Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanla Özbəkistan arasında münasibətlər tarixi, mədəni və mənəvi köklərə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi, iqtisadi və nəqliyyat bağlantılarının yaradılmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Özbəkistanın UZA agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin keçdiyi inkişaf yolunu və qarşıdakı dövr üçün müəyyənləşən prioritetləri aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə, xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətə əsaslanır".
Bu fikirləri Musavat.com-da Azərbaycan Parlamentinin təmsilçisi Könül Nurullayeva səsləndirib.
Deputatın sözlərinə görə, Dövlət başçısı xüsusi olaraq, qeyd edib ki, iki ölkə arasındakı münasibətlər ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, birlik və həmrəylik üzərində qurulub: “Bu möhkəm təməl siyasi əlaqələrin bütün istiqamətlər üzrə inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycan Prezidentinin də söylədiyi kimi, son illərdə dövlətlərarası münasibətlər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə-müttəfiqlik səviyyəsinə yüksəlib. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki suveren dövlət arasında mövcud olan təbii yaxınlığı siyasi və hüquqi baxımdan daha da möhkəmləndirib. Bu gün Bakı ilə Daşkənd arasında siyasi dialoq yüksək səviyyədədir. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, təhsil, elm, mədəniyyət və digər istiqamətləri əhatə edən geniş əməkdaşlıq platformasına çevrildiyini göstərir”.
Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrdir: “Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması qarşılıqlı iqtisadi marağın və mövcud potensialın göstəricisidir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Bu göstərici iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamladığını və qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda daha fəal fəaliyyət göstərməsi, birgə istehsal və investisiya layihələrinin sayının artırılması qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alır. Belə əməkdaşlıq həm də yeni istehsal zəncirlərinin formalaşmasına və biznes əlaqələrinin dərinləşməsinə imkan yaradır. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi də iki ölkənin əməkdaşlığında mühüm üstünlük yaradır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu baxımdan hər iki ölkə Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistika marşrutlarında təbii tərəfdaş kimi çıxış edir. Orta Dəhlizin inkişafı bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin Mərkəzi Asiya ilə daha sıx inteqrasiyası region ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir.
Prezident İlham Əliyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağını vurğulayıb. Bu yanaşma Azərbaycan və Özbəkistanın nəqliyyat əlaqələrini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional əhəmiyyət daşıyan strateji layihəyə çevrildiyini təsdiqləyir”.
K.Nurullayeva onu da söylədi ki, Azərbaycan-Özbəkistan qardaşlığının real təzahürlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın göstərdiyi dəstəkdir: “Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki xalq arasında dostluğun və qardaşlığın rəmzinə çevrilib. Bu layihə təhsil sahəsində əməkdaşlığın mühüm nümunəsi olmaqla yanaşı, Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa-quruculuq prosesinə verdiyi töhfənin göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin son illərdə sürətlə inkişaf etməsi ölkəmizin regiondakı rolunun güclənməsinə mühüm təsir göstərib. Özbəkistanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə bu siyasətin mühüm nəticələrindən biridir”.
Müsahibimiz fikirlərini bu cür yekunlaşdırdı: “Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin olunması da regionlararası əməkdaşlıq baxımından əlamətdar hadisədir: “Azərbaycanın bu prosesə qoşulması ilə əvvəllər “C5” kimi tanınan əməkdaşlıq formatının faktiki olaraq “C6” formatına çevrilməsi regional dialoqun coğrafiyasını və imkanlarını genişləndirib. Bu proses Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Bakı və Daşkəndin siyasi mövqelərinin yaxınlığı, iqtisadi potensiallarının bir-birini tamamlaması və əlverişli coğrafi mövqeləri onları Avrasiya məkanında mühüm tərəfdaşlara çevirir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biridir. Bu iki ölkənin daha sıx əməkdaşlığı regionlar arasında yeni bağlantıların yaranmasına, ticarət və investisiya imkanlarının genişlənməsinə və nəqliyyat marşrutlarının şaxələndirilməsinə mühüm təsir göstərə bilər. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistanı daha geniş Avrasiya coğrafiyasına bağlayan strateji layihələrdən birinə çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu prosesdə xeyli geosiyasət, beynəlxalq münasibətlər və diplomatiya həyata keçirilir. Azərbaycanın bütün marşrut boyunca yerləşən ölkələrlə yaxşı münasibətlər qurması və transmilli layihələrə rəhbərlik etmək təcrübəsi isə ölkəmizin bu prosesdəki rolunu daha da gücləndirir.Azərbaycan və Özbəkistan həm də Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə də mühüm töhfə verirlər. Bakı və Daşkənd TDT-ni ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir. Prezident İlham Əliyevin Özbəkistana səfərləri və dövlət başçılarının mütəmadi təmasları Bakı-Daşkənd əlaqələrinin yüksək siyasi səviyyəsini bir daha nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, Özbəkistana hər səfər xüsusi əhəmiyyət daşıyır və ölkənin bütün sahələrdə sürətli inkişafı qürur doğurur”.
Cavanşir Abbaslı
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ