Onlayn ictimai-siyasi qəzet
SSRİ-də kollektivləşdirmədən sonra ölkə iqtisadiyyatı tənəzzülə uğrayıb. Təkcə kəndlər deyil, onlardan asılı olan şəhərlər də aclıq çəkib. Mağaza rəflərindən ərzaq məhsulları yoxa çıxıb, kolbasa, ət, süd-pendir qıtlığı yaranıb. Ərzaq böhranı dövründə hətta böyük dövlətin paytaxtı Moskva sakinləri belə normal qidalana bilməyib. Məhz həmin vaxt tarixə “böyük dovşan eksperimenti” kimi düşən təşəbbüs ortaya çıxıb.
1932-ci ilin aprelində “Pravda” qəzeti “Ölkəni dovşan əti ilə təmin edək!” adlı məqalə dərc edib. Məqalədə sovet vətəndaşlarına izah olunub ki, Avropa ölkələrində dovşanlar geniş miqyasda yetişdirilib və ucuz zülal mənbəyi kimi böyük əhəmiyyət daşıyıb. Ardınca dərc olunan “Ət problemi və dovşan” adlı yazıda Moskvanın “Serp i Molot” (“Oraq və Çəkic”) zavodu nümunə göstərilib, burada dovşan yetişdirilməsinə başlanıldığı bildirilib və digər müəssisələrə də bu təcrübədən yararlanmaq tövsiyə edilib. Həmin ilin mayında Siyasi Büro “Dovşançılığın inkişafı haqqında” qərar qəbul edib. Qərara əsasən, hər bir iri müəssisə, məktəb və redaksiya öz dovşan fermasını yaratmalı olub.

Bu kampaniyadan mədəniyyət müəssisələri də kənarda qalmayıb. Teatrlarda və muzeylərdə də kiçik dovşan fermaları təşkil olunub. Hətta uşaqların rəsmi şəkildə dovşan yetişdirməklə məşğul olduğu uşaq kolxozları yaradılıb. İşin əhəmiyyətini uşaqlara çatdırmaq üçün “Murzilka” və “Oqonyok” jurnalları xüsusi nömrələr buraxıb, müxtəlif formalarda, o cümlədən şeirlər vasitəsilə dovşanın ölkəyə faydasını izah ediblər: əti qida, dərisi isti geyim, pəncələri və qulaqları isə yapışqan istehsalı üçün xammal hesab olunub.
Beləliklə, ölkədə dovşan yetişdirilməsi üzrə genişmiqyaslı kampaniya başlayıb. Mitinqlərdə fəhlələr həvəslə “Dovşan yetişdirək! Ölkəni doyuraq!” şüarları səsləndiriblər. Pionerlər dovşanlar üçün ot toplayıb, məktəblilər onlara qulluq edib, qəzetlər isə sovet dovşançılığının yeni uğurlarından ruh yüksəkliyi ilə yazıb. Hər şey plana uyğun gedib, ta ki ilk ciddi problemlər ortaya çıxana qədər.
Kağız üzərindəki planlar və reallıq

Hökumət beşillik plan çərçivəsində hazırlanan bu ideyanın uğur qazanacağına inanıb və hesab edib ki, 1937-ci ilə qədər SSRİ-də 40 milyon dovşan yetişdirilməlidir. Onların ölkədə ət məhsullarına olan tələbatın 20 faizini ödəyəcəyi gözlənilib. Plan elə olub ki, hər bir sovet vətəndaşı ənənəvi ət növlərinin əvəzinə dovşan ətini istehlak etməyə alışsın. Lakin hər şey planlaşdırıldığı kimi getməyib.
Məlum olub ki, dovşanları yemləmək üçün kifayət qədər yem yoxdur. Nəzəriyyədə bu problem otla həll olunmalı olub, lakin şəhərlərdə sənaye miqyasında nə ot yetişdirilib, nə də tədarük edilib. Məlumata görə, Moskvadakı fabriklərdən birində bütün otun dovşan yeminə ayrılması üçün biçin işlərinə məhdudiyyət qoyulub. Lakin biçin gecikdiyi üçün ot yararsız hala düşüb və nəticədə dovşanlar yemsiz qalıblar. Təcrübə göstərib ki, dovşanların saxlanılması üçün xüsusi qəfəslər də lazımdır, lakin Stalin dövrünün planlaşdırıcıları bunu nəzərə almayıblar. Dovşançılıq təsərrüfatları tikinti materialları ilə təmin edilmədiyinə görə insanlar qəfəsləri əllərində olan vasitələrdən düzəltməyə çalışıblar.

Dovşanlar qutularda və kisələrdə daşınıb, bu isə onların kütləvi şəkildə tələf olmasına səbəb olub. Nəticədə dovşan fermaları ya ümumiyyətlə tikilməyib, ya da onların tikintisi həddindən artıq baha başa gəlib. Buna baxmayaraq, dovşan yetişdirilməsi ilə bağlı plan göstəriciləri artırılmaqda davam edib.
Digər ciddi problem isə dovşançılığın iqtisadi baxımdan sərfəli olmaması göstərilib. Kampaniyaya başlamazdan əvvəl sovet iqtisadçıları hesablayıblar ki, pəhriz əti hesab edilən dovşan ətinin qiyməti hər kiloqram üçün 2 rubl olacaq. Reallıqda isə onun maya dəyəri 4–5 rubla çatıb. Buna görə də fəhlələr dovşançılıqla məşğul olmaq istəməyiblər, çünki burada aldıqları əməkhaqqı adi iş yerlərində qazandıqlarından aşağı olub. Bir çoxu fermaları tərk edərək yenidən zavodlara qayıdıb. Hətta “partiya çağırışı” ilə xüsusi kurs keçən 2 min mütəxəssis belə ilk fürsətdə bu sahədən uzaqlaşmağa çalışıb, çünki onun perspektivsiz olduğunu başa düşüb.
Böyük dovşan planının iflası
Xruşov öz xatirələrində həmin dövrü belə təsvir edib: “Deyəsən, 1932-ci il idi. Moskvada aclıq hökm sürürdü və mən şəhər partiya komitəsinin ikinci katibi kimi fəhlə sinfini ərzaqla təmin etmək üçün müxtəlif çıxış yolları axtarmağa böyük səy göstərirdim. Biz dovşan yetişdirilməsi ilə məşğul olmağa başladıq. Bu ideyanı şəxsən Stalin irəli sürmüşdü və mən də bu işə böyük həvəslə qoşuldum. Stalinin dovşançılığı inkişaf etdirmək barədə göstərişini böyük canfəşanlıqla həyata keçirirdim. Hər bir fabrik və hər bir zavod – harada mümkün idisə, hətta təəssüf ki, mümkün olmayan yerlərdə belə – dovşan yetişdirməyə başlamışdıq...”

Nəticədə zəif yemlənmə, pis saxlanma şəraiti, soyuq hava, xəstəliklər və baytar həkimlərinin çatışmazlığı dovşanların gözlənildiyi kimi çoxalmasına imkan verməyib. Onların sayı sürətlə azalmağa başlayıb. 1933-cü ilə qədər Moskvada olan 403 min dovşandan cəmi 280 mini qalıb. Leninqrad vilayətində də vəziyyət fərqli olub, bəzi bölgələrdə plan cəmi 18 faiz yerinə yetirilib. Sovet bürokratiyasının təzyiqlərinə baxmayaraq, dovşançılıqla məşğul olanlar kütləvi şəkildə bu işi tərk ediblər. Çünki planın həyata keçirilməsi üçün zəruri sistem yaradılmayıb.
Planın uğursuzluğa düçar olduğu aydınlaşdıqdan sonra günah zavod direktorlarının, partiya və həmkarlar ittifaqlarının üzərinə atılıb. Onlar guya Stalinin göstərişlərini lazımi şəkildə yerinə yetirməyib, dovşançılıq təsərrüfatlarına dəstək göstərməyib, yem bazası yaratmayıb, ucuz dovşan fermalarının tikintisi üçün daxili imkanlardan istifadə etməyiblər. Stalinin özü isə bundan sonra dovşanlar barədə bir daha danışmayıb. O, 1934-cü ildə keçirilən Sov.İKP-nin XVII qurultayında bu proqramı bir dəfə də olsun xatırlatmayıb. Bu təşəbbüsün uğursuzluğundan sonra SSRİ-də anlaşılıb ki, normal işləyən kənd təsərrüfatı olmadan ərzaq böhranını aradan qaldırmaq mümkün deyil. Lakin bu dərsdən gələcəkdə də nəticə çıxarılmayıb.
1950-ci illərdə Nikita Xruşov ərzaq problemini bu dəfə qarğıdalı kampaniyası vasitəsilə həll etməyə çalışıb. Tarixdə məlum olduğu kimi, qarğıdalı ideyası da digərləri kimi iflasa uğrayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ