İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyevin gənclik videosu yayıldı: görün nə ilə məşğul imiş - VİDEO

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin nadir arxiv görüntüləri yayılıb.

Musavat.com-un məlumatına görə, videokadrlar 1980-ci ilə aiddir. Həmin dövrdə Rəsul Quliyev “XXII qurultay” adına zavodda baş mühəndisin təbiəti mühafizə üzrə müavini vəzifəsində çalışıb. O, fəaliyyəti ilə bağlı Azərbaycan Televiziyasına müsahibə verib.

Musavat.com sözügedən görüntüləri təqdim edir.

Qeyd edək ki, Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvanın Qazançı kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1970-ci ildə həmin institutu neft-kimya və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə elə həmin ildən Sumqayıt şəhərindəki kimya kombinatında işçi kimi başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb. 1981-ci ildə Bakı Neftayırma Zavodunun direktoru təyin edilib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra, 7 dekabr 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti – Neft və qaz emalı üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin olunub.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb. 29 iyul 1993-cü ildə xalq deputatı kimi Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və 1995-ci ilin noyabrınadək bu vəzifəni icra edib.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və parlamentin sədri seçilib. 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən etibarən ABŞ-də yaşayır.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR