Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu 7 oktyabr hücumu ilə bağlı səsləndirdiyi fikirlərə görə məhkəməyə verilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. İsrail ordusu baş qərargah rəisinin keçmiş müavini, hazırda solçu “Demokratlar” partiyasının sədri olan Yair Qolan Sara Netanyahuya qarşı 2,55 milyon şekel – təxminən 843 min dollar məbləğində böhtan və mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb.
Mübahisəyə Sara Netanyahunun avqustun 31-də “Kanal 14”ə verdiyi müsahibədə səsləndirdiyi fikirlər səbəb olub. O, Qolanın HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu zamanı çox erkən saatlarda “geyindiyini və hazır olduğunu” söyləyərək, başqalarının, o cümlədən baş nazirin hələ baş verənlərdən xəbərsiz olduğu vaxt Qolanın hücum bölgəsinə getməsinə diqqət çəkib.
Qolan hesab edir ki, bu sözlərlə onun HƏMAS hücumundan əvvəlcədən xəbərdar olması barədə heç bir sübuta əsaslanmayan təsəvvür yaradılıb.
Keçmiş general 7 oktyabr səhəri öz təşəbbüsü ilə İsrailin cənubuna getmiş, Nova musiqi festivalına hücum edilən əraziyə çataraq insanların xilas edilməsində iştirak etdiyini bildirir.
Qolan əvvəlcə Sara Netanyahuya müraciət edərək açıqlamalarını geri götürməsini, üzr istəməsini və Nova hücumundan sağ çıxanlara əhəmiyyətli məbləğdə ianə etməsini tələb edib. Onun sözlərinə görə, bu tələblər yerinə yetirilməyib. Əvəzində Sara Netanyahu 1 milyon şekellik – təxminən 330 min dollarlıq qarşılıqlı iddia ilə hədələyib.
“Demokratlar” partiyası isə müsahibədən sonra Qolana qarşı internetdə zorakılıq çağırışlarının 450 faiz artdığını və kəşfiyyat xidmətlərinin siyasətçiyə qarşı konkret təhdidlər qeydə aldığını bildirib. Polis də Qolan üçün təhlükə səviyyəsini yüksəldib.
“Bu iddia yalnız mənim yaxşı adımla və ya 7 oktyabrda etdiklərimlə bağlı deyil. Bu, bütün sərhədləri itirmiş hökumətə qarşı bütöv bir siyasi düşərgənin mülki ittihamıdır”, – deyə Qolan bildirib.
Qalmaqal İsraildə 7 oktyabr hücumundan əvvəl siyasi və hərbi rəhbərliyin hansı məlumatlara malik olması ilə bağlı mübahisələrin yenidən gücləndiyi vaxta təsadüf edir. Benyamin Netanyahu da bundan bir gün sonra yüksək rütbəli hərbçilərin hücum təhlükəsinə dair əlamətlərə baxmayaraq, onu oyatmadıqlarını bildirib. Baş nazir sonradan bununla təhlükəsizlik rəhbərlərini “xəyanətdə” deyil, uğursuzluqda ittiham etdiyini dəqiqləşdirib.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ