İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ədaləti bərpa edir: Məhkəmədə işğalçıların cinayətlərinə hüquqi nöqtə qoyulur

Azərbaycan müasir dünya tarixində nadir ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü tam bərpa etməyə, həm də xalqımıza qarşı törədilmiş müharibə cinayətlərini həyata keçirmiş şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmağa nail olub.

Bu, dövlətimizin gücü, xalqımızın birliyi və Prezident İlham Əliyevin prinsipial, qətiyyətli siyasətinin nəticəsidir. Prezident hələ müharibədən əvvəl bəyan etmişdi ki, Xocalı soyqırımı və digər cinayətlərdə əli olanlar mütləq ədalət qarşısında cavab verəcək, günahsız qurbanların qanı yerdə qalmayacaq.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Başda Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan olmaqla digər erməniəsilli şəxslər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-dən 279-a qədər maddələri ilə ittiham olunurlar. Onların hər biri təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, terrorçuluq və digər cinayətlərin törədilməsində iştirak etməkdə ittiham olunurlar.

isa.jpg (163 KB)


Bakıdakı məhkəmə prosesində təqdim olunan etiraflar və faktlar işğalın bütün mərhələlərində Ermənistan ordusunun və keçmiş qondarma rejim rəhbərliyinin bilavasitə iştirakını sübut edir. Məsələn, Levon Mnatsakanyan keçmiş qondarma rejim ordusunda “tabor komandiri”, “diviziya komandiri” və “artilleriya rəisi” vəzifələrində xidmət etdiyini və Ermənistan rəhbərliyinin əmri altında Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini açıq etiraf edib. Oxşar şəkildə, Samvel Karapetyan rəhbərlik etdiyi hərbi hissənin Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və digər bölgələrdə aparılan döyüş əməliyyatlarında iştirakını təsdiqləyib.

Videomateriallar “Şuşa əlahiddə taboru”nun tərkibində ABŞ, Kanada, Suriya və digər ölkələrdən gələn 210-dan artıq daşnak və könüllünün iştirakını ortaya qoyub. Bu, Ermənistanın işğal siyasətində yalnız qondarma rejim vasitəsilə yox, həm də xarici dəstək və könüllülərin iştirakı ilə hərəkət etdiyini sübut edir.

Fevralın 5-də davam edəcək məhkəmə prosesində müşavirədən sonra məhkəmə kollegiyasının mövqeyi, illərlə davam etmiş işğal siyasətinə hüquqi nöqtə qoyulması baxımından tarixi əhəmiyyət daşıyır. Bu proses yalnız fərdi şəxslərin deyil, bütövlükdə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin hüquqi məsuliyyətini gündəmə gətirir.

vardanyan.jpg (63 KB)


Arayik Harutyunyanın etirafları isə məhkəmənin əsas dönüm nöqtələrindən biridir. Son söz nitqi zamanı keçmiş quldur və separatçı rejim başçısı bildirib: “Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”.

Harutyunyan həmçinin etiraf edib ki, bütün əmrləri rəsmi İrəvandan alıblar, hətta müharibənin dayandırılması üçün baş nazir Nikol Paşinyana etdiyi müraciətlər də nəticəsiz qalıb. Bu, işğalçı Ermənistanın 2020-ci il müharibəsində də savaşın davam etdirilməsində maraqlı olduğunu açıq şəkildə göstərir. Beləliklə, Bakıdakı məhkəmə prosesində Arayik Harutyunyanın ifadələri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətini və hərbi cinayətlərini ifşa edib.

me.jpeg (122 KB)


Azərbaycanın apardığı məhkəmə prosesi həm də beynəlxalq ədalət baxımından önəmlidir. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin cəzalandırılması onların heç bir zaman təhlükəsiz olmadığını göstərir. Keçmiş Yuqoslaviya və İsrail təcrübələri sübut edir ki, zamanın keçməsi cinayəti bağışlamır. İsrail milyonlarla yəhudinin məhvində iştirak etmiş nasist cinayətkarlarını illərlə izləyərək müxtəlif ölkələrdə tapıb cəzalandırıb. Buna nümunə kimi yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxsin- Adolf Eyxmanın oğurlanaraq, İsrailə gətirilib açıq məhkəmədə edam olunmasını göstərmək olar. Keçmiş Yuqoslaviyada da tribunal vasitəsilə müharibə cinayətkarları məhkəmə qarşısına çıxarılıb.

Bakıdakı məhkəmə prosesi göstərir ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün qondarma rejim yaratmış və onun rəhbər şəxsləri Ermənistanın əmri ilə Azərbaycan ərazilərində hərbi cinayətlər törətmişdir. Təqsirləndirilənlərin ifadələri, faktlar və videomateriallar sübut edir ki, qondarma rejim ordusu müstəqil qüvvə olmayıb, Ermənistan Ordusunun tam nəzarəti altında fəaliyyət göstərib.

Azərbaycan öz gücü və qətiyyəti hesabına, xalqına münasibətdə ədaləti təmin edərək, həm ərazi bütövlüyünü bərpa edib, həm də müharibə cinayətkarlarının mühakiməsinə nail olub. Bu proses göstərir ki, cinayətkarlar üçün təhlükə heç vaxt bitmir, ədalət hər zaman bərpa olunur və zamanın keçməsi heç bir cinayəti bağışlamır.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR