İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sevgimiz elə bu qədərmiş” vaqiəsi - Olqanı "bişirməyin" bazar qiyməti

10-15 il öncə idi,  rəhmətlik əməkdaşımız Səbuhi Məmmədli adəti üzrə Moskva tərəfləri gəzib, dolaşıb, qayıtmışdı vətənə və təəssüratlarını bölüşürdü, deyirdi, əvvəlki kimi deyil, rusların bizə münasibəti xeyli pisləşib.

Başqa bir həmkarımız onun bu sözünün qarşısında ritorik-ritorik dedi ki, Allah qoymasa, onların bizə münasibəti nə vaxt yaxşı olub ki. Səfərdən pəjmürdə qayıtmış dostumuz qismən razılaşdı, əlavə etdi ki, indi tamam pisdir, cələkəsən soydaşlarımız adımızı tamam batırıblar.

Sonra o, detallara keçdi, danışdı ki, məsələn, artıq azərbaycanlıların kirayə ev tapması xeyli çətinləşib, bizimkilərə mənzil verənlər peşman olur, çünki evi ya darmadağı edirlər, ya pritona döndərirlər, ya da saxta sənədlərlə kiməsə satıb aradan çıxırlar və s.

Hətta bir babulya həmkarımıza deyib ki, bax, gör, sənin yerlilərin nə ediblər. Bu da baxıb. Aydın olub ki, ürəyi kabab istəyən soydaşlarımız kömür alıblar, hamamdakı şirələnmiş vannada manqal düzəldib kabab bişiriblər, hamamı, mətbəxi, bütün mənzili tüstü, his basıb.

Ona görə də o “millətin adını batıran” həmvətənlərimizdən gileyli idi, deyirdi ki, adam ölkədən çıxanda gərək xalqını da fikirləşsin, başqa ölkələrdə adımıza yaman sözlər deyilməsin.

Budur, Rəşxan adlı həmvətənimiz Polşadan Azərbaycana turist kimi gələn əcnəbi qadının yanında azərbaycanlıları gözdən salıb.

Heç demə, polşalı Olqa Çernovska 2024-cü ildə istirahət etmək məqsədilə gəldiyi Azərbaycanda bizim Rəşxanla tanış olub. Tərəflər arasında yaxınlaşma baş verib. Onlar Polşa-Azərbaycan əlaqələri ilə yanaşı, Rəşxan-Olqa əlaqələrini də müzakirə ediblər, qarşılılıq faydalı əməkdaşlıq-tərəfdaşlıq münasibətləri qurublar.

Polyak xanım əsl məqsədinə çatıb, ölkəmizdə arzuladığı rahatlığı tapıb, ürəyi istəyən kimi istirahət edib və ölkəsinə məmnun qayıdıb. Yəqin ki, o gedib Polşada ölkəmizin, onun istiqanlı övladlarının tərifini göylərə qaldırıb. Ta o vaxta qədər ki, ortada xoşagəlməz situasiyalar yaranıb.

Uzun sözün kəsəsi, bizim oğlan burada Olqanı necə bişiribsə, o, ölkəsinə qayıtdıqdan sonra Rəşxanın istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib. Bir, iki, beş, ölkəmizin iqtisadiyyatına 25 min dollar töhfə daxil olub: Olqa göndərib, Rəşxan xərcləyirb. Qadın hesab edib ki, Rəşxan bir iş qurandan, müşkülünü həll edəndən sonra onun pulunu qaytaracaq. Ancaq elə olmayıb, Olqa pullarını geri istəyəndə aydın olub ki, soydaşımız pulun qaytarılmasını, yumşaq desək, ləngidir. Qadın “sevgimiz elə bu qədərmiş” qənaətinə gəlib, başa düşüb ki, ortada etibardan sui-istifadə etmək məsələsi var. Ona görə də o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Əcnəbilərlə “alaram, ataram, aradan çıxaram” söhbəti keçmir. O yan-bu yan olan kimi, konsullua cumurlar.

Xüləs, iş araşdırılıb. Rəşxan tapılıb və deyib ki, Olqanın pulunu mənimsəməyib, borc alıb və həmin vəsaiti yavaş-yavaş, hissə-hissə qaytarır. Polşada qohumu varmış, onun vasitəsilə pulu zərərçəkənə çatdırırmış.

İş bu həddə çatandan, polşalıların yanında adımız “atanşik” çıxandan sonra Allah kəssin elə borc qaytarmağı. Lap o pul Olqaya artıqlaması ilə qaytarılsa da, o, bir daha ölkəmizə gəlməyəcək, heç bir azərbaycanlıya quşu qonmayacaq, hər yerdə əleyhimizə danışacaq.

Axtarsan, Rəşxanın hərəkətində ölkənin turizm sektoruna vurulan sarsıdıcı zərbənin elementlərini görmək olar. Hərəmiz bir əcnəbini aldatsaq, ondan sonra ölkəyə turist gələrmi?

Bu haqq-hesabı bir dəfə də yazmışam, 5-6 il qabaq bir taksi sürücüsü “20 Yanvar” metrostansiyasından “İnşaatçılar”a getmək istəyən bir əcnəbini “Şamaxinka”-“Ekologiya postu”-Sulutıpə-Xocasənə- ”Meyvəli” bazarı- dairəvi yol-Yeni Yasamal-“Günəş-petrol”-Şərifzadə küçəsi istiqamətində hərləyib, “Ağ çiçəyim”in qabağında saxlayıb deyib: “25 dollar”. Heç demə, həmin əcnəbini orada bir yerlimiz gözləyirmiş və tez-tez zəng edirmiş ki, nə oldu, çatmırsanmı, 3-4 dəqiqəlik yoldurr. Bunlar mənzil başına çatanda həmin o yerlimiz sürücüyə deyib ki, vicdansız, 1 saatdır bu adamı harada fırlayırsan, 3 manatlıq yola nə 25 dollar. Axırı dava-dalaş, qalmaqal.

20 il öncə rus satirik Mixail Zadornov Misirdən qayıdandan sonra ehramlar ölkəsində gördüklərini, təəssüratlarını yazıb, misirlilərin turistləri necə qazladığını necə detallı şəkildə təsvir etmişdisə, ondan sonra o yazıları oxuyan minlərlə rus Misirə səyahətdən imtina etmişdi.

Biz gərək elə etməyək. İndiyəcən reputasiyamız beləydi ki, azərbaycanlı kişilər səxavətlidir, mərddir, qonaqcanlıdır, indi məlum olur ki, o köhnə kişilər yoxdur, indikilər qonaqlardan ünvan göstərməyə görə pul tələb edirlər, qadınlara pul xərclədirlər, sonra da polisə düşürlər.

Rəşxan düz eləməyib. Qoy heç kim onun kimi davranmasın. Alfonsluq mentalitetimizə ziddir.

**
Dünya köhnə dünyadır, əcnəbi qonaqlara yanaşma tərzi təzədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026