Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda son illərdə siyasi partiyaların fəaliyyətinin yenidən təşkilatlanması və hüquqi statusunun yeni qanunvericiliyə uyğunlaşdırılması prosesi gedir. Yeni qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçən siyasi partiyaların sayı hazırda 26-dır. Bu proses nəticəsində əvvəlki dövrlə müqayisədə siyasi təşkilatların sayı əhəmiyyətli dərəcədə azalıb və partiyaların strukturunun, üzvlük bazasının və təşkilati fəaliyyətinin yenilənməsi gündəmə gəlib.

İndi isə növbə partiyaların daxili yenilənmə mərhələsinə çatır. Bir sıra siyasi təşkilatlarda nizamnamə ilə müəyyənləşdirilmiş qurultay müddətləri başa çatır. Bəzi xəbər saytlarında Vətəndaş Həmrəyliyi Partiyasının qurultayının keçiriləcəyi və partiyanın rəhbərliyinin dəyişəcəyi barədə informasiya yayılıb.
Bildirilir ki, VHP-nin qarşıdakı qurultayını digər siyasi partiyaların toplantılarından fərqləndirən əsas məqamlardan biri isə Sabir Rüstəmxanlının uzunmüddətli sədrliyidir. İddia olunur ki, VHP-nin IX qurultayı yalnız sədr seçkisi ilə məhdudlaşmaya bilər. Partiyanın yeni siyasi mərhələyə uyğunlaşdırılması, rəhbər strukturların yenilənməsi, gənc kadrların idarəetməyə daha geniş cəlb olunması və təşkilati strukturda dəyişikliklər gündəmə gələ bilər.
Sabir Rüstəmxanlı VHP-ni 1992-ci ildə yaradıb və həmin ilin sentyabrında keçirilən təsis qurultayında partiyanın sədri seçilib. Başqa sözlə, o, 34 ildir VHP-yə rəhbərlik edir.
VHP parlamentdə təmsil olunan partiyalardan biridir. Partiyanın öz məlumatına görə, VHP müstəqillik dövründə keçirilən parlament seçkilərində davamlı şəkildə iştirak edib və müxtəlif çağırışlarda Milli Məclisdə təmsil olunub.
Yayılan xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ilə danışdıq. Samir Əsədli Musavat.com-a bildirdi ki, son günlər bəzi saytlarda VHP-nin qurultayının yaxın aylarda keçiriləcəyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: “Mənə təəccüblü gəlir ki, bu cür heç bir əsası olmayan xəbər nə üçün yayılıb. Vətəndaş Həmrəyliyi Partiyasının son qurultayı 2025-ci ilin sentyabr ayında keçirilib. VHP-nin Nizamnaməsinə görə, partiyanın ali idarəetmə orqanı olan qurultay 5 ildən bir Ali Məclis tərəfindən çağırılır. VHP-nin mövcud Nizamnaməsinin tələblərinə uyğun olaraq, fövqəladə hal və növbədənkənar ali toplantının keçirilməsini zəruri edən hər hansı xüsusi vəziyyət yaranmadığı təqdirdə, partiyanın növbəti ali toplantısının 2030-cu ildə keçirilməsi nəzərdə tutulur. Hazırda hər hansı xüsusi vəziyyət də yaranmayıb ki, növbədənkənar qurultay keçirilsin”.
Etibar Seyidağa,
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ