Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri və səfər çərçivəsində imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan-Qırğızıstan əlaqələrinin tarixində yeni strateji mərhələnin başlanğıcıdır. Bu səfər iki qardaş ölkə arasında münasibətlərin artıq klassik əməkdaşlıq formatını geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirir”.
Bu sözləri Musavat.com-a Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.
![]()
Müsahimizi bildirib ki, Prezident İlham Əliyevin son illər Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasət konkret nəticələr verir. Azərbaycanın Türk dövlətləri ilə əlaqələrinin dərinləşməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq layihələrin genişləndirilməsi bu siyasətin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, Qırğızıstanla imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə siyasi dialoqun daha yüksək səviyyəyə qalxmasını təmin etməklə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək: “Səfər çərçivəsində qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Bu gün Türk dünyası yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, eyni zamanda ortaq iqtisadi maraqlar, nəqliyyat marşrutları və təhlükəsizlik məsələləri ətrafında da daha sıx birləşir”.

Deputat vurğulayıb ki, Azərbaycan və Qırğızıstan Orta Dəhlizin əsas iştirakçıları kimi Avrasiyanın yeni logistika xəritəsində mühüm mövqeyə malikdir: "Dövlət başçılarının siyasi iradəsi nəticəsində iki ölkə arasında əməkdaşlığın genişlənməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını artıracaq, yükdaşımaların həcmini yüksəldəcək və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaq. Onun fikrincə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu səfər regionda sabitliyin, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasında aparıcı rolunu daha da möhkəmləndirir. Qırğızıstana dövlət səfəri və imzalanan müttəfiqlik müqaviləsi də Azərbaycanın regionda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini bir daha təsdiqləyən mühüm tarixi hadisədir”.
Cavanşir Abbaslı
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ