İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvanın Bakıdan narazılığı özünü belə göstərə bilər...” – Partiya sədri

Azərbaycan-Ukrayna münasibətlərində daha da yaxınlaşma, əməkdaşlığın gücləndirilməsi kursu götürüldüyü müşahidə olunur. Xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri, ən yüksək səviyyədə qəbul edilməsi də bunun təsdiqidir. Ukraynaya qarşı müharibə aparan Rusiyanın isə Kiyevlə əməkdaşlıq edənlərə xoş yanaşmadığı da sirr deyil.

Bəs Rusiya tərəfi belə gedişatdan narazı qala və Azərbaycana qarşı hansısa addımlara gedərmi?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Ceyhun Bayramov Kiyevdə Ukrayna rəhbərliyi tərəfindən yüksək səviyyədə qəbul olunub, bu da onu göstərir ki, Bakı və Kiyev əlaqələri yeni mərhələyə keçirmək niyyətindədir.

mutellim rehimov e1746520125131

Siyasətçinin fikrincə, bu addım Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsi kimi qiymətləndirilməlidir və Bakı Ukrayna ilə münasibətləri inkişaf etdirməklə Rusiyaya qarşı blok siyasəti yürütmür: “Ölkəmiz həmişə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsində maraqlı olduğunu göstərib. Bununla belə, Azərbaycan müharibə başladığı vaxtdan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edib. Müharibədən zərər çəkənlərə humanitar yardım göstərib, eyni zamanda, Rusiya ilə münasibətlərini kəsməyib. Son vaxtlar Azərbaycanla Ukrayna arasında siyasi təmasların artması prosesindən Rusiya narahatlıq duysa da, Azərbaycana qarşı açıq və sərt addımlar atmır. Görünür, bu məsələdə maksimum ehtiyatlı davranmağa üstünlük verir”.

Partiya sədrinə görə, bu, bir neçə səbəblə bağlı ola bilər: “Birincisi, Cənubi Qafqazda Rusiyanın mövqeləri əvvəlki illərlə müqayisədə zəifləyib və səhv addımların bunu daha da məhdudlaşdıracağından çəkinir. İkincisi, Azərbaycan artıq enerji, nəqliyyat və logistika baxımından Avropa ilə Asiya arasında mühüm tərəfdaşa çevrilib. Bu reallıq Rusiyanın manevr imkanlarını azaldır. Ancaq Moskvanın narazılığı müxtəlif dolayı vasitələrlə özünü göstərə bilər. Azərbaycana qarşı mediada tənqidi kampaniyaların intensivləşməsi, miqrasiya və gömrük məsələlərində süni maneələrin yaradılması istisna deyil. Rusiya ənənəvi olaraq birbaşa qarşıdurmadan daha çox, iqtisadi təsir alətlərindən və bu ölkədə yaşayan soydaşlarımızın qanunsuz təqibindən istifadə etməyə üstünlük verə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR