Onlayn ictimai-siyasi qəzet
Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz sahili boyunca mövqelərini sürətlə genişləndirir.
Musavat.com xəbər verir ki, bu irəliləyiş onların dünyanın ən mühüm ticarət marşrutlarından biri hesab olunan Bab əl-Məndəb boğazı üzərində daha böyük nəzarət əldə etməsi ilə bağlı narahatlıqları artırıb.
Son hadisələr fonunda husilər strateji əhəmiyyət daşıyan Moha liman şəhərinə nəzarəti ələ keçirib və Qırmızı dənizdəki Haniş adalarına doğru irəliləyiblər.
Bu ərazilər Bab əl-Məndəb boğazına yaxın yerləşdiyindən husilərin mövqelərinin güclənməsi beynəlxalq gəmiçilik üçün ciddi risk yarada bilər.
Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən əsas dəniz keçidlərindən biridir. Buradan Asiya ilə Avropa arasında, o cümlədən Süveyş kanalı istiqamətində mühüm yük və enerji daşımaları həyata keçirilir.
"Reuters"in məlumatına görə, dünya neft hasilatının təxminən 7 faizi bu marşrutdan keçir.
Husilərin sahilboyu ərazilərdə nəzarəti genişləndirməsi onlara beynəlxalq gəmiçiliyə təzyiq göstərmək üçün daha əlverişli mövqe qazandıra bilər. Bu isə Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyət fonunda qlobal ticarət və enerji bazarları üçün yeni risklər yaradır.
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ