Onlayn ictimai-siyasi qəzet
Hatəmxan ağanın müsyö Jordana dediyi söz yadınızdadırmı? Əl-əlbət, yadınızda olar.
Bəlkə indiki cavanlar bilməz, amma Z nəslindən əvvəlki S (sovet) nəsli yaxşı bilər. O vaxtlar orta məktəbdə “Ədəbiyyat müntəxəbatı” dərsliyində ölməz ustadımız Mirzə Fətəlinin şedevr əsərini - "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesini keçirdilər.
Hələ onun filmi də var: “Dərviş Parisi partladır” (Yaxşı ki, filmə lakonik ad qoyublar, yoxsa vallahi, pyesin adını deyərkən, adam gərək iki dəfə nəfəs dərsin).
Bax, o pyesdə və filmdə Hatəmxan ağa Firəngistandan (indiki Fransa) qonaq gəlmiş müsyö Jordana Fransa və Qarabağ elatının arasındakı fərqləri sadalayarkən deyir: “Bizlərdə aşkarə peşkəş almaq var, onlarda gizlin almaq”. Söhbət bu barədə olacaq.
Amma Hatəmxan ağanın cəmiyyətlər arasındakı fərqləri xırdalayarkən dediyi “bizlərdə çox arvad almaq adətdir, onlarda çox kişi almaq” sözünün artıq aktuallığını itirdiyini də yazmaq lazım. Namxuda olmasın heç, bu fərq bir xeyli aradan qalxıb. Yeri gəlmişkən, dünən vaxtilə FHN-in yanğınsöndürmə idarəsində təxminən o işlərə baxan (yanğın söndürmək və çox kişi almaq istəyənlərə kömək etmək) polkovniki də azad ediblər.
Bu, heç. Bu, insanların şəxsi işidir, qarışmayaq. Videoları da unutmaq lazımdır.
Hatəmxan ağanın dediyi “peşkəş almaq” məsələsi isə aktualdır. Orası da düzdür ki, bu xüsusda da Fransa ilə aramızdakı fərq xeyli dərəcədə aradan qalxıb. Biz peşkəşi gizli almağı öyrənmişik, fransızlar isə peşkəşi açıq-aşkar almağa könül veriblər. Məsələn, eks-prezident Sarkozi Liviyanın rəisi Qəzzafidən (Qəzzafi, məhz Qəzzafi, Qəddafi yox, necə ki “Zülfüqar”a “Dülfüqar” demək olmaz) pul-paranı, ianəni aşkar almasa, bu gün həbsə məhkum olunmazdı.
Fəqət aydın olur ki, bizdə peşkəşi aşkar almaq mərhələsinı keçid işi lazımınca gedirmiş.
Hər gün belə xəbərlər çıxır ki, filan nazir (və ya komitə sədri, İH başçısı) Ramiz Mehdiyevə villa bağışlayıb, yəni peşkəş edib.
Düzü budur ki, mən ağsaqqal akademikimizə villa bağışlayan yüksək mənsəbli və böyük sərvətli məmurların monitorinqini aparmamışam, sadəcə, müvafiq xəbərlər saytlarda qarşıma çıxır.
Axırıncı dəfə Şabran rayonunun İH başçısı Asif Hüseynovun da Ramiz Mehdiyevə Qalaaltıda villa peşkəş etməsindən yazıblar.
Villa dövlətdə mühüm vəzifə tutan akademikə yaraşan peşkəşdir, rüşvət sayılmaz. Rüşvət odur ki, gizli-gizli pul şəklində çamadanda gətirələr, andırın qapağı açılmaya, yaxınlıqda olanlardan şoqərib (vintaçan) tələb edəsən.
Daşınmaz əmlak isə hamının gözünün qarşısında boy göstərdiyinə görə gizli rüşvət sayılmaz. Tikintidə işləyənlər, obyekti materialla təchiz edənlər, ətrafda yaşayanlar, yol keçənlər və sair və ilaxır müşahidəçilər görür ki, bu imarəti İH başçısı şəxsən tikdirir, necə deyərlər, işinin başında durur. Sonra hamı eşidir ki, həmin saraya artıq filankəs gəlir-gedir, yaşayır. Demək, bu kaşanə artıq başqasına peşkəş olunub. Qorbaçovun “aşkarlıq” epoxasının başlamasından bəri belədir. Daha heç kəs lüks villalarını və avtomobillərini gizlətmir.
Düzdür, kimsə qabağa çıxıb təkzib edə bilər, ortaya bir şələ sənəd tökər, sübut edər ki, həmin 5-6 milyonluq villanın sahibi əslində Məşrif kəndində yaşayan Abbasmirzədir (şərti ad), amma heç kəsi inandırmaq olmaz ki, bu boyda qəsr ömrü boyu kənddə yaşayan və ən böyük vəzifəsi briqadir olan kişiyə məxsusdur. Hamı hər şeyi bilir axı.
Bəs bu qədər malikanə (33 gündür çıxdıqca çıxır) bir adamın, bir ailənin nəyinə lazımdır? Doğrudan da adam hər sarayda, imarətdə, villada, iqamətgahda, pentxausda 1 həftə yaşasa, il bitər, mənzil bitməz.
Təcrübə göstərir ki, o daşınmaz əmlakların çoxu yaşamaq üçün deyil, sadəcə, əmlak olduğu, qiymətdən heç zaman düşmədiyi, əksinə, daim bazar dəyəri artdığı üçündür. Onlar gələcəyə yatırımdır, dar gün üçün arxaya atılmış sərmayədir.
Sadəcə, adam gərək belə şeylərlə, türkün sözü, çox uğraşmasın. Düzdür, dünya uğraşanların dünyasıdır, amma o qədər də yox, heç kim daşınmaz əmlakı o dünyaya daşıya bilmir. Heç bəziləri bu dünyada da onun xeyrini görmür. Müsadirə, hərrac deyilən bir şeylər var.
İndi yalnız o maraqlıdır ki, aşkarda peşkəş verməyi sevən İH başçıları o pul-paraları gizlində toplayırmışlar, yoxsa onlar da aşkarda peşkəş alırmışlar. Bu sirri gərək məşhur cadükünlərdən soruşaq, nəbatat alimləri bilməzlər.
P.S. Şəkilin fonunda Çıraqqalanın göründüyünə baxmayın, bu, sözügedən villanın şəkli deyil, illüstrasiyadır, amma lüstrasiyaya açıqdır.
04 Iyun 2026
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ