İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nardaran təcrübəsi Avropa üçün ciddi dərs olmalıdır" - Zaur Məmmədov

Böyük Britaniya vətəndaşı Rəşad Sultanovun Kiprdə casusluq ittihamı ilə həbs edilməsi Avropada İranın mümkün təsir şəbəkələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. BBC-nin son araşdırmaları, eləcə də müxtəlif ölkələrdə aparılan istintaqlar fonunda İranın xaricdə proksi strukturlardan istifadə etdiyi iddiaları daha çox səsləndirilir. Bu vəziyyətdə Azərbaycanın vaxtilə dini radikalizm və xarici təsir şəbəkələri ilə mübarizə təcrübəsi də yenidən diqqət mərkəzinə çıxır. Bəs Avropa bu riskləri nə dərəcədə düzgün qiymətləndirir? Azərbaycanın təcrübəsi digər ölkələr üçün hansı dərsləri ehtiva edir?

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dosenti, politoloq Zaur Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bu gün dünyada ayrı-ayrı dövlətlərin müxtəlif üsullardan istifadə edərək öz maraqlarını həyata keçirməsinə şahidlik edirik. Təəssüf ki, bəzən bu maraqların təmin edilməsi istiqamətində atılan addımlar ciddi qanunsuzluqlarla müşayiət olunur. Biz bu cür hallarla müxtəlif ölkələrin timsalında dəfələrlə qarşılaşmışıq.

O cümlədən, Azərbaycan nümunəsində Nardaran hadisələri yaxşı xatırlanır. Nardaran qəsəbəsində mərkəzi hakimiyyətə tabesizlik göstərmək üçün mümkün olan hər şey edilirdi. Faktiki olaraq, Azərbaycanın mərkəzində ölkənin dövlət rəmzləri deyil, başqa bir dövlətin atribut və bayraqları qaldırılmışdı.

Bu, açıq şəkildə başqa bir ölkəyə qulluq etmək, xaricdən maliyyələşərək Azərbaycan daxilində siyasi gərginlik yaratmağa yönəlmiş bir addım idi və bunu heç gizlətmirdilər. Sirr deyil ki, XXI əsrin ilk onilliyinin əvvəllərindən başlayaraq İran tərəfindən İraq, Livan, Suriya və Yəməndən keçərək İsrailə qədər uzanan bir "Şiə qövsü" yaradıldı. İran eyni zamanda Azərbaycanı da bu şəbəkənin bir qolu olmağa məcbur etmək üçün təhdid edir, buradakı siyasi hakimiyyətə təzyiqlər göstərirdi.

Biz bu acı təcrübəyə bələdik. Bu gün də oxşar proseslərin şahidi oluruq. Məsələn, keçən həftə həm Azərbaycan, həm də Böyük Britaniya vətəndaşı olan Rəşad Sultanov Kiprdə casusluq ittihamı ilə həbs olundu. Məlumdur ki, qonşu ölkələrdə, o cümlədən Avropada Azərbaycan diasporunun bəzi üzvləri həyatlarını miqrant kimi düzgün yolla davam etdirmək əvəzinə, əyri yollara qurşanır və müxtəlif ölkələrin casus şəbəkələrinin bir qoluna çevrilirlər".

Politoloq əlavə edib ki, Avropada və digər ölkələrdə dini icmalara qoşulan, ibadət edən və ya xaricdə Guya "siyasi jurnalistika" ilə məşğul olan şəxslərin bir hissəsi ayrı-ayrı dövlətlərin kəşfiyyat strukturlarının alətinə çevriliblər — bəziləri bilməyərək, bəziləri isə bilərək.

Xüsusilə Almaniya kimi dövlətlər bu məsələyə çox ciddi yanaşmalıdırlar. Başa düşülməlidir ki, həmin şəxslər özlərini "söz azadlığı", "dini azadlıq", "təbliğat azadlığı" və "demokratiya" kimi şüarların arxasında gizlətsələr də, onların arxasında başqa dövlətlərin siyasi maraqları durur. Bu yaxınlarda Azərbaycan və Almaniya arasında yüksək səviyyəli görüşlərin şahidi olduq. Lakin bu görüşlərin arxa fonunda yaşananları da unutmadıq: özünü "bloger", "jurnalist" və ya "dindar" adlandıran bəzi şəxslərin davranışı hər kəsin gözü qarşısındadır.

Bu əməlləri törədənlər, ilk növbədə, özləri utanmalıdırlar. Utanmalıdırlar ki, Azərbaycan adına qarayaxma kampaniyası aparırlar. 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığı bir dövrdə, zəfər çalmış ölkəmizin nüfuzuna xələl gətirmək üçün əllərindən gələni edirlər.

İkincisi, Avropa ölkələrinin siyasi və təhlükəsizlik strukturları çox diqqətli olmalıdırlar. Çünki Avropada müxtəlif ölkələrlə əlaqəli olan cinayətkar qruplar var və bu qruplar istənilən an öz cinayətlərini davam etdirə bilərlər. Bu yaxınlarda BBC-nin apardığı araşdırma və orada 35-dən çox insanın hücuma məruz qalmasının arxasında müxtəlif dəstələrin dayanmasının üzə çıxarılması da göstərir ki, bu təhdid realdır. Həmin təhdid vaxtı gələndə elə Avropa ölkələrinin öz mərkəzi hakimiyyətinə də yönələ bilər".

Zaur Məmmədov bildirir ki, Avropa, bu kimi məsələlərə ciddi yanaşmalı, hazırda böyüməkdə və inkişaf etməkdə olan bu qruplara qarşı əməli addımlar atmalıdır ki, sabah onun öz mərkəzi hakimiyyətinə və öz vətəndaşlarına qarşı da təhdidlər yaranmasın:"Ən əsası, dini məsələlər, etiqad və siyasi azadlıqlar adı altında ortaya çıxan hər cür qızışdırıcı fəaliyyətə səbir nümayiş etdirmək və imkan vermək olmaz. Anlamaq lazımdır ki, bu bir mexanizmdir. Bəzi ölkələr bu kimi vasitələrdən alət kimi istifadə edərək digər dövlətlərə təzyiq göstərirlər.

Bu gün Almaniya və Avropanın bəzi ölkələri digər dövlətlərin, o cümlədən İrana yaxın olan qrupların əlində bir alətə çevriliblər. Onların öz ərazilərindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına şərait yaradılır və icazə verilir. Çünki bu, faktiki olaraq yerli hakimiyyət tərəfindən də belə imkanların tanıdılması deməkdir. Yaxşı olardı ki, bu məsələlərə göz yumulmasın və vaxtında ayıq-sayıq reaksiya verilsin".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR