İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidəki faciənin şahidi: “Coşqun mənə əl yellədi, bir neçə saniyə sonra tros qırıldı”

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən "zipline" faciəsinin birbaşa şahidi, mərhum Coşqun Məmmədovun nişanlısı Nazlı xanım hadisənin təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, azərbaycanlı jurnalist Qənirə Ataşova hadisə şahidinin danışdıqlarını sosial media hesabında paylaşıb.

Nazlı xanımın sözlərinə görə, hadisə günü Coşqun, Ucal, Şəbnəm və o, "zipline"ın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəlcə Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Daha sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkməyi planlaşdırıb.
Lakin Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb.

Beləliklə, eyni anda xətt üzərində iki nəfər olub.

Nazlı xanımın sözlərinə görə, Coşqun ona əl yelləyib. Bir neçə saniyə sonra isə qəfil sola doğru hərəkət edib və tros qırılıb. Zərbənin təsirindən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb. Xoşbəxtlikdən o, ciddi xəsarət almayıb.

Hadisənin saat 14:44-də baş verdiyi bildirilir. Nazlı xanım bunu həmin ana aid fotoşəklin vaxt göstəricisinin də təsdiqlədiyini deyir.

Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı xanım bunun Coşquna aid olduğunu düşünüb və onun sağ qalacağına ümid edib.

Onun sözlərinə görə, saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda artıq gec olub:
“Onun mələk üzü, mavi gözləri mən ora çatana qədər açıq idi”.

Nazlı xanım həmin vaxt Ucal və Şəbnəmi də axtarıb. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü gördüyünü bildirib. Onun sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb: “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...”.

Jurnalist qeyd edir ki, bunlar istintaqın nəticələri deyil, faciənin birbaşa şahidinin ifadələridir və araşdırılmalıdır.

Hadisə ilə bağlı əsas suallardan biri isə budur: Coşqun xətti tamamlamamışdısa, Ucal niyə yola salınmışdı? Eyni xəttdə iki insanın eyni vaxtda hərəkətinə kim icazə vermişdi?

Nazlı xanımın başqa bir fikri isə faciənin yaratdığı ağrını və məsuliyyət məsələsini önə çıxarıb. O, yüksəklikdə işləyən əməkdaşa baxaraq ona yazığı gəldiyini, hətta əlavə pul verməyi düşündüklərini bildirib: “Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır”.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində baş verib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR