İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən İrəvana iki ağır şərt

 

Brüssel ermənilər üçün viza rejiminin ləğvi müqabilində rusların ölkədəki hərbi varlığına son qoymağı tələb edir - Paşinyan dilemma qarşısında

İrəvanın Avropa İttifaqına inteqrasiya və viza liberallaşması ilə bağlı gözləntiləri fonunda Brüsselin Ermənistan qarşısında sərhəd təhlükəsizliyi və Rusiya hərbi mövcudluğu ilə bağlı tələblər irəli sürdüyü iddia edilir. Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına yaxınlaşmasını və viza rejiminin liberallaşdırılmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir.

Lakin İrəvanda səslənən ekspert qiymətləndirmələrinə görə, bu prosesin qarşısında Ermənistanın Rusiya ilə hərbi və sərhəd təhlükəsizliyi sahəsində mövcud əməkdaşlığı ciddi maneələrdən biri olaraq qalır. Erməni mənbələri iddia edir ki, Brüssel İrəvana sərhədlərə nəzarətlə bağlı tələblər irəli sürüb. Həmin tələblərdən biri Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərindəki fəaliyyətinin dayandırılması ilə bağlıdır.

“İndiki halda Ermənistan sərhədində Rusiya sərhəd xidməti olduğu müddətdə sərhədlərin açılması və viza liberallaşmasından danışmaq çətindir”, - deyə mənbə  bildirib. Bildirilir ki, Avropa ilə inteqrasiya istiqamətində irəliləmək istəyən İrəvan sərhədlər üzərində tam və müstəqil nəzarət məsələsini həll etməlidir. Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsində hüquqi mexanizmlər də mövcuddur. Ekspertin xatırlatdığı 1992-ci il razılaşmasına əsasən, Ermənistan öz sərhədçilərini hazırladıqca sərhədin ayrı-ayrı hissələrinə nəzarətin İrəvana verilməsi nəzərdə tutulurdu.

Bu çərçivədə Rusiya sərhədçiləri artıq “Zvartnots” hava limanını, Aqarakdakı keçid məntəqəsini və Türkiyə ilə sərhəddəki daha bir məntəqəni tərk ediblər. O da bildirilir ki, Ermənistan hakimiyyətinin Moskva ilə müzakirə etmək istədiyi məsələlərin siyahısı kifayət qədər genişdir. Buraya dəmir yolu, qaz infrastrukturu, sərhəd qoşunları, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və atom elektrik stansiyası kimi strateji obyektlər daxildir.

Xüsusilə 102-ci Rusiya hərbi bazasının gələcəyi Ermənistanın təhlükəsizlik sistemində əsas müzakirə mövzularından biri olaraq qalır. İddiaya görə, İrəvanda bazanın saxlanılması ilə bağlı Rusiyaya maliyyə tələblərinin irəli sürülməsi barədə fikirlər də səslənir. Söhbət iki milyard dollar məbləğdən gedir.

Yeri gəlmişkən, ABŞ-nin tanınmış analitiki Pol Qobl Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının gələcəyi ilə bağlı diqqətçəkən təhlil yayıb. Qoblun yazdığına görə, yaxın perspektivdə ən real ssenari bazanın tamamilə bağlanması yox, onun hərbçilərinin sayına məhdudiyyət qoyulması, onun statusunun və fəaliyyət çərçivəsinin dəyişdirilməsi gündəmə gələ bilər.

Bu arada, Ermənistanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların əhəmiyyətli əksəriyyəti Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmağa davam etməli olduğuna inanır. “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan 22-24 sentyabr tarixlərində 1001 vətəndaş arasında aparılan sorğunun nəticələrini təqdim edib. Məlumatlara görə, respondentlərin 39,7%-i hərbi bazanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bildirib. Digər 24,7%-i isə bazanın Ermənistanda qalmalı olduğunu, lakin onun yerləşməsi məsələsinə yenidən baxılmalı olduğunu bildirib. Beləliklə, müxtəlif ifadələrlə respondentlərin ümumilikdə 64,4%-i Ermənistanda hərbi bazanın qalmasının tərəfdarıdır. Bu da Paşinyanın ciddi dilemma qarşısında olduğunu gözlər önünə sərir.

Halbuki Paşinyan günü sabah Gümrü bazasının ləğvinə hazır olduqlarını bildirmiş, ruslar gedəcəyi halda etiraz etməyəcəklərini məmnunluqla bəyan etmişdi. Ancaq erməni baş nazir bu mövzunu onların yox, Moskvanın gündəmə gətirdiyini deyərək məsuliyyəti qarşı tərəfin boynuna biçməyə çalışmışdı. Çünki Kreml lideri Putin ilk dəfə bu haqda danışaraq, Gümrü bazasından çıxmağa hazır olduqlarını açıqlayıb. Sorğunun nəticələri isə göstərir ki, erməni cəmiyyətində bir xof var - bizi kim qoruyacaq?! Bu azmış kimi, müxalifətdə olan rusiyalı milyarder Samvel Karapetyan da xalqı qorxutmaq məqsədilə propoqanda aparır. Onun sözlərinə görə, rus hərbçiləri getsə, Ermənistan yiyəsiz qalacaq və yerini türklər tutacaq.

Xəyal Bəşirov: Ulu Öndərin həyat fəlsəfəsinə həsr olunmuş tədbirlər davam  etdiriləcək - AZƏRTAC


Xəyal Bəşirov

“Yeni Müsavat”a baş verənləri təhlil edən siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, Aİ Ermənistana təhlükəsizlik zəmanəti verməyənə qədər ruslar bu ölkədən çıxmayacaqlar: “Biz 102-ci bazanı tez-tez vurğulayırıq, amma Erebunidəki ruslara məxsus aviabaza da yaddan çıxmamalıdır. Həmçinin "Zvarnots" aeroportundan rus sərhədçilərinin çıxdığını qeyd edirik, amma onlar Ermənistan sərhədlərinə göndəriliblər, ölkəni tərk etməyiblər. Hazırda Türkiyə, İran sərhədlərində rus hərbçiləri var. Azərbaycanla delimitasiya olunmuş ərazilərdən getsələr də, digər istiqamətlərdə qalmaqdadırlar. O deməkdir ki, istənilən vaxt təxribat törədə bilərlər".

Siyasi şərhçinin sözlərinə görə, Qərb Ermənistana qulağa xoşgələn sözlər deyir, şirin vədlər verir, lakin onun köklü problemlərinin həllinə ehtiyac var. Ekspert hesab edir ki, bura nə Azərbaycan, nə Gürcüstandır: “Ermənistan həmişə Rusiyanın əyaləti olub. Moskvanın arxayınlığı da odur ki, ermənilər çox uzağa gedə bilməzlər, onsuz da Cənubi Qafqazdadırlar, onlardan avropalı çıxmaz. Əslində gürcü xalqını da belə dəyərləndirirlər. Sözsüz ki, Rusiyanın nə düşünməsinə baxmayaraq, Cənubi Qafqazda, xüsusən də Ermənistanda əvvəlki nüfuza, təsirə malik deyil. Amma Rusiyanın regiondan tamamilə çıxdığı eyforiyasına qapılmaq yanlış olar. Bu mənada, Avropa İttifaqı Ermənistanda daha çox iş görməyə məhkumdur. Yəni vizasız gediş-gəliş güzəşti müqabilində rus hərbi bazalarını çıxarmaq tələbi irəli sürməklə məsələ həllini tapmır. Çünki rus hərbçilərini bölgədən çıxarmağı bacarmaq lazımdır və Paşinyan əlini daşın altına qoyaraq bunu təkbaşına reallaşdıra biləcək siyasi iradəyə malik deyil. Qərb erməni hakimiyyətinə ən yüksək səviyyədə dəstəyi gücləndirməlidir ki, deyilənlər həyata keçsin, yoxsa "vizanı ləğv edirəm, sən də rus bazalarını yığışdır, sərhədçilərini ölkədən çıxar" deməklə məsələ həllini tapa bilməz. Bu nöqteyi-nəzərdən həm siyasi, həm təhlükəsizlik zəmanəti olmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2026

30 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR