq xəbərdarlıq edib: əgər Kiyev gələn qaçqınların sayını azaltmasa, Avropa İttifaqının müvəqqəti müdafiə üzrə Direktivi məhdudlaşdırıla bilər.

Bu direktiv ukraynalılara avtomatik olaraq “mühafizə olunan şəxs” statusu verir. Ümumilikdə, müharibə başlayandan bəri Almaniya təxminən 1,2 milyon ukraynalı qaçqın qəbul edib.

Bu arada Ukrayna Silahlı Qüvvələri cəbhədə kəskin şəkildə əsgər çatışmazlığı yaşayır. Məhz bu çatışmazlıq səbəbilə, insan itkilərini nəzərə almayan Rusiya ordusu Pokrovsk istiqamətində irəliləyə bilib və şəhərin ələ keçirilməsi və ətrafdakı Ukrayna bölmələrinin mühasirəyə düşməsi təhlükəsi yaranıb. Ukraynalı hərbçilərin sözlərinə görə, Donetsk cəbhəsinin bəzi sahələrində hücum edən qüvvələrin sayı müdafiəçiləri 10 dəfə üstələyir, bəzi mövqelərdə isə müdafiəni faktiki olaraq yalnız dronlar saxlayır - canlı qüvvə olmadan.

Rochan Consulting şirkətinin direktoru, polyak analitik Konrad Muzıka Financial Times-a bildirib ki, Ukraynanın quru qoşunlarının sayı artmır, əksinə azalır. Bunun səbəblərindən biri də çağırışçıların təlimdən sonra cəbhəyə getməmək üçün qaçmasıdır.

Pokrovsk yaxınlığında döyüşən hərbçi Artyom Karyakin şəhərin itirilməsi riskinə dair deyib:

“Əgər daha çox insanımız və yüzlərlə, heç olmasa minlərlə ballistik raketimiz olsaydı, bütün bunların qarşısını almaq mümkün idi… Bu ölçüdə şəhəri azad etmək üçün çox böyük sayda insan lazımdır və düşünmürəm ki, hazırda bu qüvvə mövcuddur”.

25 yaşadək kişilər hərbi çağırışa cəlb olunmur - hökumət müharibədən sonra ölkənin demoqrafik böhranla üzləşəcəyindən ehtiyat edərək gənc nəsli qorumağa çalışır. Gəncləri yüksək maaşlı müqaviləli xidmətlə cəlb etmək səyləri isə ciddi nəticə verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR