İnsanlara hürriyət, millətlərə istiqlal!

Şit tərif üz qızartmırsa, tənqid də qorxutmursa...

İndi şəxsən mənim ən çox qorxduğum bir şey özümdən də çox başqalarına problem yaratmaqdır. Hərçənd, 93-cü ildən bura öz yazılarıma görə çox ciddi təpkilə qarşılaşmamışam. Olub, vaxtilə çox çağırıblar, söhbət ediblər, sorğu-sual edib yola salıblar.
Hərdən özümə deyirəm ki, bəs çalış, Ezop dilində, işarəylə yaz, axı ariflərə işarə də bəsdir guya. Olsun.

Sovet vaxtı çox tanınan şairlərdən birinin -Yevgeni Yevtuşenkonun məşhur misrası vardı: Rusiyada şair sadəcə şair deyil...

Bir şey başa düşdünüzmü, Mirzə Cəlil demiş, ay mənim cırıq-mırıq, motalpapaq qardaşlarım? Mən bunu bir az dəyişərdim sizin üçün: Azərbaycanda jurnalist sadəcə jurnalist deyil, o, indi həm də siyasətçidir, deputatdır, hüquq müdafiəçisidir. Bir şey başa düşüdünüz?
Əlbəttə, yox! Şiş papaqlarınızın tərpənişindən hiss olunur ki, həmişə olduğu kimi heç nə başa düşməmisiniz. Eyib etməz! Səhərdən axşama qədər həyətlərdə nərdi bir az da bərk şappıldadın...

Amma sözümü deyəcəm. Mənim prinsipim budur ki, tərif üz qızartmırsa, tənqid çəkindirmirsə deməli, mənasızdır – deməli, sən də, qarşındakı qiyabi əlahəzrət də adam deyil, daşdır, divardır...
İndi bir üstünlüyümüz var ki, nəyisə tamamilə eşitməmək mümkün deyil, hətta biz danışmasaq da, yazmasaq da yenə hər şey eşidiləcək, çünki min şükür ölkə səhərdən axşama qədər həyətlərdə nərd şappıldadanlardan və hətta ənənəvi mediadakı beş - üç jurnalistdən də ibarət deyil.
Həqiqətən “insanların bir neçə mənbədən informasiya almaq hüququ var” sözləri qızılmış, amma tez də çiynimizə tüpürək, çünki bunu da əlimizdən alarlar : hər şey buna doğru gedir. Bu gün mətbuat, sabah TV-lər, o biri gün də yəqin internet özü! Odur, nərdi möhkəm şappıldadın...

Əlbəttə, siyasət də (2000-ci ildən daşını atmışam!), siyasi jurnalistika da əsəbləri zəiflər üçün deyil.

Amma “gönüqalın” olmaq da bir şey deyil, qəti yaramaz. Yadınızdamı, rəhmətəlik şair Tofiq Bayramın çox məşhur bir “Valokardin” şeri vardı:

...Ürək dözmür, nadan sənə,
Alim kimi dərs deyəndə.
Öz işinin xatirinə,
Susub onu dinləyəndə...

...Ürək dözmür, həm sənətkar,
Həm “diplomat” olanlara...
...Valokardin gətir, ana,
Valokardin...

Bəli, adam az qala qəribə “xəstənin” vəziyyətinə düşübdür; “ağrılarını” deyirsən, amma “xəstəliyinin” adını çəkə bilmirsən...

İndi bu cızma–qaranı edirəm, amma əsl səbəbi açıb deyə bilmirəm, çünki görürəm “ənənəvi media”da heç kim bu haqda yazmır, sanki əcaib şəhərin daş ürəkli hakimlərinin bu günlərdə “qəbul etdikləri” qərarlardan hamı xəbərsizdir...
Bəlkə hamılıqla okulistə, oftalmoloqa, nə bilim, lor həkiminə gedək, görək, axı noolub bizim qulaqlarımıza, gözlərimizə, niyə heç nə görmür, eşitmirik? Gəl, burada barmağımı dişləməli oluram: elə “sənətkar” sözü özü də “sənət” və “kar” sözlərindən ibarətdir.
Bir yaşlı jurnalist həmkarım mətbuat sözünü mətbuYAT kimi yazır. Haqlıdırmı? Bilmirəm, söz azadlığıdır, özü bilər, necə deyər, hamısı olmasa da bəzi sözlər azaddır – azad mətbuatla, müxalifətlə, siyasi partiyalarla bağlı ən həqarətli sözləri demək və yazmaq olar. Burada sovet lətifəsi yadıma düşdü. Reyqan Brejnevə deyir ki, bizdə hər adam Ağ Evin qabağına gəlib mənim haqqımda istədiyi sözü deyə bilər. Buna cavab olaraq Brejnev də deyir ki, noolsun, bizdə də hamı Qızıl Meydana gəlib sənin haqqında istədiyini deyə bilər!
Ona görə də bir azca əvvəldə dedim ki, Azərbaycanda jurnalist sadəcə jurnalist deyil, nəsə daha ağır və riskli bir ictimai yükdü – məcbursan ki, özündən də çox başqalarını düşünəsən...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR