Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Demokrat Partiyası keçmiş maliyyəçi Ceffri Epşteynin prezident Donald Trampla bağlı daha bir məktubunu yayıb.
Musavat.com xəbər verir ki, Partiyanın X hesabında açıqlanan məktubda uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunan Epşteyn Trampı “təhlükəli” adlandırıb.
O, 2017-ci ildə keçmiş Maliyyə naziri Larri Sammersə yazdığı məktubda deyib: "Demişəm ki, çox pis insanlarla tanış olmuşam, amma onların heç biri Tramp qədər pis olmayıb. Onun bədənində bir dənə də olsun yaxşı hüceyrə yoxdur. Deməli, bəli, o, təhlükəlidir".
Demokratlar əvvəllər Epşteynin bir neçə tanışı və tərəfdaşı ilə elektron poçt yazışmalarının bir hissəsini dərc etmişdilər. Həmin yazışmalarda Trampın Epşteynin cinayətlərindən xəbərdar ola biləcəyi irəli sürülürdü. Ağ Ev Demokratların hərəkətlərini Trampı ləkələmək cəhdi kimi xarakterizə edib.
ABŞ prezidenti Donald Tramp isə Truth Socialda elan edib ki, Demokrat Partiyası ilə Epşteyn arasındakı əlaqələrin araşdırılmasını tələb etmək niyyətindədir: "Demokratlar indi Respublikaçılardan daha çox Demokratlarla bağlı olan Epşteyn işinin saxtalaşdırılmasından istifadə edərək, onların sayəsində hökumətin fəlakətli bağlanmasından və bütün digər uğursuzluqlarından yayındırmağa çalışırlar. Baş Prokuror Pem Bondi və onun ofisindən, eləcə də FTB-dəki gözəl vətənpərvərlərimizdən Ceffri Epşteynin Bill Klinton, Larri Sammers, Rid Hoffman, JP Morgan Chase bankı və bir çox digər şəxs və qurumlarla əlaqələrini və münasibətlərini araşdırmalarını xahiş edəcəyəm ki, onunla onlar arasında nə baş verdiyini müəyyən etsinlər". Demokrat Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti, Larri Sammers 1999-cu ildən 2001-ci ilə qədər ABŞ maliyyə naziri vəzifələrində çalışıb, Rid Hoffman tanınmış sahibkar və risk kapitalistidir.
Trampın sözlərinə görə, Demokratlar siyasi səbəblərdən ABŞ ictimaiyyətinin diqqətini Epşteyn işinə süni şəkildə cəlb edirlər.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ