Onlayn ictimai-siyasi qəzet
Pah! Dünya ictimaiyyəti dünən necə həyəcanlanmışdı! Heç vaxt olmadığı qədər. Şoka girənlər, girib çıxa bilməyənlər, eyforiyaya qapılanlar, cuşa, ekstaza, vəcdə və sair bu kimi şeylərə gələnlər vardı. Hamı bir-birinə qarışmışdı.
Maduro cütlüyünün Ucar beçəsi kimi cələklənib naməlum istiqamətə aparılmasına dair o qədər dərin, maraqlı, uzaqgörən şərhlər vardı ki, oxuyub qurtarana qədər adamın nəfəsi kəsilirdi. Kissincer və Bjezinski sağ olsa, onlara ölkəmizin mediasındakı şərhlərin rezümesini təqdim etsələr, ikisi də bir-birinə baxar, şəhadət barmaqlarını dodaqlarının üstünə qoyar, bircə kəlmə “biz pas” deyər, qolf oynamağa gedərdilər. Ta onlarlıq bir iş qalmayıb. Bizim şərhçilər işi tamam-kamal çözüblər.
Zarafat eləmirəm. Gerçəkdən də beləydi. Başqa şeyi olmasa da, bizimkilər hərtərəfli şərh verməyi bacarırlar. Oxumuş adamlardır, yerin altını-üstünü bilirlər. Bizə də eləcə oturub oxumaq qalır.
İntəhası, beynəlxalq hüququn pozulması üzündən dilxor olan, əndişələnən, “Maduronun arvadıyla birlikdə pasteldən aparılması hadisəsi”nin (ifadə adının çəkilməsini istəyib-istəmədiyi məlum olmayan vəkil Mehman Muradlıya aiddir) presedent ola biləcəyindən narazı qalanlar vardı. Onlar yazırdılar ki, düzdür, Maduro üçdür, dörddür, zalımdır, qeyri-legitimdir, narkobarondur, mafiozdur, diktatordur, amma kim olsa da, müstəqil dövlətin prezidentidir, ona qarşı belə hərəkət olmamalıydı.
Ay-hay! O sayılanlar var ha, məhz o sayılanlar “Yeddi oğul istərəm”dəki Humayın, sevgilisi Cəlalın qətlinə görə atasının qanını komsomol Bəxtiyara halal etməsinİ şərtləndirən günahlardan onqat ağır günahlardır.
Sanasan, Maduro azadlıq carçısı Mahatma Qandiymiş, təvazökar demokrat Ulof Palmeymiş, halallıq mücəssəməsi Vatslav Havelmiş, gözütoxluq nümunəsi Xose Mujikaymış... Kim idi ki, Maduro? Adam tutulduğu ağacın altındaca asılası, söykəndiyi divarın dibindəcə güllələlənəsi biriydi... Olmasın Maduro, olsun Maçado. Venesuela xalqı nə rəhbərsiz qalacaq, nə də ABŞ-nin 51-ci ştatına çevriləcək.
ABŞ ilə Rusiyanı qarışdırmayaq. Rusiya girdiyi yerə tikanlı ağacdan hazırlanan yonulmamış paz kimi girir, geriyə çıxması mümkün deyil, sona qədər dirəşir, “bura girməyimizi bizə Pyotr vəsiyyət edib, çıxmarıq” deyir. ABŞ isə girir, dolaşır, özünə görə qayda-qanun tətbiq edir, aborigenlərə demokratik seçki keçirməyi öyrədir, hər xırda şeyə görə insanları asmağın düzgün olmadığını başa salır, görəndə ki, anlada bilmir, “canınız cəhənnəmə” deyib çəkilir gedir öz xarabasına. Nəticədə uzun illər hər xırda şeyə görə adam asa bilməyənlər arada buraxılmış boşluğu lazımınca doldururlar – asırlar, güllələyirlər, od vurub yandırırlar və s.
Amma Maduronun yatağından pijamada götürülüb aparılması Venesuela xalqının bir hissəsinin xətrinə dəymiş ola bilər. Ortada milli qürur məsələsi var. Adicə adamın ölkəsinin futbol komandası bir az böyük hesabla uduzanda tablaşmaq olmur, minlərlə adam etiraz edir, söyüş yazır. O da ola, dövlətin atributlarından birini o cür aparalar.
Yayılan informasiyalardan görünür ki, Venesuela xalqı o qədər də pəjmürdə deyil, hətta gözlənilir ki, bu gün-sabah meydanlara axışıb təntənəli, təmtəraqlı atəşfəşanlıq edəcəklər, siyasətçilər isə yeni seçkilərə hazırlaşacaqlar.
Başqa ölkələrin barıqa-maduroları çox da narahat olmaya bilərlər. Bu fırtına onlar üçün deyildi. Biz elə filmləri çox görmüşük. Məsələn, bizdə neçə ildir “qaramaskalı qardaşlar” bir İH başçısını ənsələyib, qandallayıb paytaxta aparırlar, avtomatik olaraq qonşu rayonun İH başçısı üst-başını batırır, amma sonra anlayır ki, onunla işi olan yoxdur, hələ işləyə bilər, durub təzədən kabinetini yoxlatdırır ki, görsün gizli videokameralar haradadır.
Qorxmağa qalsa, hamıdan çox Nikaraquanın prezidenti Daniel Orteqa qorxmalıydı, adam 35 yaşından dövlət başçısıdır, yaşı da artıq 80-dir, amma işində-gücündədir. Yeri gəlmişkən, Orteqa 40 il əvvəl ABŞ ilə dalaşa-dalaşa Nikaraquanı idarə etməyə başlayanda 18 yaşlı Nikolas tanışlıqla avtobus sürücüsü düzəlmişdi və xoşuna gələn qızları bişirmək üçün “çikas, pulunuz çatıb, düşün” deyirdi.
Amma axırda ABŞ Danieli yox, Nikolası tutdu. Çünki Orteqa təcrübəlidir, Karterdən bəri 7 ABŞ prezidenti görüb, bəxindən hamısı ağıllı, təmkinli, ağırtaxtalı olub. Maduro isə hirsli adam əlinə düşdü.
P.S. Bir adamınkı soyadının birinci yarısı (mad) ingiliscə, ikinci yarısı isə rusca (duro) “dəli” demək ola, onun devrilməsi, tutulması ürəyə salınacaq hadisə deyil.
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ