İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli komandanın sabiq futbolçusu xəstəxanadan kömək istədi – VİDEO

Azərbaycan millisinin və "Kəpəz" klubunun sabiq futbolçusu Faiq Cabbarov səhhətində yaranan ciddi problemlə əlaqədar yardım istəyib.

Musavat.com xəbər verir ki, bununla bağlı "Kəpəz"in veteran futbolçuları Cabbarovun Gəncədə müalicə aldığı xəstəxanadan görüntülər paylaşaraq onun təcili müalicəyə ehtiyacı olduğunu bildiriblər.

Onların sözlərinə görə, veteran futbolçunun ayağında ciddi problem yaranıb. Hazırda Gəncədə müalicə alan Faiq Cabbarov müayinəsini və müalicəsini Bakıda yerləşən ixtisaslaşmış klinikalardan birində davam etdirmək istəyir.

Veteran futbolçular bu məqsədlə AFFA rəhbərliyinə müraciət edərək ona dəstək göstərilməsini xahiş ediblər.

Qeyd edək ki, Faiq Cabbarov Azərbaycan futbolunun tanınmış simalarından biridir. O, müxtəlif illərdə "Kəpəz", "Neftçi" və "Şəmkir" klublarının formasını geyinib, həmçinin Azərbaycan milli komandasının şərəfini qoruyub. Cabbarov 1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib.

Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Faiq Cabbarov əvvəlcə "Göygöl", daha sonra "Gilan" klublarında çalışıb. O, sonradan "ABN Bərdə" və "Şəmkir" komandalarında da məşqçi kimi fəaliyyət göstərib. Son iş yeri "Şəmkir" olub.

Bir müddət Rusiyada aşpaz kimi çalışan veteran futbolçu daha sonra Azərbaycana qayıdıb. Faiq Cabbarov ötən il də məşqçilik fəaliyyətini bərpa etmək məqsədilə AFFA-dan ona C kateqoriyalı məşqçi lisenziyasının verilməsini xahiş etmişdi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR