Onlayn ictimai-siyasi qəzet
...Gönül hırslı bitmədi gitti,
Ömür geldi geçti.
Yarpaq dökümü başladı,
Dostlar birər birər çəkildi.
Birər birər gidiyor dostlar,
Kalanlar da yabançılaştı.
Gönül hala o əski hırsla
Yaşamaq istiyor, doymadı...
Bəli, həqiqətən də şahanə sətirlərdir. Gözəl deyib. Elə bil bizim Azərbaycanı, bizim nəsli göz önünə gətirərək yazıb bunları...
Bəli, əvvəlcə Nurani, az sonra Surxay, daha sonra isə Əvəz Zeynallı. Rəhmətlik Nurani haqqında artıq yazmışam.
Surxayla neçə il bir yerdə işləmişdik. Toplaşıb çay içməyə gedirdik. “Çayın pulunu kim verəcək?” soruşanda hamı çevrilib Surxaya baxırdı. Aramızda böyük vəzifədə çalışanlardan biri o idi, səhv etmirəmsə, Mingəçevir boyda şəhərin icra başçısının müavini işləmişdi. Gözəl də jurnalist idi. Artıq o, da yoxdur. Doğrusu, son illərdə yazıb-yazmamasından xəbərsiz idim. Bir ara Azərbaycandan kənarda olsa da “Azadlıq” qəzetinə yazırdı.
Ziddiyyətli 90-cı illər çoxumuzu həm də ayırdı, çünki bizi daha çox birləşdirən həm də “Azadlıq” və AXC idi, onlar demək olar ki, yox olandan sonra hamı pərən-pərən oldu, hərə bir istiqamətə üz tütdü, halbuki bu cür təşkilatı, bu cür qəzeti və ən əsası da bu cür jurnalistləri yetişdirmək üçün nə qədər enerji sərf olunmuşdu...
Bildiyimə görə, rəhmətlik Əvəz Zeynallı jurnalistikaya bir az gec gəlmişdi. Mən onu hər halda “Xural” qəzetinə görə tanıyırdım səhv etmirəmsə - yaddaşımız da yavaş-yavaş koraşalaşır.
Hətta bir az da əsəbiləşmişdim ki, regionçuluq onsuz da axırımıza çıxıb, bunun bir qəzeti də çatışmırdı!
Amma şübhələr tez yox oldu, Əvəz tez bir zamanda jurnalistikada öz dəsti-xəttini yarada bildi, qısa müddətdə hamı tanıdı onu. Həm də ona görə ki, bu adamın jurnalist fəaliyyəti də çox keçməkeşli oldu. Hələki heç kim xərçəngin nədən yarandığını dəqiq bilmir. Amma bu zəhrimarın yaranmasında əsəbin də, stressin də rolunu danmırlar. Yeri gəlmiş, elə Nuranini də xərçəng alıb apardı bizdən...
Ən dəhşətlisi budur ki, bütöv bir nəslin həyata, dünyaya əlvida deməsinin vaxtı çatıbdır. Amma 60 nə deməkdir axı? Bilmirəm, nə dərəcədə doğrudur, deyirlər, Molyer 50-60 yaşında yazmağa başlayıb. Əlbəttə, bu, da şişritmə ola bilər, amma belə söyləyirlər...
Əvəzin gözəl müsahibələri vardı. İmkan düşəndə izləyirdim. Bu dəfəsə, ümumiyyətlə, onu son ana qədər dinlədim. Sonuncu dəfəsi bir –iki həftə bundan əvvəl oldu. Deyəsən, danışmağa daha gücü qalmamışdı. Əvəz son ana qədər, əsl jurnalist kimi, danışa-danışa getdi dünyadan. Nə pis imiş dünyanın, qara torpağın üzü! Nə deyirdi, səhv deyirdi, düz deyirdi – bu, başqa məsələ, amma çox narahat adam idi, susmurdu...
Jurnalistika çox geniş anlayışdır. Mən çox çalışıram ki, ona bir tərif verim, amma alınmır. Amma onu deyə bilərəm ki, jurnalistika o sənət, o peşədir ki, onunla Nəcəf Nəcəfov, Ağamalı Sadiq, Rauf Talışınski, həm də Nurani, Surxay Hüseynli, Əvəz Zeynallı və b. məşğul olurdu. Başqa nə demək olar? Bütün yaxşı sözləri, o cümlədən də özləri və peşələri haqqında da elə jurnalistlərin özləri deyiblər...
Sonda Nazimin həmin şerindən vaxtilə tərcümədə oxuduğum iki misra da yadıma gəlir:
Yarpaq tökmünə baxa bilmirəm,
İllah ki şabalıd yarpaqları ola...
Bəli, səhv etmirəmsə, beləydi. Deyilsə, üzürlü sayın. Deyilənə görə, Əvəz Türkiyədə təhsil alıbmış. Ömrünün son günləri də elə bu ölkədə keçdi. Bəli, bu tale adlı sehrbaz daha hansı fokuslar çıxarmır! Odur ki, Nazimlə başlamaq, Nazimlə bitirmək də onun ruhu üçün də xoş olar...
29 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ