İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa qarşı yeni cəbhə açıldı –humanoid robotları

ABŞ və Çin arasında texnologiya rəqabəti yeni mərhələyə qədəm qoyub. Bir müddət əvvələ qədər çiplər, yarımkeçiricilər, süni intellekt sistemləri və telekommunikasiya avadanlıqları ABŞ-ın hədəfində idisə, indi bu qarşıdurmanın yeni hədəfi robotlardır. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) xaricdə istehsal olunan yeni qabaqcıl robot sistemlərinin, o cümlədən humanoid və dördayaqlı robotların ölkəyə gətirilməsinə qadağa tətbiq edib.

Eyni zamanda, məlumat mərkəzləri və günəş enerjisi sistemlərində istifadə olunan bəzi güc invertorlarının idxalına da məhdudiyyət qoyulub. Vaşinqtonun arqumenti isə təhlükəsizlikdir. ABŞ hesab edir ki, xarici istehsal olan bu texnologiyalar vasitəsilə məlumatların toplanması, uzaqdan idarəetmə və potensial kiberhücum imkanları yarana bilər. FCC-nin qərarında bildirilir ki, xaricdə istehsal olunan bəzi robot sistemləri “pis niyyətli şəxslər və ya xarici dövlət strukturları tərəfindən amerikalıları izləmək, kəşfiyyat imkanlarını genişləndirmək və robotlara uzaqdan nəzarət etmək üçün istifadə oluna bilər”.

Humanoid robotlar sürətlə inkişaf edir - AZƏRTAC

Eyni narahatlıq güc invertorlarına da aiddir. ABŞ rəsmilərinin fikrincə, xarici istehsalçılar bu cihazlara gizli giriş imkanları yerləşdirə, onları deaktiv edə və ya kritik enerji infrastrukturuna müdaxilə edə bilərlər. FCC sədri Brendan Carr bildirib ki, agentlik ABŞ-ın mühüm təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Qadağa yalnız yeni məhsullara şamil edilir. ABŞ bazarında artıq icazə verilmiş modellərin satışı və istifadəsi dayandırılmır.

Qərarın arxasında əsasən Çin şirkətlərinin sürətli yüksəlişi dayanır. Son illərdə Pekin robototexnika və süni intellekt sahələrinə milyardlarla dollar sərmayə yatırıb. Çin şirkətləri fabriklərdə, anbarlarda, xidmət sektorunda və hətta məişətdə istifadə üçün nəzərdə tutulan humanoid robotların hazırlanmasında ciddi irəliləyiş əldə ediblər. Bu sahədə Unitree Robotics, UBTech Robotics və digər istehsalçılar ABŞ şirkətləri ilə rəqabət aparır. Çin istehsalçıları bəzi hallarda bazara məhsul çıxarma sürətinə görə ABŞ-dakı rəqiblərini də qabaqlayırlar. ABŞ-da isə “Tesla” və “Boston Dynamics” kimi şirkətlər humanoid robot texnologiyalarını inkişaf etdirirlər. ABŞ-Çin qarşıdurmasının əsas xəttlərindən biri süni intellekt sahəsində liderlik uğrunda mübarizədir.

Vaşinqton daha əvvəl Çin şirkətlərinə qabaqcıl Amerika çiplərinin satışına məhdudiyyətlər tətbiq etmişdi. ABŞ rəsmiləri hesab edirlər ki, yüksək səviyyəli yarımkeçiricilər Çin ordusunun və süni intellekt sistemlərinin inkişafında istifadə oluna bilər. ABŞ Maliyyə Nazirliyi də Çin süni intellekt şirkətlərinin Amerika texnologiyalarını qanunsuz əldə etməsi iddiaları ilə bağlı əlavə sanksiyaların mümkünlüyünü açıqlayıb. Pekin isə bu ittihamları rədd edir və bildirir ki, Çinin süni intellekt sahəsində uğurları “öz səylərinin və beynəlxalq əməkdaşlığın nəticəsidir”.

Top 10 Chinese Humanoid Robots of 2026

Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun qərarını tənqid edib. Pekin bildirib ki, ABŞ uzun müddətdir ticarət və texnologiya məsələlərini siyasiləşdirir, Çin şirkətlərinə qarşı əsassız bəhanələr əsasında məhdudiyyətlər tətbiq edir. Çin xəbərdarlıq edib ki, ölkəsinin maraqlarına zərər vuracaq addımlara qarşı bütün zəruri tədbirlər görüləcək. Pekin ABŞ-ı hegemon yanaşmadan əl çəkməyə və Çin şirkətlərini sanksiyalarla hədələməməyə çağırıb. Artıq hər kəsə bəllidir ki, robotlar yaxın illərdə qlobal iqtisadi rəqabətin əsas sahələrindən birinə çevriləcək.

Sənaye robotları artıq avtomobil zavodlarından tutmuş logistika mərkəzlərinə qədər geniş istifadə olunur. Humanoid robotların isə gələcəkdə xidmət sektorunda, təhlükəli işlərdə və ev təsərrüfatında mühüm rol oynayacağı gözlənilir. Bu səbəbdən ABŞ və Çin arasında robot texnologiyalarına nəzarət uğrunda mübarizə yalnız kommersiya məsələsi deyil, həm də geosiyasi üstünlük savaşıdır. Vaşinqton Çinin texnoloji yüksəlişini məhdudlaşdırmaq, Pekin isə öz texnoloji müstəqilliyini artırmaq istəyir. Belə görünür ki, yaxın illərdə “çip müharibəsi”ndən sonra dünyanın iki böyük iqtisadiyyatı arasında robot müharibəsi də başlayır. Bu qarşıdurmada qalib gələn tərəf yalnız yeni bazarlara deyil, gələcəyin iqtisadiyyatına da nəzarət edə bilər.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR