İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı sərt ritorika: Ermənistan Kreml təzyiqi ilə ÜZ-ÜZƏ

Ermənistanda seçki öncəsi siyasi atmosfer daha da gərginləşir. Baş nazir Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağını açıqlayıb.

Rəsmi səbəb kimi seçkiqabağı kampaniya göstərilsə də, bu qərarın arxasında İrəvan-Moskva münasibətlərində son illər dərinləşən siyasi gərginliyin dayandığı bildirilir. Xüsusilə Fransanın Ermənistana dəstəyi, Avropa ilə yaxınlaşma siyasəti, sərhəd-keçid məntəqələrindən Rusiya sərhədçilərinin çıxarılması və Kremlə yaxın fiqurların Paşinyana qarşı sərt ritorikası diqqət çəkir. Son olaraq Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski barədə təhqiramiz ifadələr işlədib. Bütün bunlar fonunda Ermənistanın geosiyasi kursunun dəyişməsi və bunun qarşıdan gələn parlament seçkilərinə təsiri əsas müzakirə mövzularından birinə çevrilib.

Kremlə yaxın fiqurların Paşinyana qarşı sərt ritorikası nə ilə əlaqədardır? Moskva Ermənistan daxilində seçki proseslərinə nə dərəcədə təsir edəcək?

5-1758282684.jpg (81 KB)

Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Ermənistanda seçki öncəsi vəziyyət kifayət qədər gərgindir: “Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, müxtəlif xarici və daxili dairələrin Paşinyana açıq dəstək mesajları verməsi onun siyasi hakimiyyətdən getməsi ehtimalının ciddi şəkildə müzakirə olunduğunu göstərir. Əgər müəyyən qüvvələr “birlikdə davam edəcəyik” və ya “dəstəyimiz sürür” kimi mesajlar verirlərsə, bu, əslində Paşinyanın mövqeyinin əvvəlki qədər sabit olmadığını göstərən siyasi siqnaldır.

Doğrudur, Ermənistan cəmiyyətinin böyük hissəsi yeni müharibə riskini artıracaq qüvvələrin yenidən hakimiyyətə gəlməsini istəmir. Xüsusilə son illərdə yaşanan hərbi və iqtisadi problemlər cəmiyyətdə ciddi yorğunluq yaradıb. Buna baxmayaraq, siyasi proseslər təkcə ictimai rəyə əsasən formalaşmır. Xarici təsirlər, informasiya müharibələri və geosiyasi maraqlar da burada mühüm rol oynayır”.

Siyasi şərhçinin sözlərinə görə, xüsusilə Rusiyadan gələn bəzi açıqlamalar, o cümlədən Dmitri Medvedev tərəfindən səsləndirilən fikirlər göstərir ki, Moskva Ermənistanın tam şəkildə Qərbə inteqrasiya kursundan razı deyil: “Bu isə o deməkdir ki, Paşinyanın hakimiyyətdə qalması üçün Avropa strukturlarından və Qərb dairələrindən siyasi dəstək almağa ehtiyacı var. Əks halda, Ermənistan tarixən Rusiyanın təsir dairəsində olmuş bir ölkə kimi ciddi daxili və xarici təzyiqlərlə qarşılaşa bilər. Hazırkı mərhələdə əsas məsələ Ermənistanın hansı geosiyasi istiqaməti seçəcəyidir: balans siyasəti, yoxsa tam şəkildə Qərbə yönəlmə. Çünki bu seçim təkcə seçkilərin nəticəsinə deyil, regiondakı ümumi siyasi sabitliyə də təsir göstərə bilər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR