Onlayn ictimai-siyasi qəzet
“Müharibə olacaq, Azərbaycan bunu gizlətmir və buna hazırlaşır. Bütün Ermənistanı ələ keçirmək istəyir”. Bu sarsaq fikrin müəllifi Qarabağda 2023-cü ilədək mövcud olmuş qondarma qurumun “komandanı” Arkadi Karapetyandır.

Onun iddiasına görə, İran Ermənistanı qorumasa, guya məhv olacaq. Karapetyan hətta Çinin də Ermənistanın dövlətçiliyini qorumaqda maraqlı olduğunu deyib. Hələ harasıdır, daha sonra o, utanıb-eləmədən “əgər Rusiya tövbə etməsə və Qarabağı bizə qaytarmasa, o zaman müharibədən çəkilməyəcək və yox olacaq”.
Sitat: “İndi Rusiya Donetski necə almaq istəyir? Müharibə yolu ilə. Qarabağı bizə məhz belə qaytarmalıdır. Axı o, bizi qorumadan Qarabağı müharibə yolu ilə verdi. Niyə 1990-cı illərdə irəliləyişi davam etdirmədik? Ruslar buna icazə vermədilər. Rusiya, ABŞ və digərləri razılaşdılar və Qarabağı verdilər".
Yəni, bu xəstə məxluqa görə, “artsax” ermənilərin olmayınca Rusiya da, İran da məhv olacaq, Çin isə pis duruma düşəcək, ümumiyyətlə, dünyada sabitlik olmayacaq. Qısası, köhnə bayatı: “Bütün dünya haylara borclu...”
Onun Rusiyaya bu səslənişi nədən xəbər verir? Rusiyanın "Qarabağı alıb ermənilərə vermək" Moskvanın uzaq planlarında ola bilərmi?
Siyasi şərhçi Xəyal Bəşirov separatizmin ağır məğlubiyyətə uğradığını qeyd edərək, onların utopiya ilə yaşadığını düşünür. Onun Musavat.com-a bildirdiyinə görə, bu qüvvələr tör-töküntü vəziyyətindədir və hələ də Rusiyadan mədəd diləyir: "Separatçılar vahid güc kimi meydana çıxa bilmirlər. Qarabağdan gedənlər Ermənistanda gözlədikləri dəstəyi ala bilmədilər. Bunun səbəblərindən biri də Qarabağdan gedənlərin Ermənistanda sevilməməsidir. Erməni cəmiyyəti heç də tam olaraq onlarla eyni fikirdə deyil. Xalqın bir qismi bu hadisələrdə Qarabağ ermənilərini günahkar görür. Bunu deməkdə məqsədim odur ki, onların çağırışlarına nə Rusiya, nə erməni cəmiyyəti müsbət cavab verə bilər".
Xəyal Bəşirov Rusiya və Azərbaycan üçün 90-cı illər olmadığını hesab edir: "Bundan sonra da nə o Rusiya, nə o Azərbaycan olacaq. Şükür ki, güclü ordumuz var. Eyni zamanda, səmimi müttəfiqlərimiz var - Türkiyə, Pakistan. Eləcə də İsrail, Britaniya, Çin kimi tərəfdaş güc mərkəzlərini qeyd etmək lazımdır. Azərbaycan ABŞ və Avropa İttifaqı ilə də praqmatik münasibətlər qurmağa çalışır. Həmçinin Orta Asiyada türk dövlətləri ilə müttəfiqlik qurulur. Bu halda, Rusiya yenidən Qarabağın işğalına cəhd edə bilərmi? Təbii ki, o erməni cinayətkar hərbçi cəfəngiyat danışıb. Onun geosiyasi proseslərdən ya xəbəri yoxdur, ya da populizmə yol verib".

Siyasi şərhçi Rusiyanın imperiya kimi kiçildiyini, Cənubi Qafqazda təsirinin azaldığını müşahidə edir: "Ukrayna müharibəsi öz nəticələrini göstərir. Bu gedişat Rusiyanın dirçəlişini vəd etmir. Üstəlik, Rusiya Ermənistanın və ermənilərin üzünü gördü. Onlar üçün Azərbaycanla düşmənçiliyə dəyməz. Bir sözlə, bütün siyasi, iqtisadi, hərbi və geopolitik səbəblərdən separatçıların Qarabağa arzuladıqları şəkildə qayıdışı yalnız mifdir, xülyadır".
Emil Salamoğlu
Musavat.com
23 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ