İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞƏT sammiti başa çatdı

Prezident İlham Əliyev ikitərəfli görüşlər keçirdi, tədbirdə çıxış etdi

31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilib. Sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilib və təşkilatın 25 illiyinə həsr olunub. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında sədrlik edir.

ŞƏT-ə üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır.

Azərbaycan Prezidenti İlham Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycanla Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev və Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Avqustun 31-də Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşü olub.

Dövlətimizin başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə - Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bu, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlara Qazaxıstan xalqının dəstəyinin növbəti nümunəsi idi.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb, nəqliyyat-logistika məsələləri müzakirə olunub, Orta Dəhlizin əhəmiyyətinə toxunulub, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxunublar.

Avqustun 31-də Prezident İlham Əliyevin növbəti görüşü İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla olub. Məsud Pezeşkian dövlətimizin başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.

İlham Əliyev və Vladimir Putin arasında təkbətək söhbət olub -

Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.

Dövlətimizin başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bişkekdə ŞƏT sammiti: Prezidentlər İlham Əliyev və Ərdoğan regional sülh  məsələlərini müzakirə ediblər — Fins.az

Sentyabrın 1-də isə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevlə Hindistanın baş naziri Narendra Modi arasında da söhbət olub.

Sentyabrın 1-də Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Tədbirdə 15-dən çox dövlətin liderləri və nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib: “Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı”.

Dövlətimizin başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdı.

İlham Əliyev çıxışında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri üzrə qısa müddətdə müvafiq mexanizmlərin işlənib hazırlanması tələb olunur.

“Əgər bu, həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişənin həllində rolunun artırılmasına töhfə verəcək. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - dövlət başçısı qeyd edib.

Prezident Əliyev onu da deyib ki, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 30 il sonra, üç il əvvəl icra edilib.

Bişkekdə ŞƏT sammiti: Prezidentlər İlham Əliyev və Ərdoğan regional sülh  məsələlərini müzakirə ediblər — Fins.az

Prezident İlham Əliyev bildirib ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.

İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir: “Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni quru nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü tam şəkildə bərpa edib”.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirdiyi görüşlər regionun siyasi gündəminə dair mühüm mesajlarla yadda qalıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR