İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan kütləvi RAKET HÜCUMU - Rumıniya sərhədi BAĞLANDI

Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi kütləvi raket hücumları nəticəsində Rumıniya ilə sərhəddə yerləşən “Dyakovtsi” avtomobil buraxılış məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə "RBC Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, rusların genişmiqyaslı hücumları nəticəsində “Dyakovtsi” beynəlxalq avtomobil buraxılış məntəqəsində sənədləşmə və sərhəd keçidi prosesləri üçün zəruri olan elektrik enerjisi təchizatı kəsilib.

“Hazırda məntəqədə sənədləşmə işləri, eləcə də nəqliyyat vasitələrinin və piyadaların keçidi hər iki istiqamətdə dayandırılıb. Enerji təchizatının bərpası üçün tədbirlər görülür”, – Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qurum vətəndaşlara sərhədi keçərkən bu məlumatı nəzərə almağı və alternativ keçid məntəqələri olan “Krasnoyilsk” və “Porubnoye” istiqamətlərindən istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl Rumıniya 27 oktyabrdan etibarən Ukrayna ilə sərhəddəki bir keçid məntəqəsində nəqliyyat hərəkətinə qoyulan məhdudiyyətləri 33 gün müddətinə uzadıb.

Bundan başqa, Ukrayna Dövlət Sərhəd Xidməti Lvov vilayətində, Polşa ilə sərhəddə yerləşən “Rava-Russkaya” keçid məntəqəsinə aparan yolda təmir işlərinin getdiyini və bu səbəbdən avtomobillərin rəsmiləşdirilməsində ləngimələrin yarana biləcəyini vətəndaşların diqqətinə çatdırıb.

Qurum səfər planlaşdıranlara bu amili nəzərə almağı və mümkün qədər alternativ keçid məntəqələrindən istifadə etməyi tövsiyə edib.

Xatırladaq ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko yaxın vaxtlarda Avropa İttifaqına giriş qaydalarında ediləcək dəyişikliklər və biometriya sisteminin növbələrin uzunluğuna təsiri barədə də açıqlama verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR