İnsanlara hürriyət, millətlərə istiqlal!

“Burada lider faktorunun nə dərəcədə böyük önəm daşıdığını görməmək mümkün deyil”

Milli Məclisin plenar iclasında çıxış edən deputat Sahib Alıyev əvvəlcə Azərbaycanla bir sıra ölkələr arasında vizasız gediş-gəlişlə bağlı əldə olunmuş razılaşmaları təqdir edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bu kimi razılaşmaların sayının artması həm də Azərbaycana gələcək turistlərin sayına təsirsiz ötüşməyəcək:

““Henley & Partners” beynəlxalq konsaltinq şirkətinin 2025-ci il üçün tərtib etdiyi reytinq cədvəlində Azərbaycan pasportu dünyanın 193 ölkəsinin arasında 70-ci yerdədir. Yəni Azərbaycan vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedib-gələ bilirlər ki, bu gün təsdiqlədiyimiz anlaşmalardan sonra onların sayı artacaq.

Düzdür, indi vizasız gediş-gəliş haqda anlaşma imzalanan bu 7 ölkənin çoxu turist göndərən yox, turist cəlb edən, turistə ehtiyac duyanlardır, amma vizasız gediş-gəliş olan ölkərin sayının bütövlükdə artması həm də Azərbaycana gələcək turistlərin sayına təsirsiz ötüşməyəcək ki, bu da cəmiyyət olaraq bizim üzərimizə ayrıca məsuliyyət qoyur.

Baxın, gələcəkdə turistlərin ən çox üz tutacaqları bölgələrimizin içərisində işğaldan azad edilənlər ön sırada olacaq ki, onlardan da biri Kəlbəcərdir. Kəlbəcərin adını ona görə çəkdim ki, bu gün Azərbaycan ordusunun bir güllə atmadan ora qədəm basmasından beş il keçir ki, o bölgədə yaşamış və yaşayacaq soydaşlarımız qarışıq hər kəsi təbrik edirəm”.

Sahib Alıyev əlavə edib ki, hazırda Kəlbəcərdə böyük quruculuq işləri gedir.

Ardınca onu narahat edən məsələlərdən bəhs edib. Deputat bildirib ki, işğaldan azad olunan ərazilərə gələcək turistləri quruculuq işləri ilə yanaşı, təbiəti əzizləməklə də heyrətləndirməliyik:

“Çox təəssüf ki, ən çox yay aylarında biz sosial şəbəkələrdə təbiətlə necə nankorcasına davranıldığını, orqanik olmayan, ətraf mühitə böyük zərər yetirən zibillərin orada buraxılıb gedildiyini göstərən onlarla, bəlkə də yüzlərlə video paylaşılır. Özü də bütün bunlar az qala hər metrində şəhid qanı olan, qazi qolu, qıçı, gözü itirilən torpaqlarımızda baş verir.

Ümid edirəm ki, bunlar bir daha təkrarlanmayacaq və bu gün işağaldan azad olunan torpaqlarımıza ayaq basan əcnəbiləri oradakı quruculuq işləri ilə necə heyrətləndiririksə, yüksək birgəyaşayış mədəniyyətimiz, öz gözəl təbiətimizi əzizləməyimizlə, ona sayğıyla yanaşmamızla da o cür heyrətləndirəcəyik".

S.Alıyev ardınca deyib:

“Kəlbəcərdən söz düşmüşkən, bu gün Ukraynada və Ukraynaya yanaşmada baş verənlərin fonunda torpaqlarımızın azad edilməsinin, Kəlbəcərin timsalında isə bir güllə atmadan azad edilməsinin necə bir uğur olduğunu və burada lider faktorunun nə dərəcədə böyük önəm daşıdığını görməmək mümkün deyil.

Xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda İctimai Televiziyaya açıqlaması da təsdiqlədi ki, vasitəçinin əslində elə həm də tərəf olduğu yəqin o səbəbdən də çox uzun davam edən danışıqlar cənab İlham Əliyevin milli maraqlarımızı çox həssaslıqla və prinsipiallıqla qoruması, qarşıdakına gələcəkdə əleyhimizə yönələləcək manevr üçün fürsət tanıyacaq nəyinsə qalmasına imkan verməməsi nəticəsində belə uğurlu bitmişdi”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR