Onlayn ictimai-siyasi qəzet
Ağ Ev sahibi Donald Tramp sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, ABŞ-də mühacir həyatı yaşayan Rza Pəhləvi ilə görüşməkdən imtina edib. Bu da son günlərdə keçirilən etiraz aksiyalarının fonunda İran müxalifəti ətrafında formalaşan gözləntilərə ciddi zərbə kimi qiymətləndirilir və Rza Pəhləvinin İrana rəhbərlik etmək üçün yaranan ümidlərinin puç olması kimi qəbul olunur.
Görünən odur ki, ABŞ prezidenti bir tərəfdən Tehrandakı rejimi sərt tənqid etsə də, digər tərəfdən İranın mühacirətdəki ən tanınmış simalarından birinə açıq siyasi dəstək verməkdən çəkinir. Bu mövqe Vaşinqtonun İranla bağlı strategiyasında hələ də qeyri-müəyyənliyin davam etdiyini, eyni zamanda Pəhləvinin “alternativ lider” kimi qəbul edilməsinin ABŞ üçün riskli sayıldığını göstərir.

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a deyib ki, İranda gedən proseslər fonunda Rza Pəhləvinin ön plana çıxması alternativsizliyin əlamətidir:
“Bu, müvəqqəti xarakter daşıyır. Buna qədər də Rza Pəhləvi “mən də varam” deyərək, ortalığa düşmüşdü. Lakin zaman içində ikinci, hətta sonuncu sıraya qədər enmişdi.
Nəzərə alaq ki, İran cəmiyyətində Pəhləvilərə münasibət birmənalı deyil. Məsələn, İlam və daha bir neçə məntəqədə Pəhləvinin yenidən hakimiyyətə qayıtması tələbi gündəmdirsə, Güney Azərbaycan və Tehranda bu keçərli deyil. Bir sözlə, Rza Pəhləvi amili müvəqqətidir.
Trampın məsələyə yanaşması da qeyri-adi deyil. Çünki Rza Pəhləvinin reputasiyası bərbaddır. Onun qumarbaz olması, habelə ailəsi ilə bağlı heç də xoş olmayan vəziyyət təkcə İran cəmiyyətinə deyil, ABŞ siyasi dairələrinə də məlumdur. Belə bir adamın dəstəklənməsi Qərbə İran cəmiyyətinin münasibətinin mənfi yöndə dəyişməsinə səbəb ola bilər. İran cəmiyyəti qısır deyil. Təbii ki, hadisələrin gedişatı fonunda liderlər ortaya çıxacaq. Düzdür, indiyə qədər molla rejimi meydana çıxan liderləri sıradan çıxarıb. Böyük əksəriyyəti fiziki cəhətdən məhv edilib. Bu iddiada olanlar arasında sağ qalanlar varsa da, onların prosesi idarə etmək imkanları yoxdur. Ya həbsdədirlər, ya da fiziki şiddət səbəbindən ağıllarını və ya fiziki sağlamlıqlarını itiriblər.
Nəzərimcə, Donald Tramp burada iki vacib məqama əsaslana bilər. Birincisi, onların öz namizədləri var və gedişat fonunda cəmiyyətə təqdim olunacaq. Bu, Qərb siyasi dairələrinin ənənəvi metodlarından biridir. İkincisi isə hadisələrin gedişatı fonunda yeni bir fiqur meydana çıxacaq. Hələlik yeni lider məsələsi diqqəti çəkmir. Amma bu o demək deyil ki, belə biri olmayacaq. Mümkündür ki, həmin şəxs elə hakimiyyətin öz içindən çıxsın. Bu sırada İran lideri Məsud Pezeşkianı, keçmiş prezident Həsən Ruhanini, eks-baş nazir Mirhüseyn Musəvini, hətta Mehdi Kərrubini də göstərmək olar. Təbii ki, bunu birmənalı demək çətindir. Lakin bu adamlardan kənarda da kimlərinsə olma ehtimalı böyükdür. Kənardan, yəni mühacirətdən də birilərinin lider kimi ortaya çıxma ehtimalı var. Ancaq indiyə qədərki gedişatda Pəhləvidən başqa belə biri diqqəti çəkməyib. Düzdür, Məhsa Əmini hadisələri zamanı Babək Qacaq və Mehdi Əfşar kimi şəxslər liderliyə iddialı idilər. Amma onların da siyasi ömürləri uzun çəkmədi. Həm iradəsizlikləri, həm də reputasiyalarının xoş olmaması siyasi arenada qalmalarına imkan vermədi.
Digər tərəfdən, Madaqaskar, Nepal və daha bir neçə hadisə təsdiqləyir ki, dünyada yeni bir trend mövcuddur. Bu inqilablarda lidersiz hərəkət edən kütlə hakimiyyəti devirə bildilər. Adətən bunu yeni nəsillə əlaqələndirirlər. Dünyanın aparıcı araşdırmaçıları hesab edirlər ki, yeni nəsil üçün liderə gərək yoxdur. Onların öz yanaşmaları var və əsas tələbləri rahat və azad ölkədə yaşamaqdır. Ola bilər ki, Qərb İranda da analoji təcrübədən istifadə etsin”.
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ