İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Apellyasiya Məhkəməsində Parisi “partladan” CİNAYƏT DOSYESİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb.

Musavat.com xatırladır ki, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın şikayətini qismən təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz rusiyalı oliqarx Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslərin Fərhad Əhmədovdan rüşvət tələb etdiyi, bunun müqabilində isə onun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini və beynəlxalq sularda sərbəst hərəkət edəcəyini bildirdikləri qeyd olunur. Bundan əlavə, tərəflərin Fərhad Əhmədovun özünün də sanksiyalardan qorunacağına dair vədlər verdiyi iddia edilir.

Ümumilikdə 6 milyon 140 min ABŞ dolları məbləğində rüşvət verilməsi ilə bağlı razılaşmanın əldə olunduğu bildirilir.

AG Partiyasının sədrinin birinci müavini Əhəd Məmmədli Musavat.com-a deyib ki, Benalla uzun müddət Makronun şəxsi mühafizə xidmətinin rəhbəri olub və onun ən yaxın çevrəsinə daxil sayılıb. Belə yüksək vəzifəli şəxsin beynəlxalq rüşvət sxeminə qoşulması təsadüfi deyil: “Benalla Makronun xəbəri və ya dəstəyi olmadan bu cür iri miqyaslı əməliyyatı həyata keçirə bilməzdi. Əldə olunan külli miqdarda vəsaitin bir hissəsinin Makron və ya onun siyasi komandası ilə bölüşdürülməsi ehtimalı yüksəkdir”. 

Screenshot_1.png (235 KB)

Sədr müavininin sözlərinə görə, bu hadisə təkcə bir cinayət işinin apellyasiya mərhələsində dəyişdirilən hökm kimi deyil, həm də Qərb siyasi elitalarının reputasiyası və beynəlxalq sanksiya mexanizmlərinin “satıla bilən xidmətə” çevrilməsi barədə ciddi suallar doğuran bir iş kimi qiymətləndirilməlidir: “Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzasının 12 ildən 9 ilə endirilməsi hüquqi prosedur çərçivəsində qiymətləndirilsə də, iş artıq çoxdan sırf məhkəmə zalının hüdudlarını aşaraq beynəlxalq siyasi və iqtisadi skandala çevrilib. İttihamların mərkəzində dayanan fiqurlar — Fransa prezidentinin keçmiş yaxın çevrəsindən olan Aleksandr Benalla və “SAUR” şirkətinin sabiq vitse-prezidenti Anass Derraz — sıradan texniki vəzifə sahibləri deyil. Onların adının rusiyalı oliqarx Fərhad Əhmədov ilə bağlı sanksiya mexanizmlərinin yumşaldılması və aktivlərin blokdan çıxarılması kimi həssas sahəyə çıxması işin mahiyyətini daha da ağırlaşdırır. Məhkəmə qaydasında təsbit olunub ki, məsələ məşhur “Luna” yaxtasının hüquqi statusu ətrafında qurulan və ümumilikdə 6 milyon dollardan artıq rüşvət razılaşması ilə bağlıdır. Burada söhbət təkcə bir yaxtanın azad edilməsindən getmir. Söhbət beynəlxalq sanksiya sisteminin kommersiya predmetinə çevrilməsi iddiasından gedir.

Bu məqamda siyasi suallar qaçılmaz olur. Çünki Emmanuel Makron administrasiyasının keçmiş mühafizə xidmətinin rəhbəri olmuş bir şəxsin belə bir şəbəkədə yer alması istər-istəməz ictimai diqqəti Yelisey Sarayının reputasiyasına yönəldir. Təbii ki, hüquqi baxımdan hər bir şəxs fərdi məsuliyyət daşıyır və məhkəmə hökmü olmadan siyasi rəhbərliyə birbaşa ittiham irəli sürmək doğru deyil. Lakin beynəlxalq siyasi praktika göstərir ki, prezident aparatının ən yaxın təhlükəsizlik çevrəsində baş verən qalmaqallar çox vaxt “fərdi hadisə” çərçivəsində qalmır, sistemin ümumi etibarlılığına kölgə salır”. 

Screenshot_3.png (815 KB)

Əhəd Məmmədli deyib ki, işdə diqqət çəkən digər məqam sanksiya mexanizmlərinin mahiyyəti ilə bağlıdır: “Qərb dövlətləri illərdir sanksiyaları beynəlxalq hüququn sərt aləti kimi təqdim edir. Lakin bu sistemin daxilində konkret şəxslər vasitəsilə rüşvət qarşılığında güzəştlərin müzakirə olunması iddiaları ortaya çıxarsa, bu, artıq təkcə hüquqi deyil, həm də institusional böhran sualıdır.

Bakı Apellyasiya Məhkəməsinin cəzanı qismən azaltması isə Azərbaycan məhkəmə sistemində prosedur təminatlarının və humanist yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Bu qərar eyni zamanda işin tam yekunlaşmadığını və hüquqi prosesin davam etdiyini göstərir”.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR