Onlayn ictimai-siyasi qəzet
II dünya müharibəsi zamanı nasistlərin əsas məqsədi yeni torpaqlar ələ keçirməklə yanaşı, demoqrafik cədvəllər olub: ucsuz-bucaqsız ərazilər tutmaq, xalqları ya kölə, ya da tamamilə məhv etmək.
Bir qrup nasist sürətli hərbi kampaniya arzulayarkən, rejimin ideoloqları 3-cü reyxin əsas “missiyası”na hazırlaşıblar: Şərqdə “aşağı irq” hesab etdikləri xalqların sistemli şəkildə məhv edilməsi və köləliyə məruz qoyulması. Bu plan son dərəcə təfərrüatlı şəkildə hazırlanıb və “Ost” baş planı adlanıb.
"Ost" baş planı hərbi əməliyyatlar üçün hazırlanmış operativ direktiv olmayıb. Bu, ilk növbədə reyxin baş təhlükəsizlik idarəsi (RSHA) və SS reyxsfürerinin alman xalqının möhkəmləndirilməsi üzrə qərargahı tərəfindən hazırlanmış nasist qurumlarının ümumi layihəsi olub. Onun kökləri ildırımsürətli müharibə (blitskriq) taktikasına yox, Adolf Hitlerin və onun silahdaşlarının fanatik şəkildə bağlı olduqları irqi nəzəriyyəyə söykənib.

Hitler “Mənim mübarizəm” (“Mein Kampf”) kitabında belə yazıb: “Biz, nasional-sosialistlər, müharibədən əvvəlki dövrün xarici siyasət kursuna şüurlu şəkildə son qoyuruq. Altı yüz il əvvəl yarımçıq qalmış işi davam etdiririk. Almanların Avropanın cənubuna və qərbinə doğru sonsuz köçlərinə son qoyur və baxışlarımızı şərq torpaqlarına yönəldirik. Nəhayət, müharibədən əvvəlki dövrün müstəmləkə və ticarət siyasətindən imtina edir, gələcəyin torpaq siyasətinə keçirik”.
Bu sözlər planın mahiyyətini anlamaq üçün əsas açardır. Söhbət müvəqqəti işğaldan və ya kukla rejimlərin yaradılmasından getməyib. Məqsəd daimi müstəmləkəçilik siyasəti yürütmək, yerli əhalini fiziki olaraq sıxışdırıb onların yerinə "irqi cəhətdən dəyərli" hesab edilən alman kolonistlərini yerləşdirmək olub. Şərqi Avropa və SSRİ-nin Avropa hissəsi nasistlər tərəfindən "Alman Hindistanı" kimi qiymətləndirilib, tamamilə yenidən qurulmalı və almanlaşdırılmalı olan bir ərazi hesab edilib.

Planın əsasını təşkil edən layihələrin hazırlanmasına 1940-cı ildən başlanılıb. Lakin ən məşhur və ən ətraflı işlənmiş variant 1942-ci ilin iyun ayında SS oberfüreri, professor Konrad Meyer-Hetlinq tərəfindən hazırlanıb. O, "Alman xalqının möhkəmləndirilməsi üzrə komissarın" baş qərargahının kolonizasiya şöbəsinin rəhbəri olub. "Şərq üzrə ümumi plan: Şərqdə quruculuğun hüquqi, iqtisadi və ərazi əsasları" adlı bu sənəd əslində soyqırımın quru, elmi üslubda tərtib edilmiş təsviri olub. Sənəddə insan taleləri dəhşətli bir bürokratik dəqiqliklə hesablanıb: neçə nəfərin məhv edilməli, neçə nəfərin doğma torpaqlarından sürgün olunmalı və neçə nəfərin heç bir hüququ olmayan məcburi əmək qüvvəsi kimi saxlanılmalı olduğu rəqəmlərlə müəyyənləşdirilib.
Konrad Meyer-Hetlinqin və onun sələflərinin hesablamalarına görə, planın tam həyata keçirilməsi müharibə başa çatdıqdan sonra 25–30 il ərzində nəzərdə tutulub. Ural dağlarının qərbində yerləşən ərazilərin üç kateqoriyaya bölünməsi planlaşdırılıb: Almanların sıx məskunlaşdırılacağı ərazilər (məsələn, Qotenland adlandırılması nəzərdə tutulan Krım və Leninqrad ətrafındakı bölgələr); sərt nəzarət altında saxlanılacaq qarışıq əhalinin yaşadığı ərazilər və öz doğma torpaqlarından çıxarılmış xalqlar üçün ayrılacaq "rezervasiya"lar.

Lakin nasistlərin nəzərdə tutduğu "irqi təmizlik" siyasətinin əsas vasitəsi xəritədə sərhədlərin dəyişdirilməsi olmayıb. Əsas məqsəd insanların məqsədyönlü şəkildə məhv edilməsi, deportasiyası və doğma torpaqlarından sıxışdırılıb çıxarılması olub. Bu, planın həyata keçirilməsinin başlıca aləti hesab olunub. Plana əsasən, işğal olunmuş ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti ya fiziki cəhətdən məhv edilməli, ya da Sibirə deportasiya olunmalı imiş.
Polyaklar: əhalinin 80–85 %-i (təxminən 20 milyon nəfər) Ural dağlarının o tayına deportasiya edilməliymiş.
• Belaruslar: 75 % (təxminən 6,75 milyon nəfər).
• Ukraynalılar: 65 % (təxminən 31 milyon nəfər).
• Çexlər: təxminən 50 %.
• Ruslar: plan müxtəlif ssenarilər nəzərdə tutub, lakin ən radikal variantda söhbət on milyonlarla insanın məhv edilməsindən və ya sürgün edilməsindən gedib.

Hitler özünün məşhur “Süfrə söhbətləri” (Tischgespräche) adlı qeydlərində açıq şəkildə belə deyib: “Şərqdə bizim vəzifəmiz... slavyan əhalisinin sayını 30 milyon nəfər azaltmaqdır”. Burada söhbət hərbi əməliyyatlar nəticəsində veriləcək itkilərdən deyil, əvvəlcədən planlaşdırılan və sistemli şəkildə həyata keçirilməsi nəzərdə tutulan soyqırımdan gedib.
“Ost” planının tam şəkildə həyata keçirilməsi yalnız nasist Almaniyasının qəti hərbi qələbəsindən sonra mümkün hesab edilsə də, onun əsas prinsipləri müharibənin ilk günlərindən etibarən tətbiq olunmağa başlanıb. İşğal olunmuş ərazilər gələcək soyqırım siyasətinin üsullarının sınaq meydanına çevrilib. Əhalinin kütləvi şəkildə Almaniyaya məcburi əməyə aparılması (SSRİ ərazisindən 5 milyondan çox insan) gələcək kölə əməyinin ilkin modeli olub. “Yandırılmış torpaq” siyasəti, habelə əhalinin qəsdən aclığa məruz qoyulması (məsələn, təxminən bir milyon dinc sakinin həyatına son qoymuş Leninqradın mühasirəsi) də "artıq" hesab edilən əhalinin sayının azaldılması məntiqinə uyğun həyata keçirilən tədbirlər kimi qiymətləndirilib. Dəqiqliklə hesablanan nasistlərin planı 1945-ci ildə yarımçıq qalıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ