İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji tərəfdaşlıqla “sementlənən” müttəfiqlik – Bakı-Bişkek qardaşlığında YENİ dövr

“Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri kifayət qədər yüksək dəyərləndirilən səfərlərdən biridir. Çünki burada biz iki qardaş respublika arasında əlaqələrin ən yüksək səviyyəyə çıxarılması üçün birgə səylərin həyata keçirildiyini və eyni zamanda münasibətlərin yeni mərhələyə yüksəldilməsi istiqamətində çox mühüm siyasi iradənin nümayiş etdirildiyini görürük”.

Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Azər Allahverənov deyib.

Deputat vurğulayıb ki, hazırda Azərbaycan–Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur:

“Burada müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa keçid açıq-aşkar özünü büruzə verməkdədir. Nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlığın artıq müttəfiqlik səviyyəsində qərarlaşdığını görürük. Bu isə ilk növbədə iqtisadi, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən fəaliyyətlə şərtlənir".

Azər Allahverənov xüsusilə qeyd edib ki, Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan genetik bağlılıq, hər iki xalqın türk ailəsinə mənsubluğu, ortaq tarix, dil və mədəniyyət çox güclü bir fundament yaradır: "Məhz bu fundament üzərində strateji tərəfdaşlığın ən yüksək səviyyədə qurulması mümkün olur. Biz iki dövlət arasında davam etdirilən tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin iki dost və qardaş ölkəni daha da yaxınlaşdırdığını görürük. Nəticə etibarilə bu gün həmin tərəfdaşlıq bir sıra mühüm mexanizmlər əsasında inkişaf etdirilir.

Onların sırasında Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın artıq sayca üçüncü iclasının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu isə siyasi dialoqun daha yüksək səviyyədə aparılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsinə, humanitar əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə dair əldə olunan razılaşmalarla xarakterizə olunur. Nəticə etibarilə Dövlətlərarası Şuranın fəaliyyəti və digər qurumlar arasında mövcud olan sıx təmaslar onu göstərir ki, münasibətlər həqiqətən də müttəfiqlik səviyyəsinə yüksəlib və artıq öz bəhrəsini verməkdədir".

Azər Allahverənov yeni vəzifəyə seçildi | Modern.az

Millət vəkilinin fikrincə, burada ən önəmli məsələlərdən biri siyasi dialoq və siyasi müstəvidə tərəfdaşlıqla yanaşı, hər iki ölkənin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə olunması üçün əlverişli şəraitin yaradılmasıdır: “Məhz bu müttəfiqlik həmin istiqamətdə də özünü açıq şəkildə büruzə verir. Nəzərə alsaq ki, bu gün ən önəmli məsələlərdən biri enerji layihələrinin reallaşdırılması və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır, xüsusilə də Orta Dəhliz üzərindən Çindən Avropaya daşınan beynəlxalq yüklərin Qırğızıstan, Azərbaycanın strateji tərəfdaşları olan Özbəkistan və Qazaxıstan ərazilərindən keçməklə Avropaya çatdırıldığını görürük. Bu isə onu göstərir ki, beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələri Qazaxıstanın da iştirakı ilə uğurla həyata keçirilir. Bu amil tərəfdaşlığın hansı səviyyədə qərarlaşdığını göstərən çox mühüm indikatorlardan biridir”.

Azər Allahverənov, həmçinin, iki dövlət arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın mövcudluğuna diqqət çəkib: “Düşünürəm ki, gələcəkdə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin, eləcə də investisiya siyasətinin daha da genişlənməsi iqtisadi əməkdaşlığın dərinləşməsi üçün çox əlverişli şərait yaradacaq. Nəzərə alsaq ki, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması qərarı qəbul olunub, bu, hər iki ölkənin aidiyyəti sektorlarında yeni imkanların yaranmasına səbəb olacaq və nəticə etibarilə iqtisadi müstəvidə həyata keçirilən siyasətin daha da möhkəmləndirilməsi üçün əlverişli şərait yaradacaq.

Bundan başqa, iki ölkə arasında 100-dən çox sənəd imzalanıb, bu sənədlər əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir. Ən önəmli istiqamətlərdən biri isə humanitar əməkdaşlıqdır. Azərbaycan üçün xüsusi həssaslıq daşıyan məsələ işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində qırğız xalqının və bütövlükdə Qırğızıstan Respublikasının fəal iştirakıdır və bu yüksək qiymətləndirilir. Beləcə, humanitar müstəvidə də sıx əlaqələrin qurulduğunu və bu istiqamətdə böyük işlərin həyata keçirildiyini görürük.

Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində Qırğız xalqının töhfəsi olaraq qırğız şirkətlərinin yaxından iştirakı və Qırğızıstan hökumətinin bu prosesə dəstək göstərməsi, xüsusilə humanitar əməkdaşlıq baxımından çox böyük siyasi jestdir. Bu, tərəfdaşlığın yüksək səviyyədə qərarlaşdığını göstərən ən mühüm təhsil infrastrukturu layihələrindən biridir. Bu baxımdan iki ölkə arasında əlaqələrin məhz belə möhkəm təməllər üzərində inkişaf etdirilməsi istiqamətində güclü siyasi iradənin nümayiş etdirilməsi, beynəlxalq platformalarda hər iki dövlətin bir-birini dəstəkləməsi çox mühüm uğur və nailiyyətdir. Bu amillər iki xalqı daha da yaxınlaşdırır".

Azər Allahverənov Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunub: "Cari ildə Azərbaycan-Qırğız QHT-lərinin I Əməkdaşlıq Forumunun Bakıda keçirilməsi də ictimai diplomatiya istiqamətində çox mühüm işlərin həyata keçirildiyini göstərən əhəmiyyətli hadisələrdən biridir. Nəticə etibarilə müxtəlif beynəlxalq platformalarda təmsil olunan bu iki dövlət dost və qardaş münasibətlərini həmin platformalara da uğurla proyeksiya edirlər.

Bu isə yeni strateji hədəflərin müəyyənləşdirilməsinə, Türk dünyasının daha sıx inteqrasiyasına yönələn səylərin gücləndirilməsinə, eyni zamanda Türk dünyasının iqtisadi inteqrasiyasının möhkəmləndirilməsinə və regional sabitliyə, dayanıqlı inkişafa xidmət edən strateji tərəfdaşlığın yeni modelinin formalaşdırılmasına xidmət edir. Bu baxımdan həm iki dövlət arasında, həm də müxtəlif beynəlxalq platformalarda, xüsusilə də bizim üçün doğma olan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət münasibətlərin ən yüksək səviyyədə qərarlaşdığını bir daha nümayiş etdirir. Bu da bütövlükdə Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə, əməkdaşlığın genişlənməsinə və Avrasiya qitəsinin müxtəlif qütblərini bir-birinə bağlayan mühüm inteqrasiya layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm geosiyasi mahiyyəti, həm geoiqtisadi əhəmiyyəti, həm də regional əməkdaşlığın daha da genişləndirilməsi baxımından olduqca mühüm və strateji önəm daşıyan səfər hesab olunur".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR