Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti *Donald Tramp*ın sosial şəbəkədə paylaşdığı son mesaj İran ətrafında gedən proseslərə yeni siyasi və hərbi məna qatıb. Tramp paylaşımında “İran bəlkə daha öncə heç olmadığı qədər AZADLIĞA baxır,. ABŞ kömək etməyə hazırdır” ifadəsini işlədərək, faktiki olaraq Tehrandakı proseslərə açıq dəstək siqnalı verib.
Bu açıqlama hazırda həm ABŞ administrasiyasında, həm də Qərb təhlükəsizlik dairələrində gedən intensiv müzakirələrlə üst-üstə düşür. Vaşinqtonda Tramp administrasiyasına yaxın mənbələrin də təsdiqlədiyi kimi, İrana qarşı mümkün hərbi zərbələrin endirilməsi ssenariləri yenidən gündəmə gətirilib. Söhbət təkcə raket və ya hava zərbələrindən deyil, daha geniş – siyasi, psixoloji və strateji təzyiq paketindən gedir.
Məlum olduğu kimi, hazırda İranda baş verən xalq etirazları artıq lokal və ya epizodik xarakter daşımır. Etiraz dalğası bütün iri şəhərləri, eləcə də ölkənin demək olar ki, bütün perimetri boyunca regionları əhatə edib. Sosial-iqtisadi tələblərlə başlayan aksiyalar sürətlə siyasi məzmun alıb və rejim əleyhinə ümumxalq narazılığına çevrilib. Mövcud mənzərə Tehran hakimiyyətinin vəziyyəti nəzarətdə saxlamaq imkanlarının ciddi şəkildə zəiflədiyini göstərir.

Belə bir fonda Trampın “İran azadlığa baxır” mesajı sıradan ritorika kimi yox, ABŞ-ın daxildən hakimiyyət dəyişikliyi prosesinə siyasi dəstəyinin açıq ifadəsi kimi dəyərləndirilir. ABŞ-da təhlükəsizlik və strateji planlaşdırma strukturlarında müzakirə olunan ssenarilərə görə, Vaşinqton İranda rejimin daxildən çökməsi ehtimalını real hesab edir və bu prosesi sürətləndirəcək addımları istisna etmir.
Musavat.com bildirir ki, Vaşinqtonda aparılan müzakirələrdən sızan məlumatlara əsasən, mümkün yeni zərbələr artıq klassik hərbi qarşıdurma çərçivəsindən kənara çıxaraq “rejimə yönəlik hibrid təzyiq” formatında planlaşdırılır. Buraya hərbi zərbələrlə yanaşı, informasiya müharibəsi, iqtisadi basqılar və daxili etirazların beynəlxalq legitimliyinin artırılması da daxildir.
Trampın paylaşımı məhz bu strategiyanın ictimaiyyətə ünvanlanmış siyasi mesajı kimi qiymətləndirilir. ABŞ prezidenti faktiki olaraq həm İran xalqına, həm də rejimə mesaj verir: Vaşinqton prosesləri kənardan izləyən tərəf deyil və lazım gələrsə, aktiv müdaxiləyə hazırdır.
Mövcud vəziyyət onu göstərir ki, İran yaxın dövrdə ya daxili siyasi transformasiya, ya da daha sərt xarici müdaxilə riski ilə üz-üzədir. Etirazların miqyası, rejimin resurslarının tükənməsi və ABŞ-ın artan təzyiqi fonunda Tehranda baş verəcək proseslərin qaçılmaz olduğu barədə qənaətlər getdikcə güclənir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ