İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali üçün YENİ QAYDA: Təzə mənzil pasportu gəlir

Gələn il yanvarın 1-dən binaların enerji effektivliyi ilə bağlı pasportlaşdırılmasına başlanılacaq. 

Musavat.com xəbər verir ki, yeni qaydalar qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq.

Mövcud binalara isə yalnız yenidənqurma və ya əsaslı təmir aparıldığı halda bu tələb şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün pasport könüllü qaydada əldə edilə biləcək.

Qeyd edək ki, enerji effektivliyi pasportu binanın adi texniki pasportu deyil. Sənəddə binanın enerji sərfi və karbon qazı emissiyası üzrə sinfi, eləcə də isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf ediləcək enerji göstəriləcək.

Yeni sistem tikintiyə icazə prosesinə də inteqrasiya ediləcək. Binanın enerji effektivliyi pasportunun tikintiyə icazə verilərkən tələb olunan sənədlərin siyahısına daxil edilməsi nəzərdə tutulur. Bununla da binanın enerji sərfiyyatı və mümkün itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihənin hazırlanması zamanı nəzərə alınacaq.

2023-cü ildə Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Binaların minimum enerji effektivliyi normaları”na əsasən binanın enerji effektivliyi sinfi – istismarda olan və ya laihələndirilən binanın enerji effektivliyini xarakterizə edən binanın enerji istehlakının qənaətlilik səviyyəsi müəyyən edilib. Sənədə əsasən binalar enerji effektivliyinə görə 5 sinif üzrə qiymətləndiriləcək. Enerji sərfiyyatı müəyyən olunmuş normanın 51 faizindən az olan binalar “Çox yüksək” – A, 10-50 faizədək az olanlar “Yüksək” – B, enerji sərfiyyatı müəyyən olunmuş normanın 9 faizindən az, ondan 5 faiz çox olanlar “Normal” – C, enerji sərfiyyatı müəyyən olunmuş normadan 6-75 faiz çox olanlar “Aşağı” - D, enerji sərfiyyatı müəyyən olunmuş normadan 75 faiz yuxarı olanlar isə “Çox aşağı” – E kateqoriyasına aid ediləcək.

Bu ilin avqustunda isə energetika naziri Pərviz Şahbazovun əmri ilə “Binalarda enerji sərfinin hesablanması metodologiyası” təsdiqlənib. Metodologiya enerji istehlakının hansı əsaslarla və necə, hansı düsturlarla hesablanacağını, bu zaman hansı məlumatların nəzərə alınacağını müəyyən edir.

Sənədə əsasən, binanın enerji sərfi hesablanarkən elektrik enerjisi, qaz, istilik enerjisi və digər enerji daşıyıcıları üzrə istehlak eyni hesabat dövrü üçün birlikdə qiymətləndiriləcək. Əgər əvvəlki dövrdə enerji istehlakı ilə bağlı uçot aparılmayıbsa, həmin binanın enerji sərfini müəyyən etmək mümkün hesab edilməyəcək.

Yeni metodologiyaya görə, enerji sərfi tam illər üzrə hesablanacaq. Əgər hesablanma dövrü tam bir ili əhatə etməzsə, illik enerji sərfi xüsusi hesablama üsulu ilə müəyyən ediləcək.

Sənədə əsasən, bina üzrə enerji sərfinin müəyyən edilməsi dövrü 5 ildən azdırsa, hesablamalarda iqlim göstəriciləri də nəzərə alınacaq. Həmçinin bu müddətdə binada aparılan dəyişikliklər onun enerji səmərəliliyinə 10 faizdən çox təsir göstəribsə, əvvəlki məlumatlardan istifadə edilməyəcək. Dəyişikliklərin təsiri 10 faizə qədər olduqda isə əvvəlki göstəricilər müvafiq düzəlişlər edilməklə hesablamaya daxil ediləcək.

Binaların enerji istehlakı əsasən sayğac göstəriciləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, elektrik, qaz və istilik təchizatçıları tərəfindən təqdim olunan hesab-fakturalar da faktiki enerji istehlakının hesablanması üçün əsas kimi istifadə oluna biləcək.

Yeni qaydalara görə, binada maye yanacaq istifadə olunursa, sərf olunan yanacaq çəndəki yanacaq səviyyəsinin dövrün əvvəlində və sonunda ölçülməsi, həmçinin həmin müddətdə alınan yanacağın həcmi nəzərə alınmaqla hesablanacaq.
Əgər bina qaz balonları ilə təmin edilirsə, bu halda enerji sərfi istifadə olunan qaz balonlarının sayına əsasən müəyyən ediləcək.

Onu da qeyd edək ki, son 15 ildə bütün dünyada məişətdə və istehsalda istifadə olunan texnikanın, avadanlıqların enerji sərfiyyatının qiymətləndirilməsi normaya çevrilib – hər birinin üzərində onun enerji sərfiyyatı sinfi mütləq qeyd olunur. İnkişaf etmiş ölkələrdə, xüsusilə də Avropada binalara münasibətdə bu tələb 10 ilə yaxındır qoyulur. Bu təcrübənin Azərbaycanda tətbiqi, binaların enerji effektivliyi pasportu mənzillərin və kommersiya obyektlərinin qiymətinə necə təsir göstərəcək? Qanunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə mindiyi tarixdən sonra layihələndirilən yeni binalar enerji effektivliyi yüksək olacaq şəkildə inşa edilməlidir. Bu yenilik istehlakçıya nə verəcək?

WhatsApp Image 2026-09-10 at 16.39.39.jpeg (26 KB)

Azərbaycan Qiymətləndirucilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun dediyinə görə, indiyədək satılan mənzillər bina mənsubiyyəti baxımından köhnə və yeni tikililər kimi dəyərləndirilirdisə, bundan sonra yeni tikililər daxilində də bölgü olacaq: “Yəni əvvəl alıcı mənzilin yeni, yaxud köhnə tikilidə olmasına diqqət yetirirdisə, indi həm də hansı yeni tikilidə olduğunu nəzərə alacaq. Rieltora müraciət edən alıcı maraqlanacaq ki, bina enerji effektivliyinə görə hansı kateqoriyaya daxildir. Çünki enerji effektivliyi yüksək olan binadakı mənzillərin enerji sərfiyyatı da aşağı olacaq. Bildiyiniz kimi, enerji xərcləri müasir dövrdə mənzil sahiblərinin ən çox vəsait sərf etdiyi istiqamətdir. Enerji effektivliyi yüksək olan binanın hava izolyasiyası olacaq. Bu, yalnız səsdən deyil, bayırdakı temperaturun təsirindən də qoruyan bir izolyasiya sistemidir. Onun sayəsində qışda soyuq havanın, yada isə isti havanın bina daxilinə təsiri ciddi şəkildə məhdudlaşır. Bunun sayəsində həmin binada enerji sərfiyyatı aşağı olur, demək, mənzil sahiblərinin xərci də azalır. Yəni belə binalarda sakitlik, səs-küyün təsirinin az olması ilə yanaşı, enerji sərfiyyatı da az olacaq”.

Ekspert bildirir ki, enerji effektivliyi yüksək olan binalardakı mənzillərin qiyməti digər binalarla müqayisədə daha yüksək olacaq: “Aydın məsələdir ki, enerji effektivliyi A kateqoriyasına uyğun olan binalarda mənzillər, yaxud kommersiya obyekti hamısından baha olacaq. Lakin bu bahalıq sonrakı xərclərdəki azalma hesabına kompensasiya olunacaq. Bununla yanaşı, enerji effektivliyi pasportunun tətbiqinin daşınmaz əmlak bazarında qiymətlərə artırıcı təsiri dərhal və hiss ediləcək qədər olmayacaq. Bu, pasportlu binaların sayı artdıqca daha çox hiss ediləcək. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq hesab edirik ki, enerji effektivliyi pasportunun tətbiq olunması ilə bağlı daşınmaz əmlakların qiymətləndirilməsi metodologiyasına da dəyişiklik edilməlidir. Yəni hər hansı daşınmaz əmlak qiymətləndirilərkən enerji effektivliyi vəziyyəti mütləq nəzərə alınmalıdır”.

Dünya,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR