Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərq savaşının pərdəarxasında gizlənən əsas hədəf üzə çıxır. Belə ki, ABŞ-ın dünya neft bazarı ilə yanaşı, həm də qlobal siyasət məkanının ən strateji təsir mexanizmini nəzarətə götürmək niyyətində olduğu tədricən aydınlaşmağa başlayıb. Hər halda, prezident Donald Trampın Yaxın Şərqdə atdığı son addımlar onu göstərir ki, bu regionda baş verən proseslər artıq yalnız ABŞ-İran qarşıdurması çərçivəsində dəyərləndirilə bilməz. Çünki hadisələrin inkişaf məntiqinə görə, Ağ Evin daha böyük geopolitik oyunun həlledici mərhələsinə qədəm qoyduğunu düşünmək olar. Və bu oyunun mərkəzində isə Yaxın Şərqdən daha çox dünyanın ən önəmli enerji arteriyası hesab olunan Hörmüz boğazı dayanır.
Məsələ ondadır ki, rəsmi statistikaya görə, qlobal neft ticarətinin əhəmiyyətli bir hissəsi məhz bu dar su hövzəsindən keçir. Bu səbəbdən də, Hörmüz boğazına nəzarət etmək yalnız enerji daşımalarına deyil, həm də dünya iqtisadiyyatının inkişaf tempinə də təsir göstərmək imkanı deməkdir. Məhz bu baxımdan, Tramp administrasiyasının əsas məqsədinin Hörmüz boğazının sadəcə, açıq saxlanılması olduğu barədə təsəvvürlər əslində, reallığı qətiyyən tam əks etdirmir. Yəni, Ağ Evin əsas hədəfi ABŞ-ın Hörmüz boğazı üzərində uzunmüddətli strateji üstünlük əldə etməsi ilə birbaşa bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, belə bir önəmli üstünlük ABŞ-a qlobal enerji marşrutlarının təhlükəsizliyinə nəzarət etmək imkanları ilə yanaşı, həm də dünya bazarlarında qiymətlərin formalaşmasına təsir göstərmək mexanizmləri vəd edir. Eyni zamanda, bu, öz növbəsində Ağ Evə ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyini təmin etmək və onun geopolitik rəqiblərinə qarşı əlavə təzyiq mexanizmləri yaratmaq imkanları da verə bilər. Üstəlik, ABŞ və İran arasında hələlik yekun razılaşma əldə olunmasa da, hazırda Hörmüz boğazından neft daşımaları qətiyyən dayanmayıb.
Əslində, bütün bunlar onu göstərir ki, qarşıduran tərəflər həm də hərbi eskalasiyanın dünya iqtisadiyyatı üçün doğura biləcəyi ağır nəticələri də nəzərə almağa məcburdurlar. Halbuki, digər tərəfdən, bu vəziyyət ABŞ-ın qlobal məkanda siyasi-diplomatik təzyiq siyasətini eynilə davam etdirmək üçün əlavə imkanlar yaradır. Ona görə də, Ağ Ev sahibi Donald Trampın Yaxın Şərq savaşı ilə bağlı "münaqişə çox uğurlu şəkildə başa çatır" və "normal gəmiçilik bərpa olunacaq" kimi məzmun daşıyan açıqlamaları da məhz bu strategiyanın tərkib hissəsi kimi görünür. Və ABŞ prezidenti eyni zamanda, danışıqları rəsmi Tehran üçün "son şans" adlandıraraq, siyasi-diplomatik prosesə psixoloji təzyiq elementi də əlavə etməyə çalışır.
Belə anlaşılır ki, Ağ Evin sərt hərbi ritorikası Yaxın Şərqdə real müharibənin bərpasından daha çox ABŞ-ın danışıqlar prosesində üstün mövqelər qazanmasına hesablanıb. Yəni, bu siyasi-diplomatik manevrlər onu göstərir ki, qarşıduran tərəflər hələlik silahlı toqquşmalara deyil, məhz öz siyasi iradələrinin qəbul olunmasına yönəlik mübarizəyə üstünlük verirlər. Və bu baxımdan, Ağ Ev sahibi Donald Trampın sosial şəbəkədə yaydığı son bəyanatlar qlobal məkana daha önəmli mesajlar ötürmüş olur.

Çünki ABŞ prezidenti bildirib ki, Hörmüz boğazı bütün beynəlxalq gəmiçilik üçün açıq olacaq. Ancaq Ağ Ev sahibi İran limanlarına gedən və ya oradan çıxan, eləcə də, rəsmi Tehrana aid yükləri daşıyan gəmilərin tam blokadaya məruz qalacağını da vurğulayıb. Bu isə faktiki olaraq, ABŞ tərəfindən Hörmüz boğazında seçici dəniz nəzarəti modelinin tətbiq olunması deməkdir. Və belə yanaşma tərzi isə müəyyən mənada, ABŞ-ın həm Yaxın Şərqdə, həm də Hörmüz boğazı ətrafında yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindən xəbər verir.
Bütün bunlara paralel olaraq, Ağ Ev sahibi Donald Tramp Körfəz ölkələrinin ABŞ iqtisadiyyatına milyardlarla dollarlıq investisiyalar yatıracağını da bəyan edib. Yəni, belə anlaşılır ki, Tramp administrasiyası ABŞ-ın regiondakı hərbi üstünlüyünü maliyyə və iqtisadi əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirməyə çalışır. Bu isə o deməkdir ki, ABŞ Yaxın Şərq regionunda və onun ətrafında həm təhlükəsizlik, həm enerji, həm də kapital axınlarına təsir edə biləcək çoxvektorlu geostrateji sistem qurmağa cəhd göstərir.

Ancaq bununla belə, ABŞ-ın istiqamətləndirməyə çalışdığı bütün bu proseslərin gələcək nəticələri əvvəlcədən müəyyən olunmuş hesablamalar kimi də təqdim edilə bilməz. Çünki ABŞ-ın belə bir strategiyasının uğuru İranın atacağı addımlardan, Körfəz ölkələrinin mövqeyindən, eləcə də, Çin və Rusiyanın həm regional, həm də qlobal məkanda verəcəyi reaksiyalardan ciddi şəkildə asılı olacaq. Və əgər, bu böyük güclər ABŞ-ın regional təsir imkanlarını balanslaşdırmağa yönəlmiş koordinasiyalı siyasət yürüdərlərsə, onda Hörmüz boğazı ətrafında geopolitik qarşıdurma daha da kəskinləşə bilər.
Göründüyü kimi, Hörmüz boğazı ətrafında yaranmış qəliz situasiya yalnız neft tankerlərinin hərəkət marşrutuna nəzarət uğrunda mübarizənin nəticəsi deyil. Çünki bu proses üzərindən həm də müasir dünyada enerji təhlükəsizliyinə, beynəlxalq ticarət yollarına və qlobal güc balansına kimin nəzarət edəcəyi də müəyyənləşdirilir. Məhz ona görə də, Yaxın Şərqdə və onun ətrafında baş verən son hadisələr dünya siyasətinin istiqamətini dəyişə biləcək ən önəmli geostrateji proseslərin sırasına daxildir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ