İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu BBC-ni sual altında qoydu: “Londonda buna icazə verərlərmi?” – VİDEO

Məlum olduğu kimi, "Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu BBC Azərbaycana müsahibə verib. Rauf Arifoğlu müsahibə zamanı bir çox maraqlı açıqlamalar verib. O, qeyd edib ki, media sahəsində mövcud olan çağırışlar və rəqəmsal platformaların inkişafı jurnalistika prinsiplərinə yeni yanaşmalar tələb edir: "Biz hər zaman cəmiyyətin məlumatlandırılması istiqamətində üzərimizə düşən öhdəliyi layiqincə yerinə yetirməyə çalışmışıq. Jurnalistin əsas vəzifəsi həqiqəti cəmiyyətə çatdırmaqdır və bu missiya heç vaxt dəyişmir".

Rauf Arifoğlu qeyd edib ki, yerli biznesdə iştirak edən xarici şirkətlər ölkə mediasına heç bir əhəmiyyət vermirlər, hətta reklam da ayırmırlar:

"Nə "Toplum TV", nə "Meydan TV", nə də digərlərinin reklam bazarında hər hansı payı yoxdur. Bəs bu maliyyə vəsaitləri haradan gəlir? Əlbəttə ki, xaricdən. Görəsən, bunu araşdıran varmı ki, bu vəsaitlər hansı xarici fondlardan və hansı məqsədlə verilir? Niyə məhz indi xarici fondlar və ya xarici ölkə kəşfiyyatları Azərbaycanda media qurumları yaratmaq istəyirlər? Səbəb nədir, nə gü güdürlər? Guya bir qrup jurnalistə yaxşı maaş verib çörək qazandırmaq istəyirlər? Əgər belədirsə, o zaman həmin pulları öz vətəndaşlarına və ya fəaliyyət göstərdikləri ölkələrə versinlər."

Müsahibədə səsləndirilən "Azərbaycanda nəyi dəyişmək istəyirdilər?" sualına gəldikdə isə, Rauf Arifoğlu qeyd edib ki, sualı ünvanlayan jurnalistin özü də Böyük Britaniyaya bağlı xarici media quruluşunun təmsilçisidir. O, BBC-nin büdcəsinin vergi ödəyicilərinin vəsaitləri hesabına formalaşdığını xatırladaraq, qarşı tərəfin məhz həmin maraqları müdafiə etdiyini vurğulayıb.

Rauf Arifoğlu bildirib ki, özü heç vaxt hər hansı xarici kəşfiyyata və ya fonda bağlı olmayıb:

"Mən öz dövlətimdən maliyyələşməyi hansısa xarici fondlardan pul almaqdan daha şərəfli hesab edirəm. Bu, birbaşa qanun pozuntusudur, xarici agent statusudur və klassik agentura məsələsidir". Onun sözlərinə görə, əsas məqsəd ictimai rəyi və fikri dəyişməkdir. Son illərdə Azərbaycanın əldə etdiyi böyük nailiyyətləri kölgədə qoymaq, erməniləri haqlı göstərmək və ölkə həbsxanalarında cəza çəkən erməni terrorçularını guya hərbi girov və ya müqəddəs sima kimi təqdim etmək istəyirlər. "Meydan TV", "Abzas Media" və "Toplum TV" kimi qurumların materialları təhlil edilsə, bunun aydın şahidi olmaq mümkündür. Oradakı əməkdaşların bir çoxunun yerli vətəndaşlar olmasına baxmayaraq, onlara vətənpərvərlik üçün deyil, vətənə qarşı mövqe sərgiləmələri üçün valyuta ödənilir.

Rauf Arifoğlu şəxsi təcrübəsindən də bəhs edərək bildirib ki, keçmişdə onu da işə dəvət edənlər olub, lakin o, öz prinsiplərinə sadiq qalıb:

"Məsələn, mənə təklif olunan işdən daha yüksək maaş verən yerlər var idi. Amma sual olunur: "Toplum TV" və digərləri bu qədər böyük vəsaitləri haradan əldə edirdilər? Niyə birdən-birə Azərbaycan jurnalistləri üçün bu qədər "can yandırmağa" başladılar? Maraqlıdır, görəsən Azərbaycan dövləti Böyük Britaniyada – Londonda BBC-yə alternativ olacaq və ondan qat-qat artıq maaş verəcək bir televiziya qura bilərmi? Qanunvericilik imkan verərmi ki, məsələn, hansısa hindistanlı və ya pakistanlı əsilli şəxslər orada müstəqil televiziya yaradıb İngiltərə dövlətinin siyasi proseslərinə müdaxilə etsinlər? Əsla yox".

Sonda Rauf Arifoğlu vurğulayıb ki, Azərbaycana qarşı əslində ideoloji müharibə başladılıb və bu cür media layihələrinin təsis edilməsində əsas məqsəd tamamilə başqadır. O, heç kəsi birbaşa ittiham etmədiyini, sadəcə olaraq mövcud reallıqları və öz qənaətlərini dilə gətirdiyini bildirərək, səsləndirdiyi fikirlərin montaj zamanı tam şəkildə qorunacağına ümid etdiyini ifadə edib.

Toğrul Abbas,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR