Onlayn ictimai-siyasi qəzet
Almaniyada hakimiyyətin atdığı son addım ölkənin açıq şəkildə hərbi hazırlıq kursu götürdüyünü göstərir. Ölkədə 18 yaşına çatan yeniyetmə və gənclərə göndərilən məcburi milli sorğuda onlara birbaşa şəkildə “müharibəyə hazırsanmı?” sualı ünvanlanır.
Musavat.com xəbər verir ki, sözügedən sorğu Almaniya Silahlı Qüvvələri – Bundesver tərəfindən həyata keçirilir və 18 yaşına çatan bütün gənclər üçün məcburi xarakter daşıyır. Sorğunun doldurulmaması inzibati cərimə ilə nəticələnə bilər.
Sorğuda gənclərin fiziki durumu, sağlamlıq vəziyyəti, təhsil səviyyəsi, hərbi xidmətə münasibəti və mümkün müharibə şəraitində orduda iştirak etməyə hazır olub-olmadığı ilə bağlı suallar yer alır. Xüsusilə “ölkənin müdafiəsi üçün silahlı qarşıdurmada iştirak etməyə hazırsınızmı?” məzmunlu sual Almaniyada ciddi müzakirələrə səbəb olub.
Rəsmi qurumlar bu addımı “müdafiə qabiliyyətinin qiymətləndirilməsi” və “ehtiyat potensialın ölçülməsi” ilə əsaslandırsa da, tənqidçilər hesab edirlər ki, bu cür suallar gənclərin psixoloji cəhətdən müharibəyə hazırlanmasının açıq göstəricisidir.
Qeyd olunur ki, bu sorğu Almaniyada hərbi islahatların və ordunun genişləndirilməsi planlarının bir hissəsidir. Son illər Berlin Ukrayna müharibəsi fonunda müdafiə xərclərini kəskin artırıb, orduya çağırış və ehtiyat sistemi ilə bağlı yeni mexanizmlər üzərində işləyir.
Müşahidəçilər bildirirlər ki, gənclərə ünvanlanan bu tip suallar Almaniyanın uzunmüddətli strateji xəttində müharibə ehtimalının artıq real ssenari kimi nəzərdən keçirildiyini göstərir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ