Onlayn ictimai-siyasi qəzet
Qanun, qanunçuluq, qanunun aliliyi demokratiyanın da ali prinsiplərindəndir, amma təbii ki, o qanunlardan söhbət gedir ki, təbii hüquqa, insan haqları, siyasi, mülki və sosial hüquqlarla bağlı beynəlxalq sənədlərə, aktlara, konvensiyalara zidd olmasın.
Normal ölkələr indi belə müddəanı əsas götürürlər ki, əgər yerli qanun beynəlxalq hüquqla ziddiyyət təşkil edrisə, onda beynəlxalq norma əsas götürülür, yoxsa nəsə axmaq bir şey yazıb adamlara demək olmaz ki, bəs bu, ali qanundur, hamınız ona əməl etməlisiniz!..
Beynəlxalq hüququn üstünlüyü səhv etmirəmsə, bizim birinci konstitusiyamızda da vardı – bir daha deyirəm ki, əgər səhv etmirəmsə! İndikilərə baxa bilmirəm bəlli səbəblərdən – məncə ali qanunu bu qədər endirmək lazım deyildi, real dövlətçilikdə bir prinsipdir, hətta konfiqurasiyadır, sənəddə tamam başqa! Sanki adamları qanunlara yox, qanunu adamlara tabe edirlər. Biz belə bəlaları çox yaşamışıq. Məsələn, deyirdilər ki, AXC hakimiyyəti vəzifə üçün adam axtarmır, adam üçün vəzifə yaradır ki, bəzi “bəylər” inciməsin, hamı razı qalsın.
Bunu niyə deyirəm? Yox, deməyin ki, bu, da bir mazoxizmdir, adam özününkülərə və özünə əzab verməkdən xoşlanır.
Yox, təəssüf, bəzi mənfiliklərin bünövrəsi bizim hakimiyyətimiz dövründə qoyuldu. Məsələn, ilk polis rejimini yada salın: bəzi strukturlar özləri hələ yox idi, amma onların polisi vardı, hətta ekoloji polis yaratmaq haqda da söhbətlər gedirdi.
Əlbəttə, hamı belə düşünmür, o dövrdəki siyasi anomalıyalara qarşı mübarizə aparırdı və məhz bu mübarizə nəticəsində güc strukturlarını dəyişməkçün çox cəhdlər edildi, amma təəssüf ki, bunu başa çatdırmaq mümkün olmadı. Bütün hallarda AXC-nin bir bəraəti var: Azərbaycanda rəhbərlər çox olub, hərəsinin öz xidməti olub, amma gəlin etiraf edək ki, Əbülfəz bəy qədər demokratiki olmayıbdır.
Odur ki, indi də çox eybəcər vəziyyət yaranıb, durub şikayət də edirik ki, Avropa bizi başa düşmür! Nəyi başa düşməlidir Avropa?
Avropa Şurasında Azərbaycan kimi ikinci dövlət yoxdur, haradakı hüquqa bu qədər etinasızlıq olsun. Çox təəssüf ki, Bakını bura qəbul edəndə geosiyasi meyarlara üstünlük verildi, həm də düşünüldü ki, birgə çalışıb nəsə edərik.
Alındımı? Əvvəl bir çox məsələlərdə birgə əməkdaşlıq vardı. Amma sonra bizdə belə təsəvvür yarandı ki, hamı bizi necə varıq eləcə də qəbul etməlidir, ölərik dəyişmərik. Bir sözlə, bu, da nəticəsi.
Hərdən mənə elə gəlir ki, biz ötən əsrdə- 90-cı illərdə qalmışıq. Həmin 90-cı illərin əvvəllərində dünyanın böyük bir seqmentində baş verənlərin bircə adı vardı - XAOS. Hər yerdə aclıq, işsizlik, böyük və kiçik müharibələr, dövranın sual işarəsinə çevirdiyi, yüz yerə əydiyi insanlar!..
O vaxt beynimdə hey bir şey dolanırdı, bəlkə də yazmışdım, yaxud da haradansa oxumuşdum, artıq xatırlamıram:
-Kimsən? Adın nədir? Hara gedirsən?
-Adım LƏYAQƏTDİR. Hara getdiyimi hələ bilmirəm, amma haradan getdiyimi çox yaxşı bilirəm...
O dövrü birtəhər başa vurduq, amma dövran bizi necə əydisə düzəlmədik, belimiz hələ donqardır, bugün də sual işarəsi kimi qalmışıq və görünür artıq bir nəsil üçün ömürlükdür. Bəli, biz ömürlük “Baş üstə, ağa! Baçeşm, ağa!” millətiyik. Düzdür, ermənilərin və Ermənistanın o dövrün anti - insani məzmun almasında müstəsna rolu olmuşdu. Onda məlum oldu ki, insanlıq, humanizm haqda oxuduğumuz cild-cild kitablar heçdir, qonşularımız hələ də mağara adamlarıdır.
İndi vəziyyət sanki bir azca düzəlməyə meyllidir, ermənilər mağara adamından insana çevrilmək mərhələsindədirlər. Qorxuram ermənilər də düzəlib nida işarəsi ola, amma bizsə sual işarəsi kimi qalaq.
Hər şey cəhənnəmə, Şərq yaltaqğlığı deyilən şey var, adamı üzən, bezdirən, hətta öldürən budur. Elə ölkələr var ki, hətta qıraqda dayanıb tamaşaçı da olmaq olmur. Bu, elə bir tamaşadır ki, ölüm ondan yaxşıdır.
Özü də ümummili mərəzdir. Neçə il bundan əvvəlin söhbətidir. Bir də gördüm rus dilinin qolunu-qıçını sındıra-sındıra xaricdən gələn bir zəngə cavab verən “müxalifətçi” o qədər əyilib burnu az qala döşəməyə dəyir!
Rəqabət də, əxlaq da, ləyaqət də azadlıq olanda olur. Region dəyişsə bəlkə havası bu tərəflərə də gələr. Ona görə də erməni cəmiyyəti təkcə məntəqələrdə yox, ürəklərdə də seçim etməlidir – özü də tək özləriyçün yox, regionun bütün adamlarıyçün, çünki qonşun adam olmayanda adam kimi yaşamaq olmur.
O ki qaldı bizə, ötən əsrdə onlarla Afrika ölkəsi müstəqil-suveren olmüşdu, amma onların əhalisinin bundan “rəngi” dəyişdimi? Əsla! Biz də indi eyforiyadayıq, fəqət, nə vaxtsa başa düşəcəyik ki, dövlət cəmiyyət və insan üçündür, tərsinə deyil.
Bizə də başqaları kimi şans yaradacaqlar ki, nəsə edək. Amma alınmayacaq, necə ki, “ərəb baharları” alınmadı, çünki məlum olacaq ki, çox dərsləri buraxmışıq və bizi mexaniki olaraq “sinifdən-sinfə” keçiriblər, nəsə etmək üçünsə təzədən “a” hərfindən başlamaq lazımdır.
Bunu anlayanda bir də görəcəyik ki, “restavrasiya” oldu, çünki heç kimin heç nə etməyə həvəsi olmayanda keçmiş bir yox, lap on dəfələrlə də qayıda bilir.
Hər dəfə rayonumuza gedəndə bəlli qəsəbədən keçirik. Yol boyu daş hasarlar çəkiblər ki, köhnə tikililər görünməsin yəqin, hərçənd, dəhəşətli bir mənzərə də yoxdur, sadəcə, biz beləyik, içi bərbad olsa da hər şeyin çölü parıldamalıdır, ona görə də daim kələ-kötürləri hamarlamaqla, eybəcərlikləri hasarlmaqla məşğuluq. Hər yerdə, hər şeydə beləyik, gəl, bununla nəsə düzəlirimi? Millət bunun qiymətini hələ yüz illər bundan öncə verməyibmi? Bəli, çölü bəzək...
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ