İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin böyük hədəfi - Regionun əsas söz sahibi ola biləcəkmi?

"Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı Məkkə sazişini genişləndirmək və Misiri də bu mexanizmə cəlb etmək niyyəti Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından diqqət çəkən hadisədir. Ankaranın bu təşəbbüsü sadəcə hərbi əməkdaşlığın genişləndirilməsi kimi qiymətləndirilə bilməz".

Bu barədə Musavat.com-a şərhində politoloq Xəyal Bəşirov bildirib. O qeyd edib ki, burada Türkiyənin regional güc balansına təsir etmək və təhlükəsizlik məsələlərində daha böyük rol oynamaq istəyi də görünür.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Misirin sazişə qoşulmasının arzu edildiyini bildirməsi Ankaranın layihəni daha geniş regional platformaya çevirmək niyyətini ortaya qoyur.

Politoloq qeyd edib ki, Türkiyənin əsas hədəflərindən biri Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərində aparıcı dövlətlərdən birinə çevrilməkdir: "Ankara hesab edir ki, regionun təhlükəsizlik sistemi yalnız ABŞ və digər qlobal güclərin qərarlarından asılı olmamalıdır. Yaxın Şərqin aparıcı dövlətləri öz aralarında da kollektiv müdafiə və təhlükəsizlik mexanizmləri yarada bilərlər. Məkkə sazişi bu baxımdan Türkiyə üçün mühüm platformadır.

Misirin bu mexanizmə qoşulması sazişin siyasi və hərbi çəkisini əhəmiyyətli dərəcədə artıra bilər. Misir ərəb dünyasının ən mühüm dövlətlərindən biridir. Ölkənin böyük hərbi qüvvələri, strateji coğrafi mövqeyi və xüsusilə Süveyş kanalı üzərində nəzarəti ona xüsusi əhəmiyyət qazandırır.

Misirin iştirakı ilə Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misir arasında təhlükəsizlik mexanizmi formalaşarsa, bu platforma yalnız Körfəz regionu ilə məhdudlaşmayacaq. Şərqi Aralıq dənizindən Qırmızı dənizə, oradan isə Cənubi Asiyaya qədər uzanan böyük geosiyasi xətt yaranacaq.

Burada Türkiyə üçün əsas üstünlük ondan ibarətdir ki, Ankara özünü həmin təhlükəsizlik arxitekturasının mərkəzi aktorlarından biri kimi təqdim edə bilər.

Ankara Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin yalnız Vaşinqton, Moskva və Pekin tərəfindən müəyyənləşdirildiyi modelin dəyişməsini istəyir. Türkiyə regional dövlətlərin öz təhlükəsizlik mexanizmlərini formalaşdırmasını və bu prosesdə özünün aparıcı rol almasını hədəfləyir.
Misirin də bu mexanizmə daxil olması isə layihəni tamamilə başqa səviyyəyə çıxara bilər".

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR