İnsanlara hürriyət, millətlərə istiqlal!

3-cü reyxin gizli mühasibatı - Hitlərə “pul buraxan” Avropa dövlətləri

Uzun illər hesab olunub ki, Almaniya SSRİ-yə güclü iqtisadiyyata və demək olar ki, sonsuz resurslara malik olduqdan sonra hücum edib. Lakin son illərdə məxfilikdən çıxarılan arxivlər tamam başqa mənzərə göstərir: 1941-ci ilin iyun ayına qədər Almaniya maliyyə iflasının astanasında olub. Hitlerin başladığı iki cəbhəli müharibə Reyxsbankın qızılı hesabına deyil, mürəkkəb maliyyə sxemləri, bank kreditləri və ələ keçirilən pullar hesabına maliyyələşdirilib. Bu sirrin açarı isə uzun müddət nasist rəhbərliyinin maliyyə uçotunu aparan bir şəxsin şəxsi gündəliyində gizli qalıb.

Həmin şəxsin adı Valter Hövel olub. Heydelberq Universitetinin məzunu olan Hövel 1930-cu illərin əvvəllərində NSDAP-a (Nasist Sosialist Alman Fəhlə Partiyası) qoşulub və tez bir zamanda yüksəlib. O, Hitlerin şəxsi maliyyə məsləhətçisi və partiya xəzinəsinin faktiki mühasibi olub. Hövel nasist rəhbərliyinin bütün iqtisadi əməliyyatlarını ətraflı şəkildə qeyd etdiyi geniş gündəlik aparıb. Müharibədən sonra bu gündəlik itmiş hesab olunub, lakin alman tarixçisi Mattias Ul Almaniya federal arxivində onun bir nüsxəsini aşkar edib.

8bad0452-5d39-4272-8d29-3c738bda39d1.jpeg (260 KB)

Qeydə əsasən Almaniya 1939–1941-ci illərdə faktiki olaraq borc hesabına yaşayıb. Nasistlərin əsas kreditorlarından biri İsveçrə olub. Sürix və Bazeldəki saxta şirkətlər vasitəsilə Almaniya hökuməti təxminən 400 milyon reyxsmark məbləğində kredit xətləri əldə edib (o dövr üçün təxminən 160 milyon dollar). Bu pullar strateji xammalın alınmasına sərf olunub: Portuqaliyadan volfram, Türkiyədən xrom, Braziliyadan kauçuk alınıb. Hövelin gündəliyində 14 yanvar 1941-ci il tarixli qeyd belədir: “Fürer İsveçrə kreditinin sentyabr ayına qədər uzadılmasını təsdiqlədi. Onsuz Şərq yürüşünə başlaya bilməyəcəyik”. (Bundesarchiv Koblenz, N 1278/34, vərəq 47).

İkinci maliyyə mənbəyi isə Avstriya olub. 1938-ci ildə Anşlusdan (Avstriyanın Almaniyaya birləşdirilməsindən) sonra Almaniya Reyxsbankı Avstriya Milli Bankının qızıl ehtiyatlarını müsadirə edib - 78 ton qızıl (Beynəlxalq Valyuta Fondunun 1938–1939-cu illər üzrə hesabatlarına əsasən). Bu qızılın bir hissəsi əridilərək İsveç və ABŞ-dakı özəl banklara satılıb. Əldə olunan vəsaitlərlə “Krupp” və “Messerschmitt” zavodları üçün dəzgahlar alınıb. Hövel 8 mart 1941-ci ildə yazıb: “İsveç hesabına daha 12 ton əlavə edildi. Bu, son ehtiyatdır. Bundan sonra yalnız işğal olunmuş ərazilər qalır”. (Həmin fond, vərəq 52).

7a1c95af-9ad7-4237-8c9e-072036e4543c.jpeg (243 KB)

1939-cu ilin martında Çexoslovakiyanın işğalından sonra almanlar 45 ton qızıl ehtiyatını ölkədən çıxarıblar (Çexiya Xarici İşlər Nazirliyinin arxivində, Sudet-Alman Bankının hesabatındakı məlumatlar, fond 118, iş 2001).

1940-cı ildə Fransadan isə “işğal ödənişləri” adı altında 6,7 milyard frank müsadirə edilib (Reyxsbankın 15 sentyabr 1940-cı il tarixli gizli memorandumu, Bundesarchiv, fond R 2501, siyahı 2, iş 78). Vəsait Vermaxt əsgərlərinin maaşlarının ödənilməsinə və ərzaq alınmasına sərf olunub. Hövelin gündəliyində xüsusi yer Reyxsbankın 1939-cu ilə qədər prezidenti olmuş Yalmar Şaxtın fiquruna ayrılıb. O yazıb ki, Şaxt dəfələrlə Hitlerə xəbərdarlıq edib: “Rusiya ilə müharibə Almaniya iqtisadiyyatı üçün intihardır. Bizim hətta üç aylıq döyüş üçün belə kifayət qədər resursumuz yoxdur”. (22 iyun 1941-ci il tarixli qeyd — yəni işğalın başladığı gün).

319f69ff-9c27-4d57-8ccd-a1ccf10f8908.jpeg (72 KB)

Şaxt vəzifədən uzaqlaşdırılıb, onun yerini isə fürerə etiraz etməyən funksioner Valter Funk tutub. Tarixçi Adam Tuzu “Məhv edilmənin qiyməti. Nasist iqtisadiyyatının yaranması və süqutu” kitabında bu rəqəmləri göstərib: 1941-ci ilin may ayına qədər Almaniyanın xarici borcu 10 milyard reyxsmarka çatıb - bu, ölkənin bir illik büdcəsinə bərabər olub.

Ən diqqətçəkən məqam isə “Barbarossa” planı ilə bağlı olub. Plan əvvəlcədən yağmalama yürüşü kimi nəzərdə tutulub. 3 may 1941-ci il tarixli OKW №335 direktivinin əlavəsində (“Vermaxtın cinayətləri” toplusunda, C.H. Beck nəşri, 2005) belə yazılıb: “Ordunun ərzaqla təminatı işğal olunmuş ərazilərin resursları hesabına həyata keçirilməlidir. Alman əsgərlər ruslar üçün yetişdirilən məhsulları yeməlidirlər”.

99ec8317-4de9-4242-9f74-6f024e9efd73.jpeg (112 KB)

Hövelin gündəliyi 1945-ci ilin aprelində yarımçıq qalıb. Son qeyd aprelin 29-da yazılıb - Hitlerin intiharından bir gün əvvəl. Hövel yazıb: “Berlin mühasirəyə alınıb. Seyfdə 300 min reyxsmark qalıb - on il əvvəl bizdə olandan da azdır. Hər şey bitdi”. Hövel özü 2 may 1945-ci ildə sianid-kalium qəbul edərək intihar edib. Onun gündəliyi Almaniyanın təslim olmasından sonra artıq Amerika əsgərləri tərəfindən aşkar edilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR