Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dekabrın 28-də Floridada, Mar-a-Laqo iqamətgahında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Musavat.com xəbər verir ki, Tramp görüş zamanı Avropanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas hissəsini öz üzərinə götürəcəyini, ABŞ-ın isə bu prosesə dəstək verəcəyini bildirib. Zelenski isə Mar-a-Laqodakı danışıqlardan sonra ABŞ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətlərinin “100 faiz razılaşdırıldığını” bəyan edib.
İkitərəfli görüşdən sonra Tramp və Zelenski Avropa liderləri ilə telefon danışıqları aparıblar. ABŞ prezidenti, həmçinin Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə “yaxşı və son dərəcə məhsuldar” telefon danışığı keçirdiyini açıqlayıb.
Mövzunu siyasi elmlər doktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Qusev şərh edib. Onun sözlərinə görə, Trampın avropalılar və təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalarının arxasında daha dərin siyasi hesab var:
“Tramp bu problemdən sanki kənara çəkilir və Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir. O, iqtisadi və maliyyə yükünü Avropanın üzərinə ötürməyə çalışır”.
Qusev hesab edir ki, ABŞ liderinin Zelenski ilə danışıqlardan əvvəl Putinlə telefon danışığı aparması güclü siyasi siqnaldır. Ekspertin fikrincə, bu addım Tramp üçün Rusiyanın mövqeyinin prinsipial əhəmiyyət daşıdığını göstərir:
“Prezidentlər təkcə mövqeləri dəqiqləşdirmədilər, eyni zamanda Zelenski ilə söhbət üçün ümumi çərçivə formalaşdırdılar. Tramp Rusiya prezidentini məlumatlandırmaq missiyasını da öz üzərinə götürdü. Çünki onların münaqişənin sülh yolu ilə həllinə baxışları ümumilikdə üst-üstə düşür. Bu isə prinsipial məsələdir”.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ