İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ilin hesabatı: İlham Əliyevin Vaşinqton diplomatiyası Cənubi Qafqazı dəyişdi

"2025-ci ilin 8 avqustundan etibarən bu tarix Azərbaycan diplomatiyasında yeni siyasi mərhələnin başlanğıcı kimi yadda qaldı. Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri, Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər və Azərbaycanla Ermənistan arasında paraflanmış sənəd Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən ən mühüm siyasi hadisələrdən biri oldu. Bir il sonra həmin prosesə nəzər saldıqda aydın görünür ki, bu, təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş diplomatik addım deyil, eyni zamanda regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasının başlanğıcı idi".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Qanunverici orqanın təmsilçisi bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan artıq beynəlxalq gündəliyi müəyyən edən dövlətlər sırasında yer alır. Onun sözlərinə görə, Vaşinqtonda əldə olunan nəticələr də məhz uzun illər ərzində ardıcıl şəkildə aparılan siyasətin məntiqi yekunu idi.

“Azərbaycan heç vaxt bölgədə müharibənin davam etməsində maraqlı olmayıb. Əksinə, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış edən ilk dövlət məhz Azərbaycan olub. Prezident İlham Əliyevin irəli sürdüyü beş baza prinsipi bu gün də Ermənistanla aparılan danışıqların əsas hüquqi və siyasi bazasını təşkil edir. Artıq beynəlxalq ictimaiyyət də qəbul edir ki, Cənubi Qafqazda müzakirə olunan sülh modelinin müəllifi Azərbaycandır".

Vaşinqton prosesi həm də ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, uzun illər enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik məsələlərində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu dəfə sülh diplomatiyasının əsas təşəbbüskarı kimi çıxış etdi: "Həmin dövrdə ABŞ Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsləri, Prezident İlham Əliyevlə aparılan siyasi dialoq və qarşılıqlı etimada əsaslanan yanaşma prosesin irəliləməsində mühüm rol oynadı. Bu isə bir daha göstərdi ki, Azərbaycan bütün böyük güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında münasibətlər qurmağı bacaran dövlətdir. Vaşinqtonda əldə olunan razılaşmalar yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir. Bu proses bütövlükdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması, regional kommunikasiyaların açılması, Orta Dəhlizin daha da güclənməsi və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması baxımından strateji əhəmiyyət daşıyır.

Regionda formalaşan yeni əməkdaşlıq platformaları, o cümlədən TRİPP layihəsi Cənubi Qafqazın qlobal nəqliyyat və iqtisadi sistemə inteqrasiyasını sürətləndirən mühüm mexanizmlərdən biridir. Azərbaycan isə bu prosesdə həm siyasi təşəbbüskar, həm də praktiki icraçı rolunu uğurla yerinə yetirir".

Müsahibimiz onu da bildirdi ki, son bir il ərzində baş verən hadisələr Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini və strateji baxışını bir daha təsdiqlədi. Azərbaycanın milli maraqlarına əsaslanan balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm regionun təhlükəsizlik arxitekturasını formalaşdıran əsas aktora, həm də beynəlxalq etimad qazanan etibarlı tərəfdaşa çevrilib".

“Sülh Azərbaycanın seçimidir, lakin bu sülh yalnız beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı öhdəliklərə əsaslanmalıdır. Prezident İlham Əliyevin müəllifi olduğu sülh gündəliyi artıq regional təşəbbüs çərçivəsini aşaraq beynəlxalq dəstək qazanan siyasi platformaya çevrilib. Bu gün Vaşinqton sənədinin bir illik nəticələrinə nəzər saldıqda aydın görünür ki, həmin proses təsadüfi diplomatik uğur deyil, Azərbaycanın milli maraqlarını əsas götürən düşünülmüş dövlət strategiyasının məntiqi nəticəsidir. Qarşıdakı dövrdə də bu siyasi kurs Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçılarından biri olacaq".

Cavanşir Abbaslı
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR