İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev yeni qlobal güc modelini dünyaya təqdim edir: Azərbaycan Türk dünyasının cazibə mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev yeni qlobal geopolitik, geostrateji və geoiqtisadi güc mərkəzinin formalaşdırılmasını artıq reallığa çevirmək üzrədir... İndi baş verənlər, həm də Azərbaycanın, böyük bir strateji coğrafiyanın lideri statusu ilə yeni dünya nizamının avanqard ölkələri sırasında yer ala biləcəyi anlamına da gəlir...

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfərinin yekun nəticələri böyük qlobal əhəmiyyət daşıyır. Çünki bu önəmli səfərin əsas hədəfləri geopolitik, geostrateji və geoiqtisadi maraqlar ilə yüklənib. Ona görə də, bu səfər çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin imzaladığı ortaq Bəyannamə böyük maraq doğurur. Çünki bu önəmli sənəd yaxın gələcəkdə yeni qlobal geopolitik yerdəyişmənin əsas konturlarının təyin olunması baxımından, həlledici fəaliyyət proqramına çevrilə bilər.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Orta Asiya regionu yeni dünya düzəninin formalaşması prosesində xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir. Belə ki, Orta Asiya regionu geostrateji coğrafi məkan olaraq, dünya nəhəngləri üçün də olduqca cəlbedici bölgədir. Eyni zamanda, bu region təbii sərvətlər və enerji resursları ilə də çox zəngindir. Və bu baxımdan, hazırda Orta Asiya çoxvektorlu geopolitik maraq toqquşmalarının qabarıq şəkildə müşahidə olunduğu regiona çevrilməkdədir.

merkezi-asiya.jpg (66 KB)

Məsələ ondadır ki, Kreml Orta Asiyanı Rusiyanın nəzarət bölgəsi hesab edir. Bu regiona Rusiyanın nüfuz etməsinə olduqca ciddi qıcıqla yanaşır. Kreml Orta Asiyanın Rusiyanın geopolitik orbitində qalması üçün əlində olan bütün təsir mexanizmlərdən istifadə etməyə çalışır. Ancaq Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşməsi Kremlin bu regionda manevr imkanlarını ciddi şəkildə zəiflədib. Və bu baxımdan, Rusiyanın yaxın gələcəkdə Orta Asiya regionunda ənənəvi hegemonluq potensialını qoruyub, saxlaya biləcəyi artıq qətiyyən inandırıcı görünmür.

Təbii ki, Orta Asiya ölkələrinə iqtisadi cəhətdən hər hansı cəlbedici perspektiv təklif edə bilməyən Rusiyanın itirdiyi regional mövqelərə tədricən digər qlobal güc mərkəzləri yerləşməyə çalışır. Xüsusilə də, bu regiona qonşu olan Çin Orta Asiyada öz maliyyə-iqtisadi iştirakını ciddi şəkildə genişləndirib. Düzdür, bu, yeni maliyyə-iqtisadi qaynaqlara və iqtisadi-ticari əməkdaşlıq alternativlərinə ehtiyacı olan Orta Asiya ölkələrinə də sərfəli görünür. Ancaq regionda Rusiyadan boşalan geopolitik orbitr yerinin Çinin timsalında doldurulması orta və uzaq perspektiv üçün təhlükəlı prosesdir.

Ona görə də, təbii sərvətlər və enerji resursları ilə zəngin Orta Asiya ölkələri daha genişmiqyaslı, eləcə də çoxvektorlu iqtisadi-ticari əməkdaşlıq istiqamətlərinə ehtiyac duyurlar. Yəni, bu ölkələr Rusiya və Çinin arasında sıxışıb, qalmaq, bu iki nəhəng dövlətdən asılı vəziyyətə düşmək istəmirlər. Və bu baxımdan, Orta Asiya ölkələrinin tədricən dünyaya açılmaq istiqamətində qətiyyətli və prinsipial addımlar atması tamamilə başadüşüləndir.

az-orta-turk.JPG (59 KB)

Maraqlıdır ki, bütün bunları nəzərə aldıqda, Azərbaycanın Orta Asiya ölkələri üçün açar dövlət olduğu da qətiyyən şübhə doğurmur. Belə ki, məhz Azərbaycan coğrafi mövqeyi və logistika infrastrukturu baxımından, Orta Asiya ölkələri üçün yeganə qlobal iqtisadi-ticari əməkdaşlıq "pəncərə"si rolunu oynamaq imkanlarına malikdir. Yəni, Orta Asiya ölkələri indiki mərhələdə yalnız Azərbaycan üzərindən dünyaya açılmaq şansı qazana bilərlər.

Bu önəmli məqamlar da onu göstərir ki, Azərbaycanın Orta Asiya Məşvərət görüşünə tamhüquqlu üzv statusunda qəbul edilməsi hər iki tərəf üçün geostrateji əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan bu regionun ölkələrinə dünyaya açılmaq üçün geniş imkanlar təqdim edir. Eyni zamanda, rəsmi Bakı Azərbaycanın Orta Asiya regionunda həlledici mövqeyə malik geopolitik oyunçuya çevrilməsi üçün önəmli manevr məkanı qazanır. Və bu prosesin nəticəsində ortaya çıxa biləcək ümumi situasiyanın inkişaf istiqamətlərini təxmin etmək artıq o qədər də çətin deyil.

Məsələ ondadır ki, Azərbaycan üçün Orta Asiya ölkələri ilə ortaq iqtisadi-ticari maraqların formalaşdırılması tamamilə sərfəlidir. Belə ki, bir tərəfdən, Orta Asiya Azərbaycan üzərindən həm Avropa, həm də dünyanın digər regionları ilə genişmiqyaslı iqtisadi-ticari əməkdaşlıq prosesini intensivləşdirəcək. Bundan həm Azərbaycan, həm də Orta Asiya ölkələri qazanmış olacaq. Digər tərəfdən isə bu proses Azərbaycana Orta Asiyada yeni investisiya məkanı açmış olacaq. Və rəsmi Bakı region ölkələri ilə ortaq geoiqtisadi layihələrin reallaşdırılması imkanları qazanacaq.

f3e80fa356d1e898c857ae356fb8b5c2_5455218.jpg (238 KB)

Təbii ki, geoiqtisadi maraqların uzlaşması birmənalı şəkildə geopolitik və geostrateji hədəflərində mərkəzləşdirilməsinə ehtiyac yaradır. Yəni, Prezident İlham Əliyevin Qırğızıstana səfərindən və Orta Asiya Məşvərət görüşündə ortaq Bəyannamənin imzalanmasından sonra Azərbaycanla bu region ölkələrinin vahid geopolitik, eləcə də, geostrateji hədəflər üzrə hərəkət edəcəkləri qətiyyən şübhə doğurmur. Və bu, yeni qlobal düzənin formalaşmaqda olduğu indiki taleyüklü mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi-diplomatik uğurudur.

Göründüyü kimi, Prezident İlham Əliyevin çoxgedişli geopolitik kursu sayəsində dünyaya yeni qlobal güc mərkəzi təqdim olunmaqdadır. Rəsmi Bakı bu geopolitik kurs üzərindən Türk dünyasının daha ciddi şəkildə təşkilatlanmasına yeni impuls verməyə başlayıb. İndi bu prosesin inkişafı ilə "Böyük Türküstan" layihəsinin də önü ciddi şəkildə açılmış kimi görünür. Eyni zamanda, Prezident İlham Əliyevin Qırğızıstana səfərinin yekun nəticələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinin də sürətlənəcəyi qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, Prezident İlham Əliyev yeni qlobal geopolitik, geostrateji və geoiqtisadi güc mərkəzinin formalaşdırılmasını artıq reallığa çevirmək üzrədir. Üstəlik, bu istiqamətdə təşkilatlanmanın da məhz Azərbaycan mərkəzli olacağı qətiyyən şübhə doğurmur. Bu, o deməkdir ki, prezident İlham Əliyev Azərbaycanı geopolitik, geostrateji və geoiqtisadi cazibə mərkəzinə çevirməkdədir. Və indi baş verənlər, həm də Azərbaycanın, böyük bir strateji coğrafiyanın lideri statusu ilə yeni dünya nizamının avanqard ölkələri sırasında yer ala biləcəyi anlamına da gəlir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR