İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “mədəni irs” oyunu qurmaqdansa... – Məkrli PLAN açıqlandı

“Bizi xalq olaraq bütün dünyadan öncə öz dünyamız, yəni Cənubi Qafqaz regionu daha çox narahat edir”.

Bu sözləri Musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

post-img

Onun sözlərinə görə, o region ki, orada onilliklər ərzində işğalçını zərərçəkən, müharibə aparanı sülhpərvər və bir sözlə, qaranı ağ, yalanı düz kimi dünyaya çatdırmağa çalışıblar: “Üç onilliyə yaxın bir müddətdə işıqları söndürülərək məkrli və müdhiş bir qaranlığa qərq edilən Qarabağ və Şərqi Zəngəzur cəmi bir neçə il ərzində o qədər dirçəldilib ki, indi oradakı onlarla tuneldən birindəki işıqların yaratdığı aydınlıq belə işğal dönəmində o ərazilərdəki bütün işıqlardan daha çoxdur. Bu təkcə o işıqların sayından və rəngindən deyil, həm də o işıqları vaxtında söndürənlərin niyyətləri ilə bu gün onları orada yandıranların niyyətləri arasındakı fərqdən asılıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın bəlkə də ən çox qonaq qəbul edən regionlarındandır ki, ora növbəti dəfə 11-12 sentyabr tarixlərində onlarla ölkədən və bir çox beynəlxalq təşkilatdan 150-ə qədər diplomat və digər önəmli şəxslər səfər etdilər. Tarixi Zəfərimizin işğalına və qaranlığına son qoyduqdan sonra təkcə diplomatik korpusun 22-ci dəfə səfər etdiyi Qarabağımıza və Şərqi Zəngəzurumuza əslində işğal dönəmində də səfərlər edilirdi. İndi dünyanın ayrı-ayrı regionlarından dövlət və hökümət başçılarının, nazirlərin, diplomatların, jurnalistlərin, hüquq müdafiəçilərinin və digər yüksək rütbəli şəxslərin səfər etdiyi o ərazilərimizə zamanında tez-tez terrorçular, narkotacirlər, oğrular və digər cinayətkarlar baş çəkirdlilər”.

Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları  hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

Hüquqşünas qeyd edib ki, hazırda əlləri və ayaqları Qarabağa, Şərqi Zəngəzura heç cür çatmayan işğalçı təfəkkürlü revanşistlərin yuxularının ərşə çəkilməsinə səbəb olan növbəti diplomatik səfərə həmin qüvvələrin absurd reaksiyasından daha çox buna şərait yaradan Ermənistan hakimiyyətinin mövqeyi qəbuledilməzdir: “O hakimiyyət ki, onun rəhbəri artıq ikinci dəfə Azərbaycanın və onun rəhbəri Prezident İlham Əliyevin regiona gətirdiyi sülhü əlində təbliğat və təşviqat bayrağı kimi tutmaqla seçkilərdə qalib gəlib hakimiyyətinə davam edir. Azərbaycanın regiona gətirdiyi sülhün arxasında gizlənərək hakimiyyətinin ömrünü uzadan Baş nazir Nikol Paşinyan kürsüsünə təhlükə yarandığı halda kilsə rəhbərindən sələflərinə, generallardan isə sadə insanlara qədər heç kimi bağışlamır. Qərblə demokratiya, müstəqil siyasət, şimalla isə KTMT və Avrasiya İqtisadi İttifaqı oyunlarını oynayan Nikol zaman-zaman acı nəticələrini görsə də, bizimlə sülh oyununu davam etdirməyə cəhdlər göstərir. Bütün dünyanın və elə Paşinyanın rəhbərlik etdiyi Ermənistanın da 2022-ci ildən başlayaraq Azərbaycanın suveren ərazisi kimi tanıdığı Qarabağ və Şərqi Zəngəzura diplomatik korpus nümayəndələrinin növbəti səfərinə sülhdən dəm vuran Ermənistan hakimiyyətinin oyunu kimi baxmağa əsas verən kifayət qədər əsaslarımız var”.

Siyasi şərhçi bildirib ki, Ermənistan küçələrində, iaşə obyektlərində və ictimai nəqliyyatında gəzərək özünü sadə vətəndaşların arasında demokratik bir lider kimi göstərməyə çalışsa da, əslində bununla həm də, ölkəsindəki vəziyyətin total nəzarətdə olduğunu tam büruzə verir: “Bu da başqa mövzudur ki, bir tərəfdən hər çıxışında ittiham etdiyi və dövlət siyasətində strateji müttəfiqlikdən belə çıxardıqlarını dediyi Rusiyanın ölkədəki emissarlarına qarşı başlatdığı həbs kampaniyası görüntüsünü yaradır, digər tərəfdən də həmin Rusiyanın silahlılarının kifayət qədər olduğu ölkəsində əlini qolunu sallayıb küçələrdə piyada gəzməkdən, Göyçə gölündə çimməyə qədər rahat olduğunu göstərir. Bu rahatlığı yaşayan və sülhdən danışmaqda səmimi olan Baş nazir ölkəmizdə baş tutan və əslində sülhə xidmət edən bir səfərə qarşı car çəkən revanşistlərin səsini ən az onun hakimiyyətinə təhlükə yaradan II Qareginin, Robert Koçaryanın, Baqrat Qalstanyanın səsləri kimi batıra bilərdi. Ancaq etmədi!”

Onun fikrincə, Paşinyanın qorxusu olmasaydı, Qərblə “erməni mədəni irsi” oyunu qurmaqdansa, sülhə xidmət edəcək öhdəliyi olan konstitusiya referendumu ilə məşğul olardı”.


Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR