İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu Türk dövlətində rus dili rəsmiləşir – Təhlükəli presedent?

Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qazaxıstan yeni konstitusiyanın qəbuluna hazırlaşır. Sənəd layihəsində rus dilinin statusu dəyişməz saxlanılıb – o, əvvəlki kimi rəsmi dil olaraq təsbit edilir. “Dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı rus dili də rəsmi şəkildə istifadə olunur”, – Konstitusiya Məhkəməsinin saytında dərc olunan layihədə bildirilir.

Rəsmi statistikaya əsasən (2025) bu Türk dövlətinin 20 milyonluq əhalisinin 70 faizini qazaxlar, təxminən 18 faizini ruslar (3.5 milyon) yerdə qalanını isə başqa millətlər (özbəklər və s.) təşkil edir. Ruslar əsasən şimal bölgəsində, Rusiya ilə həmsərhəd ərazilərdə yaşayır.

Qazaxıstan rus hərflərindən imtina edir

Görəsən bir neçə milyon rusa görə rus dili niyə dövlət dili statusu almalıdır? Rəsmi Astana nədən təzədən rus dilinə bunca sayğı göstərməyə ehtiyac duyub? Bu zərurət konkret hansı əndişədən qaynaqlanır – ölkədəki rus icmasına görəmi? Yoxsa bu, Ukrayna (Donbas) ssenarisindən dolayı bir ön tədbir? Elə isə qarşılığında Rusiyanın Qazaxıstana torpaq iştahı azalacaqmı?

Məsələ həm də ondadır ki, işğalçı müharibədən qabaq rus dili Ukraynada da rəsmi status daşıyıb. Gəl ki, bu, Putini qonşu dövlətə qarşı hərbi təcavüzdən çəkindirmədi.

Bəs Moskva “Qazaxıstan nümunəsi”ni əsas götürüb digər postsovet Türk ölkələrindən də eyni şeyi tələb edə bilərmi? Yeri gəlmişkən, bir neçə ay öncə Putin guya xoş məramdan çıxış edərək və ikitərəfli əlaqələrin möhkəmliyinə eyham vuraraq, “Azərbaycanı faktiki rusdilli ölkə” adlandırmışdı...

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a qeyd edib ki, hazırda Qazaxıstanda rusların sayı xeyli azdır və belə bir şəraitdə ölkədə rus dilinin rəsmi statusunun saxlanılması anlaşılan deyil:

“Hər şeydən əvvəl statistikanı dəqiqləşdirmək lazımdır. Qazaxıstanda hazırda əhalinin ən azı 72 faizi etnik qazaxlardır. Rusların payı isə təxminən 15 faizə düşüb və onların sayı 3 milyondan da azdır. Bundan başqa, 3–4 faiz aralığında özbəklər yaşayır. Əlavə olaraq, müxtəlif türk xalqlarının nümayəndələri – azərbaycanlılar, tatarlar, başqırdlar, axıska türkləri, Krım türkləri, qırğızlar, türkmənlər və başqaları da bu ölkədə məskunlaşıblar. Yəni ümumi mənzərəyə baxdıqda, əhalinin 80 faizindən çoxu qeyri-rus, türk əsillidir. Bu xalqlar qazaxlardan ayrı deyil, söhbət bütövlükdə türk xalqlarından gedir.

Belə bir şəraitdə ölkədə rus dilinin rəsmi statusunun saxlanılması açıq desək, başa düşülən görünmür. Əgər Rusiya öz ərazisində yaşayan milyonlarla türk xalqlarının dillərini sıxışdırır, onları faktiki olaraq ictimai həyatdan kənarlaşdırırsa, bunun qarşılığında qardaş Qazaxıstanın növbəti mərhələdə rus dilini rəsmi dil kimi saxlaması suallar doğurur.

Tarixi kontekstdə bu vəziyyət müəyyən qədər anlaşılan idi. Sovet hakimiyyəti dağılan dövrdə Qazaxıstan əhalisinin təxminən 46 faizi rus, 46 faizi qazax idi – yəni demək olar ki, yarıbayarı bir nisbət mövcud idi. O zaman rus dilinin rəsmi statusda qalması başadüşülən sayılırdı. Üstəlik, həmin dövrdə rusdilli qazaxların sayı da kifayət qədər çox idi və bir çoxları ana dilini bilməsə də, rus dilində sərbəst danışa bilirdi.

Lakin bu gün vəziyyət köklü şəkildə dəyişib. Qazaxıstan əhalisi 16 milyondan 20 milyonu ötüb. Bu illər ərzində milyonlarla rus Qazaxıstanı tərk edib. Paralel olaraq qazaxlar öz ana dillərini daha geniş şəkildə mənimsəyiblər və rus dili olmadan da rahat ünsiyyət qura, dövlət və ictimai həyatda iştirak edə bilirlər. Artıq rus dilinə əvvəlki kimi ehtiyac hiss olunmur. Belə bir şəraitdə dövlətin də xalqın bu seçiminə uyğun addım atması gözləniləndir. Lakin müşahidə olunur ki, rus dilinin statusunu bundan sonra da qoruyub saxlamaq niyyəti mövcuddur. Ukrayna ilə müqayisələr aparılır. Orada da vaxtilə “rus dili sıxışdırılır” kimi iddialar irəli sürülürdü və bu, müdaxiləyə bəhanə kimi təqdim edilirdi. Zaman göstərdi ki, bu iddiaların əksəriyyəti əsassız idi və rus dilinin sıxışdırılması ilə bağlı real faktlar mövcud deyildi. Sual yaranır: türk dövləti olan Qazaxıstanda rus dili niyə indi də rəsmi statusda qalmalıdır?”

Azər Həsrət bara gedən qızlar haqda dediklərinə aydınlıq gətirdi »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Azər Həsrət qeyd edib ki, əgər Qazaxıstan bu statusu davam etdirərsə, bu məsələ təkcə onun daxili işi olaraq qalmayacaq, həm də digər türk dövlətləri üçün də presedent yarada bilər. Qazaxıstan bu amili mütləq nəzərə almalıdır.

“Məsələ təkcə Qazaxıstanla bağlı deyil, bu yanaşma Azərbaycan və digər türk dövlətləri üçün də müəyyən nəticələr doğura bilər. Ona görə də Qazaxıstan rəhbərliyinin bu mövzu üzərində ciddi düşünməsi, cəmiyyətin də öz mövqeyini aydın ifadə etməsi vacibdir. Burada söhbət rus dilinin qadağan olunmasından getmir. Söhbət ondan gedir ki, rus dilinə rəsmi status verilməsin. Dövlət qurumları və vətəndaşlar niyə rəsmi yazışmaları paralel olaraq rus dilində aparmalıdırlar? Buna hansı zərurət var Tarix göstərir ki, rus imperiya siyasəti Qazaxıstanda dərin izlər buraxıb. İstər demoqrafik dəyişikliklər, istər repressiyalar, istərsə də təbii sərvətlərin istismarı bu ölkənin yaddaşında qalmaqdadır. Müstəqillik əldə olunduqdan sonra bu irsdən mərhələli şəkildə uzaqlaşmaq da təbii proses sayılmalıdır.

Bu gün Qazaxıstan müstəqil dövlətdir. Cəmiyyət azaddır. Bu azadlıq yalnız siyasi deyil, həm də dil və kimlik məsələlərində özünü göstərməlidir. Rus dilinin rəsmi statusda qalması isə bu müstəqillik fəlsəfəsi ilə müəyyən ziddiyyət yaradır”, deyə siyasi şərhçi vurğlayıb. Azər Həsrət həmçinin sonda qeyd edib ki, nə qədər ki, rus dilinin Rusiya hüdudlarından kənarda rəsmi statusu qalır, bu, Moskvanın təsir imkanlarını qoruyub saxlamasına xidmət edir: “Qazaxıstanın atacağı addımlar təkcə öz daxilinə deyil, bütövlükdə türk dünyasına təsir göstərə bilər. Buna görə də bu məsələ olduqca həssas və strateji yanaşma tələb edir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR