Onlayn ictimai-siyasi qəzet
"Çox təəssüf ki, piylənmə artıq ciddi sağlamlıq probleminə, hətta xəstəliyə çevrilib. Daha narahatedici məqam isə bu problemin yaşlı nəsildən daha çox uşaqlarda özünü qabarıq şəkildə göstərməsidir. Əvvəllər uşaqlar daha çox infeksion və müxtəlif allergik xəstəliklərdən əziyyət çəkirdilərsə, indi bununla yanaşı piylənmə də uşaqların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib".

Bu barədə Musavat.com-a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov deyib. Mütəxəssisin sözlərinə görə bunun əsas səbəblərindən biri uşaqlarda sağlam qidalanma vərdişlərinin və aktiv həyat tərzinin formalaşdırılmamasıdır:
"Burada əsas məqsəd uşaqları çəkilərinə görə qınamaq, onları kök olduqları üçün tənqid etmək deyil. Əksinə, uşaqlara sağlam qidalanma prinsiplərini və düzgün həyat tərzini aşılamaq lazımdır. Piylənmənin əsas səbəblərindən biri fiziki aktivliyin azalmasıdır. İnsan qəbul etdiyi kaloridən daha az enerji sərf etdikdə, yəni qidalanma ilə əldə olunan enerji fiziki hərəkətlə kompensasiya olunmadıqda, artıq çəki yaranmağa başlayır. Piylənmənin təhlükəsi yalnız çəki artımı ilə məhdudlaşmır. Artıq piy toxuması orqanizmdə maddələr mübadiləsinə və hormonal proseslərə təsir göstərir. Bu isə ikinci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, qaraciyərin piylənməsi və digər ciddi problemlərə səbəb ola bilər. Nəticədə insanın ümumi sağlamlığı və həyat keyfiyyəti ciddi şəkildə zərər görür. Uşaqlarda piylənmənin qarşısını almağın ən effektiv yollarından biri sağlam qidalanma modelinin formalaşdırılmasıdır. Bunun üçün ilk növbədə ailə özü sağlam qidalanma prinsipinə keçməlidir. Uşağın qarşısına davamlı olaraq fast-food, qazlı və şəkərli içkilər, yüksək kalorili və digər zərərli məhsullar qoymaqla sağlam qidalanma vərdişi formalaşdırmaq mümkün deyil. Bəzən valideynlər uşağın hər istədiyini ona verməyi düzgün yanaşma hesab edirlər. Uşaq hansısa məhsulu istəyirsə, “uşaqdır, qoy yesin” düşüncəsi ilə buna şərait yaradılır. Lakin bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Çünki uşağın hər istəyinin yerinə yetirilməsi son nəticədə onun sağlamlığı ilə bağlı problemlərə gətirib çıxara bilər və bunun əziyyətini də ilk növbədə valideynlər çəkirlər".

Mütəxəssis qeyd edib ki, burada digər mühüm məsələ yuxu rejimidir: "Təəssüf ki, cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, sanki həyat gecədən sonra başlayır. Halbuki normal yuxu rejiminə əməl etmək sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Yaş, genetika və digər amillərlə yanaşı, yuxu rejiminin də insanın ümumi sağlamlığına təsiri nəzərə alınmalıdır. Bu məsələlərə kompleks yanaşılmadıqda, nəticədə artıq çəki və ağır piylənmə problemi ilə üzləşmək mümkündür.Daha sonra isə insanlar problemin qarşısını almaq əvəzinə, artıq yaranmış piylənmədən xilas olmaq üçün sərt pəhrizlərə üz tuturlar. Müxtəlif dietoloqlara, bəzən isə ixtisaslı və ixtisassız mütəxəssisləri fərqləndirmədən müraciət edirlər. Halbuki hər insanın orqanizmi fərqlidir və qidalanma planı da fərdi xüsusiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilməlidir.Təəssüf ki, qidalanmanı da sanki reseptə çeviriblər. Müxtəlif dietoloqlar tərəfindən hazır qidalanma sxemləri təqdim olunur və insanlardan həmin sxemə kor-koranə əməl etmək gözlənilir. Halbuki birdən-birə sərt pəhrizə keçmək orqanizmdə müxtəlif problemlərə və sağlamlıq fəsadlarına yol aça bilər".
İlkin Şirinov sonda vurğulayıb ki, əsas məqsəd problemi sonradan sərt pəhrizlərlə həll etməyə çalışmaq deyil, əvvəldən sağlam həyat tərzini formalaşdırmaqdır:
"Mümkün qədər balanslı və normal qidalanmaq, fiziki aktivliyi artırmaq, yuxu rejiminə əməl etmək, yüksək kalorili və həddindən artıq yağlı qidalardan uzaq durmaq lazımdır. Xüsusilə uşaqlarda bu vərdişlərin erkən yaşlardan formalaşdırılması onların gələcək sağlamlığı baxımından olduqca vacibdir".
Xalidə,
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ